İrəvan konstitusiyanı DƏYİŞƏCƏK? – “Onlar bu istiqamətdə addımlar atmağa məhkumdurlar”
“Əgər bu addım atılarsa, sülh müqaviləsi də artıq ləngimədən imzalana bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
O, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın Ermənistanın yeni Konstitusiyasının mətninin 10 ay ərzində hazırlanacağı ilə bağlı açıqlamasına münasibət bildirib.
Deputat qeyd edib ki, Ermənistan konstitusiyasında dəyişiklik, əslində, gözlənilən addımdır:
“Çünki sülh danışıqlarının normal başa çatması üçün bu, vacibdir. Ermənistan da vəziyyətin ciddiliyini qəbul edir. Düşünürəm ki, bu, hər hansı bir şəkildə uzadıla bilməz. Hər halda, konstitusiyanın qəbulu ilə bağlı heç də elə-belə və sadə olmayan proserdurlar var”.
“Bütün hallarda sözügedən məsələ ətrafında müzakirələr, yəqin ki, erməni cəmiyyətində də gedir. Onlar bu istiqamətdə addımlar atmağa məhkumdurlar. Əks halda, mövcud problemlər hələ də davam edəcək və güvənsizlik artacaq. Bu baxımdan, məsələnin əsas mahiyyəti xoşniyyətli addım atmaqdır. Əgər bu addım atılarsa, sülh müqaviləsi də artıq ləngimədən imzalana bilər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli