“İslam insanlıq akademiyasıdır”
Müsahibim Hacı Fərhad Mirzəyev təvazökalığı, gözəl nitq qabiliyyəti ilə söhbətimizə ahənglik, şirinlik qatdı. Daha çox Hacı Fərhad Mirzə kimi tanınan həmsöhbətim “Kəlamlar” kitabının müəllifi olmaqla dünyada çağdaş kəlam məktəbinin yaradıcısı – mütəkəllimdir. Bununla yanaşı o həm də Türk dünyası ilə yaxından əlaqəsi olan biri kimi bu sahədə də xeyli sayda mükafatlara layiq görülüb.
Onun xeyriyyəçilik etdiyini azdan- çoxdan bilirdim. Bu haqda sual verdikdə isə cavabı belə oldu: “ İnsan yaxşılıq edəndə elə etməlidir ki, sağ əlin verdiyini sol əl bilməsin. Bu xalq üçün nə etmişəm, nə edirəmsə hamsı Allah yolundadır”
-Hacı, son zamanlar IŞİD, vəhabilər mövzusu gündəmimizi yaman zəbt edib, baş verənlərlə bağlı haqqında fikrinizi bilmək istərdik.
-Bu gün dində baş verən iğtişaşlar, təriqət ayrılığı, parçalanmalar olsun ki, kimlər üçünsə əlverişlidir. Əvvələr Azərbaycanda dini təriqətlər yalnız şiə və sünnilərdən ibarət olub. Bu təriqətlər sonradan əmələ gəlib. Məhəmməd Peyğəmbər(ə) özü də buyurub ki, zaman gələcək mənim ümmətim 73 təriqətə parçalanacaq. Onlardan biri Cənnət əhli, qalanları isə Cəhənnəm əhli olacaq. Əlbəttə ki, dində mövcud olan bu parçalanmalar dövlətimizin də zəifləməsinə səbəb olur. Bu halların geniş vüsət almaması üçün Azərbaycanda olan din xadimləri toplaşmalı, mövcud durumu müzakirə etməlidirlər. Araşdırılmalıdır ki, hansı mövqe daha uyğundur. Bir sözlə, bu qarşıdurmaların qarşısı alınmalıdır. Allah buyurur ki, lənət olsun o insanlara ki, mən birləşdirmək istədiklərimi parçalamağa can atırlar. Mömin möminin qardaşıdır, mənim ipimdən yapışın. Allah-Təala özü də insanları birliyə çağırır. Biz bilirik ki, “Quran”ın nazil olması, bütün İslam dininin ortaya çıxarılmasında vasitəçi, Allah tərəfindən seçilmiş insan Məhəmməd Peygəmbərdir. Biz də onun arxasınca getməliyik.Bayaq da qeyd etdik ki, mömin möminin qardaşıdır, ailədir. Ailə də Əhli- beytdir.Belə bir söz var, bu mənim Kəlamlarıma da daxildir: “Sən onları Əhli-beytə dəvət et. Qoy olduqları kimi gəlsinlər. Etirazı olan varsa qoy bildirsin, sən de.” Yəni bu günləri bizim babalarımızın səpdiyi toxumlar ki, var, heç kim o təriqəti qəbul etməyəcək. Ona görə də biz onları olduqları kimi, dəvət edək. Geridə qalan məsələləri saxlayaq Qiyamət gününə. Qiyamət günü isə bizim hamımızı bir yerə yığacaqlar. Bu gün bizim bir- birimizi ittiham etmək, qınamağa haqqımız yoxdur. Əgər bir mömin özünü digər mömindən üstün sayırsa, onu ittiham edirsə, onu alçaldırsa, o artıq mömin deyil. Çünki, möminlər qardaşdırlar. Bir möminin problemi olduqda, nəyəsə ehtiyacı olduqda digər mömin qardaşlar ona kömək etməlidir,məsləhət verməlidir. Ən dəhşətli faktlar müharibə anında olur. Fikir verin görün müharibə haqqında nə deyilir: “ Qovulduğunuz torpaqdan düşməni qovun. Öldürün, amma həddi aşmayın. Müharibəyə, sərxoş halda, ikiüzlülərlə getməyin, düşmənə arxa çevirməyin. əsirləri incitməyin, onlara öz təamlarınızdan, suyunuzdan verin. Onlara öz dininizdən, şəriətinizdən danışın. Qəbul etsələr, onlar sizin qardaşınızdır, qəbul etməsələr, onları düz sərhədlərinə qədər yola salın. Gümanınız varsa kimsə onlara xətər yetirməz buraxın getsinlər.” Yəni bunlar müəlman dininin səviyyəsini sübut edir. Mən yazıram ki, İslam insanlığın akademiyasıdır. “Qurani -Kərim” özündən əvvəl gələn kitabları təsdiqləyən kitabdır. Özündən əvvəl gələn kitablar hansılardır? İbrahim əleyhissalama verilən lövhələr, Davuda verilən “Zəbur”,Musaya verilən “Tövrat”, İsaya verilən “İncil”dir. Mən