İranda kürd təşkilatları HƏRƏKƏTƏ KEÇİR – PJAK hökumətə qarşı ÇAĞIRIŞ ETDİ
May ayında özünü buraxdığını elan edən PKK-nın İran qolu olan PJAK bütün kürd təşkilatlarını İran rejiminə qarşı birləşməyə çağırıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilir ki, PJAK və digər kürd partiyaları, İsrailin son hücumlarından sonra İranın zəifləyə biləcəyini hesab edərək yeni hərbi-siyasi təşəbbüslər üzərində düşünürlər. PJAK-ın liderlərindən biri olan Peyman Viyan təşkilatın silahı buraxmaq fikrində olmadığını bildirərək, PKK lideri Abdullah Öcalanın bu yöndəki çağırışlarının PJAK-a şamil edilmədiyini vurğulayıb.
İran Kürdüstan Demokrat Partiyası (İKDP) və Komala kimi köklü kürd partiyaları da vəziyyəti dəyərləndirərək Tehrana qarşı daha geniş bir ittifaqın qurulmasını gündəmə gətirib. Məlumata görə, “İran Kürdüstanı Siyasi Partiyaları Koordinasiya Mərkəzi”nin yenidən aktivləşdirilməsi planlaşdırılır.
Təxminən 10-12 milyon kürdün yaşadığı İranda etnik narazılıqların artdığı bildirilir. Regiondakı ekspertlərə görə, PJAK-ın PKK ilə əlaqələri və hərbi hazırlığı onu digər kürd qruplarına nisbətən daha təsirli edir.
Digər tərəfdən, İran rejiminin bölgədəki mümkün silahlı hərəkətliliyə qarşı genişmiqyaslı təhlükəsizlik tədbirləri gördüyü və kürd əhalisinin “rejimə casusluq” şübhəsi ilə təzyiqlərə məruz qaldığı qeyd edilir.
Mütəxəssislər bildirirlər ki, əgər ABŞ-İsrail hücumları genişlənərsə və İran zəifləyərsə, PJAK və digər qruplar Suriyadakı kimi lokal özünüidarə formaları qurmağa çalışa bilər. Bu isə nə tam müstəqillik, nə də tam inteqrasiya, lakin Öcalanın ideoloji xəttinə uyğun “öz modelini yaradan idarəetmə” forması ola bilər.
Rafi Müslümov