“İranda son durum və Güney Azərbaycan Milli Hərəkatı”

dak-konfrans12022016-3-650x25012 fevral 2016-cı il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə konfrans keçirilib. “İranda son durum və Azərbaycan Milli Hərakatı” mövzusuna həsr olunmuş tədbirdə müxtəlif siyasi-ictimai qurumların, qeyri-hökümət təşkilatlarının nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.

“İrana qarşı Qərbin yumşalan siyasəti bizi hər hansı bir ümidsizliyə salmamalıdır”

Tədbiri DAK həmsədri Sabir Rustəmxanlı açaraq dünyada gedən siyasi dəyişikliklər fonunda İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyaların götürüldüyü bir şəraitdə məsələnin mahiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunu qeyd edib: “İrana qarşı Qərbin yumşalan siyasəti bizi hər hansı bir ümidsizliyə salmamalıdır. Heç bir siyasi proses öz təbii haqları uğrunda mübarizə aparan 35 milyonluq Güney Azərbaycan türkünün iradəsini sındıra bilməz. Bu hərəkat İrana sanksiyadan əvvəl də vardı, sonra da olacaq. Milyonlarla güneyli soydaşımızın, İran türklərinin əzilən haqlarının müdafiəsi, böyük bir xalqın azadlıq duyğuları beynəlxalq siyasətin hökmləri ilə idarə oluna bilməz. Bu məqsədlə biz vaxtaşırı dünya azərbaycanlılarını təmsil edən, birləşdirən bir qurum olaraq məsələni daim gündəmdə saxlamağa çalışırıq. İndiki şəraitdə baş vermiş dəyişikliklər bizi vadar edir ki, məsələyə bu günün şərtlərindən baxıb, Güney Azərbaycan Milli Hərəkatının gələcək perspektivlərini dəyərləndirək, mahiyyətcə yeni mərhələyə qədəm qoymuş qlobal dünya siyasəti içində onun artan dinamikasını təmin edən keyfiyyətcə adekvat bir yolu izləyə bilək. Bu baxımdan ziyalıların, siyasilərin bu proseslərdə aktiv iştirakı vacibdir. DAK İdarə Heyəti, bütün üzvləri adından hər kəsi, bütün cəmiyyəti, intellektual kəsimi bu məsələdə daha aktiv olub öz qüvvələrini birləşdirməyə çağırıram”.

“Azərbaycanda İranla, Güney Azərbaycanla bağlı siyasi tədqiqatlar institutu yaradılmalıdır”

S.Rüstəmxanlı Güney Azərbaycanla bağlı dünyada, Avropada, xüsusilə Azərbaycanda siyasi institut olmalıdır: “Xarici ölkələrdə İranla bağlı müxtəlif siyasi institutlar fəaliyyət göstərir. Azərbaycanda yalnız Güney Azərbaycanın ədəbiyyatını araşdıran elmi institut var. Ancaq siyasi tədqiqatlar institutunun yaradılması da vacibdir, İranda, Güney Azərbaycanda gedən prosesləri öyrənib, gələcəyi üçün strateji həfəfləri müəyyənləşdirsin. DAK-ın nəzdində Strateji Araşdırmalar Mərkəzi var, ancaq siyasi partiyaların, qeyri-hökümət təşkilatlarının nümayəndələrindən ibarət bir qurum da yaratmaq olar”.

“Milli Hərəkatın təşkilatlanması yüksək səviyyədədir, horizantal deyil, üfüqi xarakter daşıyır”

