İşdən sonra nə edirsiniz? – Sorğu
Həkim və pedaqoqlar sağlam həyat tərzi kimi işdən, dərsdən bir sözlə, qrafik rejimdən kənar olaraq hər hansı məşğələlərə, ictimai fəaliyyətə qatılmağı məsləhət bilirlər. Bir çox insanlar işlərinin çoxluğundan öz sağlamlıqlarının qeydinə qala bilmirlər. Daha dəqiq desək, işdən sonrakı vaxtlarını düzgün dəyərləndirməkdə çətinlik çəkirlər. Bir çoxları bunu maddi imkansızlıqla əlaqələndirir. Digər tərəfdən vaxt sıxlığı da səbəb gətirilir.
Görəsən şəhər əhalisi bu haqda nə fikirləşir?! Yenicag.az sosial şəbəkə istifadəçiləri arasında sorğu aparaq, “İş və ya dərsdən sonra hər hansı məşğələlərə qatılırsınızmı?” sualını onlara ünvanladı.
Faiq Kərimoğlu: “Xüsusi məşğələlərə qatılmıram. Ancaq öz təşəbbüsüm əsasında kursa gedirəm. Düşünürəm ki, dərsdən sonra ixtisasım üzrə hər hansı sahədə fəaliyyətlə məşğul olsam daha faydalı olar”.
Mirsəid Bayramov: “axrıncı dəfə məşğələyə orta məktəb dönəmində, 11-ci sinifə gedərkən, daha dəqiq desək, universitetə hazırlaşdığım zamanlarda qatılmışam. Artıq universitetə qəbul olandan sonra məşğələ söhbəti də bitdi. Hazırda işlə əlaqədar olaraq, universitetə hazırlaşmaq imkanım olmadığından məşğələyə qatılmaq ehtiyacı da görmürəm”.
Ləman Quliyeva: “Mən universitetdə təhsil alıram. Hal-hazırda magistraturaya hazırlaşdığım üçün dərsdən kənar hər hansı fəaliyyətlə məşğul ola bilmirəm. Lakin düşünürəm ki, iş və ya dərsdən sonra parkda gəzmək, bədii ədəbiyyat oxumaq daha faydalı olar”.
Fərid Kazımov: “Mən işdən sonra evə getməyə üstünlük verirəm. Həm əlavə işlərimi evdə görürəm, həm də istirahət mənim üçün daha vacibdir”.
Afət İsmayılzadə: “Problemlər olmadığı zaman insan yalnız əlavə nələrsə düşünə bilər. Ona görə də, problemlərim çox olduğundan işdən sonra məşğələlərə, hər hansı mərasimlərə qatıla bilmirəm. Yalnız iş həyatı darıxdırıcı və monotondur”.
Fərid Mahmudov: “İşdən sonra idmanla məşğul oluram. Bu mənim həyat tərzimdir. Kingboks idman növündə daha da irəliyə gedəcəyimə əminəm. Mən bunu məşğələ yox, daha çox ikinci işim kimi dəyərləndirərdim”.
Ayna Məmmədova: “İmkan daxilində işdən sonra qatılıram. Daha çox elmi fəaliyyətlə məşğul oluram”.