İranda və digər ölkələrdə azərbaycanlılar aclıq aksiyasına başlayıb
İranda və digər ölkələrdə onlarla azərbaycanlı fəal aclıq aksiyasına başlayıb.
27 nəfər hazırda bu ölkənin müxtəlif həbsxanalarında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbuslara dəstək məqsədilə bu addımı atıblar.
Kampaniyaya Türkiyə, ABŞ, Kanada, Finlandiya və İsveçdə mühacirətdə yaşayan bir neçə azərbaycanlı fəal da qoşulub. Onların arasında “Amerikanın Səsi” teleradiosunun jurnalisti İnsafəli Hidayət, vəkil Fatimə Səttari və azərbaycanlı siyasi məhbusların yaxınları da var.
Qeyd edək ki, hazırda İranın Tehran, Təbriz və Kərəc şəhərlərinin həbsxanalarında yüzlərlə məhbus aclıq aksiyası keçirir. Onların arasında azərbaycanlı siyasi məhbuslar – Səid Mətinpur, Yürüş Mehrəlibəyli (Ayət), Behnam Şeyxi, Əsədullah Əsədi və İsmayıl Bərzigəri də var. Kampaniya bu il aprelin 17-də Tehranın Evin həbsxanasının 350-ci bəndində məmurlarla məhbuslar arasında baş vermiş toqquşmadan sonra kütləviləşib(apa).