“Rəsmi Tehran Xəzərdə daha çox ərazi suları qazanmağı və dəniz sərhədini xeyli irəli çəkməyi düşünürdü”.
Bu sözləri Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin sammitində dənizin hüquqi statusunu müəyyənləşdirən Konvensiyanın imzalanmasını şərh edən ekspert Natiq Cəfərli deyib.
Natiq Cəfərlinin sözlərinə görə, Konvensiyanın imzalanmasında ən maraqlı məqamlardan biri İranın bəzi iddialarından geri çəkilərək, Rusiyaya güzəştə getməsi olub:
“Bildiyiniz kimi, Xəzərin statusunun müəyyən edilməsilə bağlı danışıqlar prosesinə 1997-ci ildən start verilib. Bu məsələdə 5 sahilyanı ölkənin hər birinin özünəməxsus tələbləri var idi. Uzun sürən müzakirələrdən sonra, Aktau sammitilə nəhayət müəyyən ortaq məxrəcə gəlindi.
Xəzərin su hövzəsi adlandırılmasına gəldikdə isə bu təklif Rusiya tərəfindən irəli sürülüb və əsasən, İranla bağlı olub. İran bildirirdi ki, Xəzərin statusu əvvəllər SSRİ ilə İran arasında bağlanan müqavilə əsasında tənzimlənirdi. Ancaq indi SSRİ yoxdur, Xəzəryanı dövlətlərin sayı da 5-ə çatıb. Bu əsasda da İran iddia edirdi ki, Xəzər dəniz konvensiyasına daxil olmalıdır.
Belə olan halda rəsmi Tehran daha çox dəniz suları qazanmağı, sərhədini daha irəli çəkməyi düşünürdü. Lakin digər ölkələr, o cümlədən Rusiya buna razı deyildi. Çünki bu halda az qala Xəzərin üçdə biri İrana məxsus olacaqdı. Düşünürəm ki, məhz bu səbəbdən statusda dəyişiklik edildi, Xəzər dəniz statusundan çıxarıldı.
Rusiya burada vacib geosiyasi zaman seçimi də etdi. Çünki İranın hazırda kənar dəstəyə böyük ehtiyacı yaranıb. Moskva gələcəkdə ABŞ-la rəqabətdə İranı dəstəkləmək vədi ilə Tehranı status məsələsində güzəştə getməyə razı saldı”.
ELÇİN
www.yenicag.az