Mövzu ilə bağlı əsas məruzəçilərdən olan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy Güney Azərbaycan Milli Hərakatının xarakterik cizgilərini göstərən elmi-siyasi təhlilində hərəkatın təşkilatı strukturundan, mövcud rejimə uyğun seçilmiş taktikasından, onun hərəkət mexanizmlərindən, imkanlarından danışıb: “İranın dünyaya açılmasının təhlükəli, riskli, həmçinin Güney Azərbaycan Milli Hərəkatına zərər verəcəyi hesab edilir. Ancaq fikrimcə, İranın qlobal sistemə açılımı həm özü, həm də milli hərəkat üçün fürsətlər yaradır. Çünki İran adlanan coğrafiyada böyük bir türk nüfusu var, 50 faizindən çoxunun türk olduğu bildirilir. Ancaq bu potensialın öz milli-mədəni haqlarını əldə etməsi üçün real gücə çevrilməsi prosesi çox vacibdir. Hazırda İranda totalitar rejimin ağır basqılarına baxmayaraq, Güney Azərbaycan Milli Hərəkatı gündən-günə güclənir və onun əsas hərəkətverici qüvvəsi gənclərdir. Yəni hərəkət həm dinamikdir, həm də gələcəyi daha parlaqdır. İranda totalitar rejim olduğundan nəinki siyasi fəaliyyət, hətta normal insani şərtlərlə yaşamaq, yəni milli-mənəvi dəyərləri müdafiə etmək çox ağırdır. Ancaq buna baxmayaraq, hərəkatın təşkilatlanması yüksək səviyyədədir, horizantal deyil, üfüqi xarakter daşıyır. Yəni Güney Azərbaycan Milli Hərəkatında kimin lider olduğunu, hansı qüvvənin və ya təşkilatın aparıcı olduğunu konkret demək mümkün deyil. Son 10-15 ildə apardığım müşahidələr soydaşlarımızın şüurlu şəkildə mübarizə apardığını göstərir. Eyni zamanda, Güney Azərbaycan Milli Hərəkatı Azərbaycan və Türkiyə ilə siyasi və mənəvi cəhətdən bir yerdədir. Bu məqam hərəkatın həm fəaliyyətində, həm də şüarlarında özünü göstərir. Məsələn, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Bakı-Təbriz-Ankara, biz hara, farslar hara!”. Güney Azərbaycanda potensial gücün real gücə çevrilmək ideyası nə qədər güclənərsə, bizim həm İran daxilində, həm də regional siyasətdə ciddi rol olmaq imkanımız var. Bu mövzuyla bağlı ikinci məsələ isə qlobal proseslərin Güney Azərbaycan məsələsinə və İrana təsiridir. Bütün dünyada demokratiya və insan haqlarına böyük önəm verilir. İranın da bu sahədə ciddi problemləri, hətta geosiyasi iddiaları var. İran və ABŞ-ın bölgəylə bağlı maraqları toqquşur və bu rəsmi Tehran üçün böyük riskdir. Çünki İran əhalisinin böyük hissəsini gənclər təşkil edir, yarıdan çoxunu 35 yaşdan aşağı vətəndaşlar təşkil edir. Bunlar İran İslam inqilabı baş verəndən sonra dünyaya gələn insanlardır və onlar qlobal proseslərdən çox ciddi xəbərdardırlar. Bu da İran üçün başqa bir riskdir”.

“Geopolitik qarşıdurma artıq həlledici mərhələyə daxil olub”

Digər məruzəçi, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə qlobal dəyişikliklər, izlənilən dünya siyasəti fonunda Güney Azərbaycan Milli Hərəkatının gələcək perspektivlərinin konturlarını müəyyən edən genişmiqyaslı strateji təhlillə çıxış edib: “Azərbaycan məsələsinin gələcəyinə həm qlobal, həm regional, həm də lokal perspektivlərdə baxmalıyıq. Digər istiqamət isə üst və alt səviyyədə baxılması perspektividir. Hazırda yeni dünya düzəninin formalaşması prosesi gedir. Bu proses ağır və iki istiqamətdə gedir. İki istiqamətdə ciddi geopolitik qlobal qarşıdurma var. Birinci istiqamət Afroavrasiya, ikinci istiqamət Asiya-Sakit okeanı hövzəsidir. Bizi əsasən birinci istiqamət maraqlanıdırır. Çünki biz də bu coğrafiyada yerləşirik. Birinci istiqamətin özündə də 4 böyük geopolitik çat var. Bu prosesdə bir tərəfdə ABŞ və onun müttəfiqləri (azad dünya), digər tərəfdə isə demokratiyanın, azadlığın genişlənməsinə qarşı olan qeyri-demokratik dünya (Rusiya, İran və Çin) var. Həmin 4 çatdan üçü bizim məkandan – postsovet, Cənubi Qafqaz və Xəzər regonu, eyni zamanda Orta Şərqdən keçir. Ona görə də biz Azərbaycandakı durumu dəyərləndirərkən üç çatda gedən prosesləri nəzərə almalıyıq. Fikrimcə, geopolitik qarşıdurma artıq həlledici mərhələyə daxil olub”.

