!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvandan növbəti spekulyasiya: Ermənistan Rusiyadan "qopur?"

!Reklam – Yazi

Son zamanlar işğalçı Ermənistanda ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması ilə bağlı fikirlər səslənməyə başlayıb. Belə ki, parlamentin müxalif “Yelk” (Çıxış) fraksiyası Ermənistanın Aİİ-dən çıxması barədə təşəbbüs irəli sürüb. Düzdür, bu təşəbbüs parlamentin əksər üzvləri tərəfindən qəbul edilməyib. Amma proseslərin gedişi ondan xəbər verir ki, hər halda son dövrlər İrəvan Moskvanı qıcıqlandıracaq bir sıra addımlar atmağa meyillənib. Həmin addımlardan biri də Ermənistanın Gürcüstanda keçirilən NATO tədbirlərinə qatılması idi. Görəsən ermənilər arasında gündəmə gələn sözügedən təşəbbüsün reallaşma imkanı varmı? Yoxsa, bu kimi fikirləri gündəmə gətirməklə İrəvan Moskvadan növbəti güzəştlər qoparmağa çalışır? Reallaşarsa, Moskva Ermənistana qarşı təzyiq mexanizmini işə sala bilərmi və bu mexanizm özünü hansı müstəvidə göstərəcək?

Məsələni Yenicag.az-a şərh edən Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun fikrincə, İrəvanın Aİİ-dən çıxması ehtimalı sıfıra bərabərdir:

“İrəvanın Avrasiya İqtisadi İttifaqından çıxması məsələsinin Ermənistan parlamentində müzakirəsi istiqamətində müəyyən ilkin addımlar atılıb. Amma həmin addımların konkret nəticə verə biləcəyi ehtimalı kifayət qədər aşağıdır. Bu faktın özü həm Ermənistan, həm də Rusiya cəmiyyətində birmənalı qarşılanmayıb. İndiyə qədər Ermənistanda Rusiyanın hakim olduğu fonda ölkənin Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə düşünməyin özü belə qadağa sayıla bilərdi. Lakin indi görürük ki, belə düşüncələr cəmiyyətdə yer almağa başlayıb. Eyni zamanda, Rusiya ictimai dairələrində də həmin məsələ ilə bağlı artıq ilkin reaksiya və şərhlər səslənib. Həmin şərhlərin də ümumi qayəsi ondan ibarətdir ki, Ermənistan Aİİ-dən çıxarsa, onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalması da öz mahiyyətini itirir. Yəni iqtisadi əlaqələr kəsilirsə, onda hərbi əlaqələrin nə mənası var? Həmin şərhlərdə qeyd olunur ki, bunun baş verməsi fonunda İrəvan Türkiyə və Azərbaycanla üzbəüz qalacaq və bu perspektivin ona nə vəd etdiyini Ermənistan indidən proqnozlaşdıra bilər. Xüsusilə də İrəvanın eyni vaxtda iki masada oturmaq niyyəti təbii ki, Moskvada mənfi qarşılanır. Bir müddət öncə Ermənistanın NATO-nun Tiflisdə keçirilən hərbi təlimlərdə iştirakına Kreml əvvəl sönük münasibət bəslədi. Bunun ardınca Ermənistan NATO-nun ikinci belə bir təlimində iştirak etməklə bağlı ərizə ilə müraciət etdi. Lakin az keçmədi İrəvan öz ərizəsini geri götürmək məcburiyyətində qaldı. Bütün bunlar da onu göstərir ki, işğalçı dövlətin heç bir halda suveren siyasəti yoxdur. Ona görə də belə bir dövlətin Aİİ-dən çıxmaqla bağlı siyasi qərar qəbul etmək imkanı olduqca aşağıdır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Ermənistan belə məsələləri müxtəlif siyasi dairələrin dili ilə gündəmə gətirməklə sanki Rusiya ilə bazarlıq etmək istəyir:

“Yəni Moskvaya anlatmaq istəyirlər ki, Ermənistan cəmiyyətində onunla münasibətlərə fərqli yanaşan qüvvələr də mövcuddur. Ona görə də Sarkisyan rejiminin fikrincə, Moskva bu iqtidarı daha da gücləndirməli, onun addımlarına daha loyal münasibət bəsləməlidir. Sözügedən məsələnin gündəmə gəlməsində məhz bu kimi bazarlıqlar yer alır. Ermənistan elə bir dövlətdir ki, onun Aİİ-dən çıxmaqla bağlı xülyaları sıfıra bərabərdir. Amma perspektivdə reallıqlar dəyişə bilər, bu da istisna deyil. Çünki sürətlə inkişaf edən bir dünyada yaşayırıq. Lakin mövcud reallıqlarda İrəvanın Aİİ-dən çıxması qeyri-mümkündür. Amma hər halda faktın özü, Ermənistan cəmiyyətində Qərbə inteqrasiya etmək xəttinin mövcudluğu və onun tərəfdarlarının sayının getdikcə artması onu göstərir ki, işğalçı ölkədə daxili gərginliyə yeni gərginlik elementləri əlavə edilir. Bunları ümumiləşdirərək o qənaətə gəlmək olar ki, Ermənistan hazırda sözün həqiqi mənasında sistemli bir böhran yaşayır və bu böhran dərinləşməkdədir”.

Politoloq onu da qeyd etdi ki, Ermənistan Aİİ-dən çıxarsa, Moskva tərəfindən İrəvanın cəzalandırılması mexanizmi işə düşəcək:

“Bu mexanizmin ən mühüm elementlərindən biri isə odur ki, Rusiyanın Qarabağ münaqişəsilə bağlı məsələdə Ermənistanı cəzalandırması üçün Azərbaycana kömək etməsi lazım deyil. Sadəcə olaraq, kənarda müşahidəçi statusunda neytral vəziyyətdə qalması kifayətdir. Hesab edirəm ki, bunun özü Ermənistan üçün ən ağır bir cəza olacaq”.

ELÇİN

COP29

www.yenicag.az

1883
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv