İranın parçalanması REALLAŞIR? – “Cənubi Azərbaycanda baş verənlər İsrailin planıdır”
“İsrail İranın parçalanması üçün müxtəlif yollara əl atacaq”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib.
Deputat dünya mediasında dolaşan “İsrail Cənubi Azərbaycanın İrandan müstəqilliyini dəstəkləməlidir” fikirlərini şərh edib:
“İranla İsrail arasında çox ciddi münaqişə var və bu uzun müddətdir ki, davam edir. İran özü də dəfələrlə açıq bəyan edib ki, qarşımıza qoyduğumuz məqsəd ondan ibarətdir ki, İsrail dövlətini yer üzündən silməliyik. İsrail də qarşılıq olaraq əks həmlələr edir və bu müddət ərzində İranın bir çox tanınmış hərbçiləri aradan götürülüb. İsrailin kəşfiyyat orqanlarının İranda çox yaxşı işlədiyi də heç kəsə sirr deyil. Belə olan halda bu iki dövlət arasındakı ziddiyyətlər pik nöqtəyə qalxıb. Təbii ki, müxtəlif variantlar üzərində işlənilir. İran daha çox proksi qüvvələr vasitəsilə İsrailə təzyiq və təsir etmək istəyir. İsrailin isə əlində fərqli alternativlər var, çünki arxasında ABŞ kimi hegemon dövlət durur. Yeri gələndə İsrail İranı nüvə obyektlərini vuracağı ilə hədələyir, müəyyən aviazərbələr endirir. Eyni zamanda, orada yaşayan ayrı-ayrı etnik qruplar vasitəsilə də İran dövlətini zəiflətmək, parçalamaq məqsədi güdür”.
Deputat hesab edir ki, Cənubi Azərbaycanda baş verənlər İsrailin planıdır:
“Ümumiyyətlə, yeni dünya nizamı qurulur. Yeni dünya nizamında İranın bir neçə dövlətə bölünməsi ilə bağlı da planlar var. Eyni zamanda, həm də İsrail İranda yaşayan Cənubi Azərbaycan vətəndaşlarımız vasitəsilə də İranın parçalanmasında öz rolunu göstərmək istəyir. Burada qeyri-adi heç nə yoxdur. İranda hər hansı proses gedəcəksə, Cənubi Azərbaycanın müstəqilliyini dəstəkləməklə bağlı İsrailin müvafiq addımlarını gözləmək olar”.