İrana yeni təyin edilmiş səfir kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Əlizadə Azərbaycanın İran islam Republikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yenicag.az Əli Əlizadənin tərcümeyi-halını təqdim edir:

Ə.Əlizadə 1978-ci iyun 21-də Naxçıvanda anadan olub. 1994–1998-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda tərcüməçi-referent ixtisası üzrə bakalavr pilləsində, 2005–2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb.

2002–2003-cü illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsində protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı məsləhətçi-mühasib əvəzi işləyib. 2003–2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib, viza-pasport məsələləri üzrə baş məsləhətçi əvəzi, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi əvəzi kimi çalışıb. 2005-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində rəis əvəzi olub, aprel ayından isə idarə rəisi vəzifəsində işləyib. 2005-ci ilin dekabrından Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi olub.

2010-cu il iyulun 6-da İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, eyni zamanda birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə yiyələnib. Buna qədər Ə.Əlizadənin diplomatik rütbəsi müşavir olub. 5 aprel 2016-cı ildə həmin vəzifədən geri çağırılaraq, 2 may 2016-cı ildə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 iyul 2021 tarixində isə geri çağrılmışdı.

İngilis, rus, türk dillərini bilir.

Ailəlidir, üç övladı var.