İranda yalnışlara qarşı edilən daha böyük yalnışlar - Tənzilə Rüstəmxanlı yazır

media-hightechnic-468x90

 

Tarix bəzən xalqlara eyni dərsi fərqli səhnələrdə təkrar-təkrar göstərir. Liviya bu səhnələrdən biri idi. Bu gün isə eyni ssenarinin kölgəsi İranın üzərinə düşür.

media-img_2516

Mərhum Liviya lideri Muammər Qəddafinin qızı Aişə Qəddafinin İran xalqına ünvanladığı sözlər bir ata itkisi ilə yanıb-yaxılan qadının fəryadı olmaqdan daha artıqdır. O, atasının taleyi üzərindən xalqlara xəbərdarlıq edir:

“Qərbin gülüşünə inanmayın”.

Çünki Liviya da bir vaxtlar “islahat”, “azadlıq” və “demokratiya” sözləri ilə ovudulmuşdu. Nəticədə isə bir dövlət dağıldı, bir xalq taleyin ümidinə buraxıldı.

Bu gün İranın daxilində ciddi sosial və insani problemlərin olduğunu inkar etmək mümkün deyil. Qadınlara münasibət, məcburi baş örtüyü, söz və etiraz azadlıqları – bunlar mövcuddur və dəyişməlidir. Bunu kimsə dana və ya bəraət qazandıra bilməz. İran insan hüquqlarının pozulması baxımından dünyanın birincilərindəndir. Təkcə, 35 milyonluq Azərbaycan xalqının öz ana dilində təhsil ala bilməməsi faktı bunun üçün yetərlidir.

Amma başqa bir həqiqət də var: daxili narazılıqlar hər zaman xarici planlar üçün ən münbit zəmin olub.

İran prezidenti Məsud Pezeşkianın ölkədə baş verən zorakılıqlarla bağlı dediyi sözlər məscidlərin yandırılması, insanların diri-diri yandırılması, başların kəsilməsi təkcə hakimiyyətin özünü müdafiə ritorikası deyil. Bu, Yaxın Şərqdə dəfələrlə gördüyümüz xaos metodunun tanış izləridir.

Liviya, Suriya, İraq… Hamısında əvvəl “xalq haqları” deyildi, sonra silah danışdı.

Bu gün İranın ətrafında baş verənlər mənə 2011-ci ilin “Ərəb baharı”nı xatırladır. O bahar bəzi ölkələrə azadlıq deyil, uzunmüddətli qış gətirdi. Parçalanma, yoxsulluq, vətəndaş müharibəsi…

Mən molla rejiminin tərəfdarı deyiləm. İran hakimiyyətinin illərdir Azərbaycan türklərinə qarşı apardığı ayrı-seçkilik və basqılar mənim üçün qəbulolunmazdır. Mən və ailəm İrandakı rejimlə mübarizənin ön sıralarında olmuşuq. Həyat yoldaşım Sabir Rüstəmxanlının ayətullah Xameneiyə ünvanladığı məktub indi də İranda ən çox müzakirə olunan yazılardandır. Amma bütün bu haqsızlıqlara baxmayaraq, bir xalqın xaricdən dizayn edilən ssenarinin qurbanına çevrilməsini də arzulaya bilmərəm.

İran bu gün təkcə İran deyil. O, regionun son “qala”larından biridir. Bu qala yıxılarsa, dalğanın hara qədər gedəcəyini düşünməmək sadəlövhlük olar. Növbəti hədəfin Türkiyə olacağı ehtimalı heç də uzaq ssenari deyil.

Burada əsas məsələ rejim sevgisi yox, dövlət ağlıdır.

Qəddafinin qızının dediyi kimi:

“Qurdla bazarlıq qoyunu xilas etmir, sadəcə növbəti yeməyə çevirir”.

İran xalqı dəyişiklik istəyirsə, bu dəyişiklik öz iradəsi, öz ağlı, öz milli məntiqi ilə olmalıdır. Xaricdən gələn “azadlıq paketləri”nin içindən çox zaman bombalar çıxır.

Məni ən çox düşündürən isə İranda yaşayan milyonlarla Azərbaycan türkünün taleyidir. Əgər bu ölkə parçalanma yoluna sürüklənərsə, ən böyük zərbəni yenə də kimliksiz, müdafiəsiz qalan bizim kimi xalqlar alacaq. Arzum odur ki, İran türkləri ya öz dövlətçilik haqqını qazansın, ya da heç olmasa təhlükəsiz və bərabər federativ model içində yaşaya bilsin.

Qısacası:

Yanlışları tənqid edək.
Haqları tələb edək.
Amma başqasının oyuncağına çevrilməyək.

Tarix bizə bunu çox baha öyrədib.

Tənzilə Rüstəmxanlı
Azərbaycan Milli Məclisinin üzvü

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa