İcra strukturlarında ciddi dəyişikliklərin olacağı ilə bağlı xəbərlər öz təsdiqini tapmaqdadır. İyul ayında 4 rayona yeni icra başçısının təyin olunması bu ehtimalları daha da artırıb.
Yenicag.az xatırladır ki, tutduğu postla yaxın günlərdə vidalaşacaq icra başçılarının siyahısında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun və Nəsimin icra başçısı Asif Əsgərovun da adı çəkilirdi. Hətta onların iyulun 15-nə kimi vəzifədən uzaqlaşdırılacaqları iddia olunurdu.
“Yeni Sabah” adıçəkilən icra başçılarının bu günə kimi postunu qoruya bilmələrinin səbəbini öyrənə bilib. Məlum olub ki, həmin icra başçılarının vəzifədə qalması növbədənkənar parlament seçkilərinə start verilməsi ilə bağlıdır.
Hakimiyyət komandasının aparıcı fiqurlarından biri bizimlə söhbət zamanı bu məlumatı təsdiq edib. Onun sözlərinə görə, hakimiyyət ideoloqları seçki ərəfəsində radikal dəyişikliklərə getməyi məqbul saymırlar. Mənbə xatırladıb ki, hazırda Nəsimi rayonunda 3, Qaradağda 2 seçki dairəsi fəaliyyət göstərir. İki rayondan Milli Məclisə üst-üstə 5 deputat seçiləcək. İddialıların arasında hakimiyyət təmsilçiləri ilə yanaşı müstəqil və müxalif yönümlü namizədlər də var. Bu isə sözü gedən rayonlarda seçki marafonunun kəskin mübarizə şəraitində keçəcəyini düşünməyə əsas verir. Hakimiyyət bunu nəzərə alaraq, Süleyman Mikayılov və Asif Əsgərovun vəzifədə qalmasına qərar verib.
Mənbə deyib ki, hər iki icra başçısının vəzifədə qalması müvəqqəti xarakter daşıyır. Parlament seçkiləri başa çatandan dərhal sonra onlar yeni və daha perspektivli kadrlarla əvəzlənəcəklər. /yenisabah
www.yenicag.az