“ABŞ İrana qarşı hərbi əməliyyat keçirəcəyi təqdirdə, İran da ABŞ-nin müttəfiqi olan ölkələrə qarşı eyni addımı ata bilər”.
Bu fikri ABŞ-nin İranın nüvə obyektlərinə zərbə endirəcəyi iddialarını Yenicag.az-a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli deyib.
O, bildirib ki, İranla ABŞ arasında açıq qarşıdurmanın olacağı inandırıcı deyil:
“Donald Trapmın hakimiyyətə gəlməsindən sonra, xüsusən İranın nüvə obyektlərinin vurulması yönündə iddialar ortaya atılıb. 30 ilə yaxın bir müddətdə istər ABŞ, istərsə də ABŞ-nin müttəfiqləri tərəfindən bu barədə fikirlər səsləndirilib. Ancaq bu günə qədər nüvə sahəsində çalışan şəxslərin qətlə yetirilməsindən başqa həmin obyektlərə hər hansı bir addım atılmayıb”.
Mütəxəssis əlavə edib ki, Trampın andiçmə mərasimindən əvvəl İran prezidenti Moskvada Putinlə strateji tərəfdaşlığa dair çoxtərəfli müqavilə imzalandı:
“Hesab edirəm ki, bu. İranın təhlükəsizliyi ilə bağlı mühüm rol oynayacaq. Ukraynada Rusiyanın irəliləməsi, əraziləri işğal etməsi, Avropa İttifaqının geri çəkilməsi, Donald Trampın isə müharibənin tez bir zamanda dayandırılması yönündə addımlar atmaq niyyəti Rusiyanın müttəfiqinə qarşı kəskin addımlar atmayacağlndan xəbər verir. Yəni, belə olan təqdirdə, Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmaq, şərqi Avropanın təhlükəsizliyini təmin etmək üçün Rusiyanın müttəfiqinə zərbələr endirməkdən çəkinəcək. Bundan əlavə, Donald Trampın səsləndirdiyi fikirlərin əksəriyyətində daxili proseslərə köklənmiş məqamlar var”.
R. Məmmədli düşünür ki, D. Trampın Yaxın Şərqdə müharibənin alovlandırılması, İranla müharibə etmək, vəziyyəti kəskinləşdirmək kimi addımlar atması gözlənilən deyil:
“Nəzərə alsaq ki, İran ABŞ-nin marağında olan ölkələrdə hərbi birləşmələr saxlayır. Vəziyyət gərginləşərsə, həmin hərbi strukturlar işə düşə bilər. Bu hər halda qənaətbəxş olmayacaq. ABŞ İrana qarşı hərbi əməliyyat keçirəcəyi təqdirdə, İran da ABŞ-nin müttəfiqi olan ölkələrə qarşı eyni addımı ata bilər. Bu baxımdan, açıq qarşıdurmanın olacağı inandırıcı deyil”
Səxavət Məmməd
www.yenicag.az