Suriyada proseslər göründüyü kimi tamamilə yekunlaşmayıb. Türkiyə terror problemini kökündən həll etmək niyyətindədir. Reallıq onu deyir ki, Türkiyə PKK problemini indiki mərhələdə həll edə bilməsə, gələcəkdə o problemdən başı indikindən daha çox ağrıyacaq. Ona görə də Türkiyənin hazırkı siyasətini anlamaq çətin deyil.
Rəsmi Ankara açıq şəkildə bəyan edir ki, silahı yerə qoymasalar, həbi əməliyyata start verəcəklər. Məsələ ondadır ki, Türkiyə əməliyyatları heç dayandırmayıb da. Havadan yəni, aviasiya və PUA-lar vasitəsi ilə zərbələr endirməkdə davam edir. Bundan əlavə, Türkiyə Suriya ərazisinə kifayət qədər qoşun yerləşdirə bilib. Yəni PKK və PYD silahı yerə qoymasa, Türkiyənin atacağı addım məlumdur. Hətta həbsdəki Abdullah Öcalanın belə bu məsələdə müsbət mesajları Türkiyənin nə qədər ciddi olması ilə bağlıdır. Kürd qrupların təslim olacağı o qədər də inandırıcı deyil. Birincisi, ABŞ və İsrail faktoru var. Hər iki ölkə bu günə qədər həm böyük maliyyə ayırıb, həm də silahlandırıb. İkincisi isə kürd probleminin aradan qalxması Türkiyənin əl-qolunu açmış olacaq. Türkiyə regionda və qlobal aləmdəki proseslərə daha çox qoşula biləcək. Ona görə də Türkiyənin işi asan olmayacaq. Ancaq Türkiyə azad olmaq istəyirsə, bu problemi kökündən həll etmək məcburiyyətindədir.
Kürdüstanın yaranması layihəsi təkcə Türkiyəni yox, həm də Suriya, İraq və İranı da narahat edir. İran Suriyadakı proseslərdən sonra qınına çəkilmiş kimi görünsə də, maraqlıdır ki, PKK və PYD-yə silah yardımı etmək iddialar var.
İranı da anlamaq mümkündür. Çünki bu günə qədər proksilərinə milyardlarla dollar vəsait xərcləyib. Bir anda bundan asanlıqla imtina edə bilməz. İran həm də tamamilə qınına çəkilmiş olsa, düşmənləri sərhədində peyda olacaq. İran maksimum çalışacaq ki, sərhədlərinə gələnə qədər bir çox məsələləri həll etsin. Trampın İranla bağlı səsləndirdiyi fikirlərə gəldikdə, ABŞ üçün İranın hədəfdə olduğunu görə bilərik. Yəni İran özünü qorumaq üçün ağla gələn və gəlməyən bütün variantlardan istifadə etməyə çalışacaq. İran nədənsə elə düşünür ki, ona təhlükə Azərbaycan və Türkiyədən gələcək. Ona görə də hər iki ölkəni hədəf alır, ən azı informasiya sahəsində hücumlar həyata keçirir.
İranla Azərbaycan bəlkə də ən dəyişkən qonşuluq münasibətində olan ölkələrdir. İki ölkə arasında münasibətlər zaman-zaman kəskinləşir, yaxud hamar olur. İranın Azərbaycan siyasəti həmişə ona qarşı təhdid olanda dəyişir. Misal üçün İsraillə, ABŞ ilə münasibətlər kəskinləşən kimi, İran Azərbaycanı hədəf alır. Azərbaycan İran üçün İsrail və ABŞ-ni şantaj etmək üçün bir vasitədir. Azərbaycan hər nə qədər Qərblə siyasi baxımdan məsafəli olsa da, iqtisadi baxımdan Azərbaycanın Qərblə münasibətlərində problem yoxdur. Azərbaycan siyasi baxımdan Rusiya ilə yaxın görünsə də, əslində, dövlət büdcəsini Qərbə satdığı enerji daşıyıcılarının hesabına doldurur. Yəni İranın Azərbaycanı Qərbə görə hədələmələri məntiqlidir. Rəsmi Bakı İranla münasibətlərdə, siyasi gərginliklərdə, demək olar, müstəqillikdən bu günə qədər heç vaxt geri addım atmayıb. Ən zəif dönəmlərdə belə İranın təhdidləri qarşısında hansısa güzəştə gedilməyib. İndi də bunun olacağını düşünmürəm.
İranın Cənubi Qafqazla bağlı planlarını həyata keçirə bilməməsinin başlıca səbəbkarı Rusiya faktorudur. Ümumiyyətlə, İranın Cənubi Qafqazla bağlı Rusiya ilə razılaşdırmadan hər hansısa addım atdığını düşünmürəm. Hətta deyərdim ki, bu imkansızdır.
Məlum Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Azərbaycanla Rusiya münasibətləri də diqqət mərkəzindədir. Qərb ölkələri hətta Rusiya ilə Azərbaycan münasibətlərinin kəskinləşə biləcəyini ön görür. Məsələ ondadır ki, rəsmi Bakının Rusiya ilə siyasi gərginliyə gedəcəyini düşünmürəm. Təyyarənin vurulması məsələsində Azərbaycan tərəfinin mövqeyi kifayət qədər sərt və aydın idi. Ancaq prosesin bundan o yana gedəcəyi inandırıcı deyil. Çünki siyasi gərginlik nə Rusiyanın işinə yarayar, nə də Azərbaycanın. Bu Rusiyadan yararlanmaq varkən qarşına almaq fayda verməz.
www.yenicag.az