“Güney Azərbaycan məsələsinin gündəmə gəlməsi gözləniləndir”

Onun sözlərinə görə, qlobal qarşıdurmalar həm Azərbaycan, həm İran, həm də Güney Azərbaycan məsələsinə birbaşa və dolayısıyla təsir edir: “Çünki geopolitik qarşıdurmanın və yeni dünya düzəninin qurulmasının həlledici mərhələsində Azərbaycanın və İranın demokratikləşməsi, həmçinin Güney Azərbaycan məsələsinin gündəmə gəlməsi gözləniləndir. Birinci mərhələdə Azərbaycanın şimalı və cənubu İran da daxil olmaqla demokratikləşməlidir. Biz demokratikləşmiş və müasir sənayeləşmiş dövlət qurmalıyıq. İkinci mərhələ bir millət olaraq birləşməli və tarixi coğrafiyamızda bütövləşməliyik. Üçüncü mərhələ kimi böyük dövlətə çevrilməliyik. Dördüncü mərhələ olaraq böyük dövlət kimi tarix yolçuluğuna davam etməliyik”.

“İranın demokratikləşməsinə töhfə verməliyik”

S.Əkbər qeyd edib ki, İranın hərbi nüvə proqramını dayandırması beynəlxalq, regional və lokal təhlükəsizlik baxımından, eyni zamanda Azərbaycanın milli təhlükəsizliyi baxımından müsbət qiymətləndirilməlidir: “İran sanksiyalar götürüldükdən sonra beynəlxalq diplomatik izolyasiyadan çıxacaq və beynəlxalq birliyə yenidən inteqrasiya olunacaq. Nəticədə beynəlxalq və regional nüfuzu daha da artacaq, maliyyə-iqtisadi cəhətdən güclənəcək, hərbi xərclərini gücləndirəcək, ballistik raket proqramını inkişaf etdirəcək, regionda daha da güclənməyə çalışacaq, dini-ideoloji təbliğatını artıracaq, məzhəblərarası savaşlar daha da qızışacaq, lokal toqquşmalar və böhranlar yaranması ehtimalı artacaq. İranla həmsərhəd olan Azərbaycan hərbi-siyasi qarşıdurma xəttindən çıxacaq, üçüncü ölkələrin Azərbaycan ərazisindən İrana qarşı hərbi kəşfiyyat və s. məqsədlər üçün istifadə etmək ehtiyacı qismən ortadan qalxacaq, ikitərəfli siyasi diplomatik, iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafı üçün nisbi əlverişli şərait yaranacaq, İran Azərbaycanda maliyyə-iqtisadi gücünü qat-qat artıracaq, dini-ideoloji, siyasi və xüsusi şəbəkəsini gücləndirəcək, Azərbaycana yönəlik daha aqressiv xarici, dini-ideoloji, humanitar, hərbi, təhlükəsizlik, kəşfiyyat, təxribat işi, nüfuz və təsirini artırmağa çalışacaq. Ancaq İranın yenidən azad və demokratik dünyaya açılması ölkə daxilində ictimai-siyasi aktivliyi yaxın perspektivdə artıracaq. Bu da İranın demokratikləşməsi və Güney Azərbaycan məsələsinin gündəmə gəlməsi üçün şərait yaradacaq. Bu baxımdan aktiv şəkildə hazırlaşmalıyıq. Tarixin axarını düzgün oxumalıyıq, məğlubiyyətə məhkumlarla deyil, qaliblərlə bir yerdə olmalı, İranın demokratikləşməsinə töhfə verməliyik. İraq, Suriya və Liviya variantlarının İranda təkrarlanmasına imkan verməməliyik”.

