İranda ali-siyasi kriz?-Xamneyi ilə Ruhani arasında problem var, yoxsa?
İranın dini lideri Xamneyi bu yaxınlarda deyib ki, “ABŞ bizim üçün təhlükədir, ordu hazır olmalıdır”.
Qeyd edək ki, Xamneyinin bu fikrindən bir qədər öncə İsveçrədə altılıqla İran arasında bu ölkənin nüvə potensialından əl çəkməsilə bağlı razılaşma əldə olundu. Bu fonda artıq Qərbin İrana qarşı sanksiyaları ləğv edəcəyi də bildirilirdi. Lakin belə bir ərəfədə, yəni İran-ABŞ münasibətlərinin yaxınlaşması fonunda Xamneyi vəziyyəti qəlizləşdirəcək fikirlərlə gündəmə gəlir. Görəsən, münasibətlər normallaşan ərəfədə Xamneyinin bu mövqeyi nədən xəbər verir? Prezident artıq ali dini rəhbərdən icazəsiz hərəkət edir? Xamneyinin əvvəlki kəsəri qalmayib?
Yenicag.az-a açıqlamasında AMİP sədrinin siyasi məsələlər üzrə müavini Elşən Mustafayev bildirdi ki, dini lider həmin açıqlaması ilə danışıqlar prosesində İrana münasibətdə bəzi güzəştlərin əldə olunmasına çalışır: “Öncə qeyd edim ki, altılıq ölkələri ilə Tehran arasında Cenevrədəki razılaşma hər iki tərəfə xeyirlidir. İran sanksiyalardan iqtisadi baxımdan ciddi ziyan çəkirdi. Eyni zamanda, İrana qarşı sanksiyaların qalması Qərblə Rusiyanın münasibətlərinin korlanması fonunda Moskvaya Tehranın qismində bir müttəfiq qazandıra bilərdi. Buradan belə görünür ki, Qərb və İran sözügedən razılaşmada maraqlıdır. Xamneyinin “ABŞ bizim üçün təhlükədir, ordu hazır olmalıdır” fikrinin nədən qaynaqlanmasına gəldikdə isə, düşünmürəm ki, burada ali dini liderlə İranın siyasi rəhbərliyi arasında fikir ayrılığı yaranıb. Onlar arasında hər hansı bir fikir ayrılığının olduğuna inanmıram. Görünür, İranın ali dini liderinin bu ifadələri işlətməsi qarşı tərəfə sanksiyaların aradan qaldırılması prosesində tələb olunan şərtləri yumşaltmağa hesablanmış addımdır. Bu fikirlər danışıqlarda Qərbdən İrana münasibətdə müəyyən yumşaqlıq əldə etməyə hesablanıb. Yəni bu İran rəsmilərinin ölkədəki bəzi qüvvələrin həmin razılaşma əleyhinə olduğunu göstərməklə, danışıqlarda şərtlərin yumşaldılmasına çalışmaq cəhdidir”.
Elçin