“Azərbaycan türklərinin öz milli-mədəni haqlarını əldə etməsinin yolu dövlətini qurmasından, bütövləşməsindən keçir”

Bundan sonra mövzu ətrafında müzakirələr başlanıb. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu çıxış edərək bildirib ki, Güney Azərbaycan türkləri dünyaya “Haray, haray, mən türkəm!”, fars şovinist rejiminin insanlıq haqlarını belə tanımadığını hayqırır: “Bu gün fars rejimi bütövlükdə Allahı danır, Allahsız, anti-islami, anti-insani bir rejimdir. Ona görə də Allahın insana verdiyi dildə danışmağa qoymur. Azərbaycan türklərinin öz milli-mədəni haqlarını əldə etməsinin yolu dövlətini qurmasından, bütövləşməsindən keçir”.

“Biz millətimizin davasının qələbəylə nəticələcəyinə və bütövləşəcəyimizə tamamilə əminik”

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib ki, əslində yeni dünya düzəninin formalaşmasının deyil, əksinə, köhnə dünya düzəninə qayıdılması meylləri görünür: “Yəni keçmiş SSRİ dövründəki ikiqütblü dünyadan daha əvvələ – I Dünya müharibəsi dönəminə qayıdış meyllərinin, tendensiyalarının artmasının şahidi oluruq. Bu baxımdan son dövrlər istər İranda, istərsə də regionda və dünyada baş verən hadisələr Azərbaycan məsələsi üçün əlverişli istiqamətdə cərəyan eləmir. Azərbaycan davasının iştirakçıları ən azı yaxın 5-10 ildə çox çətin dövrə daxil olduqlarını anlamalıdırlar. İstər bölgədə siyasi məzhəbçiliyin artması, istərsə də İran-Qərb qarşıdurmasında birincinin indiki məqamda taktiki olaraq qələbəylə çıxması bəzi gözləntilərin yanlış olduğunu ortaya qoydu. İndiki məqamda Azərbaycanın şimalında baş verən hadisələr gündəmdədir. Çünki Azərbaycan məsələsinin ən böyük nailiyyəti müstəqil Azərbaycan Respublikasının mövcudluğudur. Bu hərəkatın taleyi də strateji olaraq müstəqil dövlətimizin qorunub saxlanıb-saxlanmamasından asılı olacaq. Hazırda nəinki Güney Azərbaycan üçün müəyyən neqativ proseslər baş verməkdədir, eyni zamanda bizim əsas istinad nöqtəmiz olan müstəqil Azərbaycan Respublikası üçün də ciddi təhlükələrin meydana gəlməsini görməyə bilmərik. Ən azı 3-5 ildə Rusiyanın Cənubi Qafqazda hansı addımları atacağını hesablamaq lazım gəlir. Ona görə də o taylı – bu taylı azərbaycanlılar diqqəti daha çox Azərbaycanın şimalında baş verən proseslərə yönəltməlidirlər. Çünki yaxın 4-5 ildə ağır, böhranlı bir dövr keçəcəyimizi hesab edirəm. Biz millətimizin davasının qələbəylə nəticələcəyinə və bütövləşəcəyimizə tamamilə əminik. Ancaq qarşıda bizi gözləyən real təhlükələrdən və xaosdan mümkün qədər az zərərlə çıxmağa çalışmalıyıq”.

“İranın Qərblə nüvə razılaşmasının Güney Azərbaycana heç bir təsiri olmayacaq”

DAK-ın Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı qeyd edib ki, yaxın günlərdə İranda parlament seçkiləri keçiriləcək: “Bu seçkilərə qatılmış 187 Azərbaycan türkündən cəmi 5 nəfərinin deputatlığa namizədliyi qeydə alınıb. Onlara da milli məsələləri qaldırmaq qadağası qoyulub. Yəni İranda qeyri-fars millətlərinə qarşı ayrı-seçkilik siyasəti yenə də davam edir. İranın Qərblə nüvə razılaşmasının Güney Azərbaycana heç bir təsiri olmayacaq. Milli hərəkat nüvə proqramına bağlı deyil, bu proqramdan qabaq da vardı və indi də davam edir. İranda türklərin əksəriyyəti artıq öz milli kimliklərini dərk ediblər. Türklər bütövlükdə İrana sahib çıxmalıdırlar, çünki onlar bu ölkənin hər bir yerində yaşayırlar. Artıq İranla Qərb razılaşmasından sonra Azərbaycan mətbuatı tamamilə susub. Sanki Güney Azərbaycan deyilən bir problem yoxdur”.

“Azərbaycanın verdiyi sənədlə adi telefon nömrəsini belə almaq mümkün deyil”

Onun sözlərinə görə, güneylilər Azərbaycan hökumətindən narazıdırlar: “Onlar millətdən deyil, dövlətdən küsüblər. Çünki 18 ildir İrandan Azərbaycana pənah gətirən soydaşlarımıza heç bir sənəd verməyiblər. Hökumətin verdiyi sənədlə adi telefon nömrəsini belə almaq mümkün deyil”.

“Biz İran, Çin və Rusiyanın müttəfiqi ola bilmərik”

DAK Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Yasəmən Qaraqoyunlu vurğulayıb ki, sovetlər dağıldıqdan sonra qlobal siyastədə iki tendensiya gedir: “Birincisi, ABŞ və Qərbin müttəfiqliyi ilə birqütblü böyük dünya imperiyasının qurulmasıdır. İkincisi isə Çin, Rusiya və İranın başında durduğu güc tarazlığına və çoxqütblü sivilizasiyaların bərabərhüquqlu əməkdaşlığına əsaslanan bir dünyanın qurulması uğrunda mübarizədir. Sovetlər dağıldıqdan sonra hər iki qütbün Bəsrə (Kəngər) körfəzində və Xəzər dənizində enerji resursları uğrunda mübarizəsi bunun bariz nümunəsidir. Son dövrdə İran ABŞ və Avropayla nüvə razılaşması əldə etdikdən sonra Bəsrə körfəzində böyük hərbi parad keçirdi. Bu da dünyaya İranın Bəsrə körfəzində hələ də güc, söz sahibi olduğunun nümayişi idi. Eyni zamanda, dünyanın enerji resurslarının bölünməsində İranla razılaşılmasını istəyi idi. Bilirsiniz ki, Bəsrə körfəzində dünyanın neft ehtiyatının 67 faizi yerləşir. Mən çoxqütblü sivilizasiyaların bərabərhüquqlu əməkdaşlığına əsaslanan bir dünyanın qurulmasının tərəfdarıyam. Ancaq çoxqütblü dünyanın qurulmasını istəyən Çin, Rusiya və İran türk xalqlarının yaşadığı ərazilərdir. Bu dövlətlər də çox güclü olduğu təqdirdə türk sivilaziyası zərbə altında qalır. İranın Qərblə nüvə razılaşması və Çinlə 25 illik strateji müqavilə imzalaması bu ölkənin Orta Şərqdə regional fövqəldövlətə çevrilir. Artıq Türkiyə daxili savaşlara çəkilərək regional güc mövqeyini itirməkdədir. İran, Çin və Rusiyanın müttəfiq şəkildə hərəkət etmələri Azərbaycan və Türkiyəni ABŞ və Qərbin strateji müttəfiqi olmağa sürükləyir. Təbii ki, biz İran, Çin və Rusiyanın müttəfiqi ola bilmərik. Çünki İran və Rusiya bizim ərazi bütövlüyümüzü, suverenliyimizi, müstəqilliyimizi daim təhdid edən ölkələrdir. Ona görə də bizim Atlantika blokunun yanında yer almaqda başqa çarəmiz yoxdur”.

“Türk dövlətləri türk sivilizasiyasının qurulmasına çalışmalıdırlar”

Y.Qaraqoyunlu qeyd edib ki, İran Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya və Qafqazlara nüfuz və təsir etmək gücünə malikdir: “İran Bəsrə körfəzi vasitəsilə bütün ərəb yarımadasına, Hind okeanına çıxmaqla Hindistana və Qərb maraqlarına təsir etmək gücünə malikdir. İran Tüürkiyə ilə quru sərhədlərinə malik olduğundan, dini-ideoloji cəhətdən Şərqi Anadolu bölgəsi, Kərkük və Azərbaycana nüfuz etmək gücünə malikdir. İran quru sərhədlərinə malik olduğu Əfqanıstan və Pakistanın daxili siyasətinə təsir etmək imkanına malikdir. Bu regionları və ölkələri İranın təsirindən qurtarmaq üçün Güney Azərbaycan Milli Hərəkatına dəstək vermək ən uyğun yoldur. İran, Rusiya və Çin müttəfiqliyi bizim milli hərəkatımıza neqativ təsir göstərir. Ancaq ABŞ və Qərbin də milli hərəkatımızın yanında olacağı birmənalı deyil. Bu yalnız Azərbaycan Respublikası demokratik topluma çevriləcəyi təqdirdə mümkün ola bilər. Son 400 ildə Bakı-Ankara-Təbriz mərkəzli siyasi-ideoloji dünyagörüşü milli hərəkatımıza hakim olub. Bu, hərəkatın ən böyük üstünlüyüdür. İran, Rusiya və Çin müttəfiqliyi güclənməsinə baxmayaraq, məhz Azərbaycan və Türkiyə türklərinin birgə əməkdaşlığı milli hərəkatı daha da gücləndirə bilər. Hətta Türkiyəni də bölünmələrdən xilas edə bilər. Hansı dünya düzəni qurulmasından asılı olmayaraq, bizim milli hərəkatımıza pozitiv təsir göstərə bilər. Hazırkı vəziyyət Qərb və ABŞ-la strateji müttəfiqlikdən başqa yolumuz olmadığını bizə deyir. Ancaq müstəqil bütöv Azərbaycanın qurulması və ya İranda türklərin hakimiyyətə gəlməsində bu müttəfiqliyin bizi dəstəkləyəcəyini demək mümkün deyil. Üçüncü çıxış yolu türk dövlətlərinin öz aralarındakı inteqrasiya prosesinə çox ciddi önəm verərək türk sivilizasiyasının qurulmasına çalışmalıdırlar. Bu da milli hərəkatımıza potensial dayaq və dəstək olardı”.

“DAK yanında Güney Azərbaycan məclisi yaradıla bilər”

“Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli bildirib ki, İranın həm bölgə, həm İslam dünyası, həm dünya, həm də Türk dünyası üçün təhlükə mənbəyidir: “İran və Rusiya artıq antitürk mövqelərini ortaya qoyurlar. Bu koalisiya həm türkə, həm də Türk dünyasına qarşı yönəlib. Ona görə də Azərbaycan demokratik dünyaya inteqrasiya etməlidir. Fikrimcə, Azərbaycan və Türkiyənin vəhdəti Türk dünyasının birliyidir. Azərbaycan Türkiyə ilə regional təhlükəsizliklə bağlı ciddi sənədlər imzalamalıdır. Bu gün Azərbaycanın dövlət təhlükəsizliyi ciddi təhdid altındadır. Biz dalğalanan bayrağımızın enməsini istəmirik. Çünki bu yolda bir millət olaraq can vermişik. Biz Güney Azərbaycan məsələsini dünyaya, beynəlxalq təşkilatlara çatdıra bilərik, ancaq Türkiyə siyasi sistemi də bu problemi qəbul etməlidir, Güney Azərbaycan Milli Hərəkatının yanında olmalıdır. DAK, siyasi partiyalar olaraq bizim də əsas vəzifəmiz Güney Azərbaycan məsələsini Türkiyə siyasi sisteminə transformasiya etməkdir. DAK Güney Azərbaycan məsələsiylə məşğul olan peşəkar bir mərkəzə çevrilməlidir. Siyasi partiyalar da bunu hərtəfli dəstək verməlidir. Ya da DAK yanında Güney Azərbaycan məclisi yaradıla bilər və həmin qurumda siyasi partiyalar, qeyri-hökumət təşkilatları, müstəqil ziyalılar, elm adamları, ictimai-siyasi xadimlər təmsil oluna bilər. Nəticədə bizim ictimai şüura təsir imkanlarımız daha geniş olar”.

Azərbaycan Xalq Demokrat Partiyasının sədri Rafiq Turabxanoğlu, Azərbaycan Dünyəvi (Bozqurd) Partiyasının sədri Şakir Ulubəyli və başqaları da çıxış edərək məsələylə bağlı öz fikirlərini bölüşüblər.

Konfransın sonunda Güney Azərbaycan Milli Hərakatına dəstək məqsədilə quzeyli və güneyli siyasilərin, ziyalıların birgə iştirakı ilə yeni bir ixtisaslaşmış qurumun yaradılması qərara alınıb.