deyirəm ki, “Qurani -Kərim” səmavi kitablar toplusudur. Bu gun biz müsəlman adlandırdığımız şəxs “Quran”dan əvvəl gələn kitabları öyrənib araşdırmalıdır və qənaətə gəlməlidir ki, hansı ayələr dəyişdirilib. Bunları dərk edən insan artıq akademikdir. Yüksək savada malik olan insan müsəlman ola bilər. Amma savadsız müsəlman ola bilməz. Olar müsəlman, amma söz deməyə ixtiyarı ola bilməz. Quran ayəsində deyilir: “ Ey Rəbbimiz, Sənin bir kəlməni izah etmək üçün göylər vərəq ola, dəryalar mürəkkəb ola, meşələr qələm ola, yazıb qutarmaq olmaz.” Bu onunla izah olunur ki, ən dahi alimlər belə ömürlərinin sonunda etiraf etdilər ki, biz bir şey bildik ki, heç nə bilmədik. Bu kəlməni o kəs deyə bilər ki, bildiklərinin qarşısında bilmədiklərinin daha çox olduğunu dərk edirdi. Amma bilməyənlər elə hey danışıb, özlərinin savadından danışacaqlar… Yəni biz bu gün nə vahabiyə, nə sünniyə toxunaq. Biz sadəcə doğru, düzgün yolu müəyyən edib, izahın verməklə insanları düz yola yönləndirməliyik. Bü gün Məhəmməd Peyğəmbər ümməti hansı gündədir? Aslan, şir kimi oğlanlar hamısı məhv olub gedir. Bu gün Suriyada, İraqda döyüşən oğullarımız dövlətimizə, xalqımıza lazımdır. Onlar gözəl bir kişi, mənliyi yüksək olan bir insan genefondudur. Bunlar hamısı bilərəkdən törədilir. Bunlar hamısı düşünülmüş siyasətdir. Siyasət düşünülmüş cinayətdir. Yerdə kimlər qalır? Geylərlə , dovşanlarla, tülkülərlə dövlət qorumaq qolmaz. Niyə bu gənclər Suriyaya getməlidir? Qoy qalsınlar öz vətənlərində, öz torpaqların, namusların, qeyrətlərin qorusunlar. Düzdür, hər bir ana üçün fəxrdir ki, övladı şəhid olsun. Amma bu fəxrdirsə, qoy öz vətəni, torpağı uğrunda şəhid olsun. Nəyə görə mənim igid oğlanlarım mənim öz torpağım düşmən tapdağı altında olduğu halda gedib Suriyada, ya İraqda vuruşmalıdır?
-Gənclərin Suriyada vuruşmalarına cəmiyyətimizdə müxətlif yanaşmalar var…
-Yox, bilirsiz burda düşüncə var. Mən deyim ki, düzgün qəbul etmirəm, bu da düz olmaz. Mən fitva verə bilmərəm ki, getməyin. Bunlar hamısı imanın dərəcəsindən asılıdır. Mən ona sual versəm ki, sən niyə getdin? Cavab verəcək ki, mən öz mömin qardaşımın köməyinə getmişəm. Onun buna haqqı var. Bilirsiniz, biz çox zaman günahkarları, bu qırğınlara səbəb olanları yox, icraçıları ittiham edirik. Bəşər dövlət başçısıdır, niyə bu qırğınlara səbəb oldu? Bunlar ittiham olunmalıdır. Hakim qüvvələri yaşadan xalqdır. Onlara xidmət etmək lazımdır. Işləyən, əziyyət çəkən və sonda yenə də zülmə məhkum olunan da dinc əhalidir. Elə bir həddə çatıblar ki, öz xalqına qarşı silaha əl atırlar. Bu düzgün deyil. Sən öz xalqına qarşı nəyə görə çıxmalısan? Başa salmaq üçün Allah sənə dil, söz verib. Məgər sən də bu xalqın bir övladı deyilsən? Əsas xalqdır, onu razı salmaq lazımdır.
-Müasir gənclərin əxlaqı sizi qane edirmi?
-Azərbaycan bu gün Avropaya inteqrasiya edir. Kimdənsə yaxşı nəsə öyrənmək hər zaman gözəldir. Azərbaycan Qərb mədəniyyətini Şərq əxlaqı ilə cilovlamasa karvansaraya çevrilər. Hər bir xalqın özünəməxsus mədəniyyəti var. Biz Şərq mədəniyyəti ilə cilalanmışıq. Bizim xalqımız yüksək əxlaqi dəyərlərə sahib olan bir mədəniyyətə sahibdir. Bizim babalarımız-nənələrimiz ailə quranda bir-birilərini görməyiblər. onlar da heç vaxt ayrılma qərarına gəlməyiblər. Çünki onlarda etik normalar var idi, hər iki tərəf də bu qaydalara əməl edirdi. Indi etik qaydalar çox pozulur. Boşanmalar artır, əsas bəhanə isə xasiyyətin düz gəlməməsi olur. Sokrata müraciət edirlər ki, biz övladımızı tərbiyə etmək istəyirik. Deyir uşağın neçə yaşı var? Cavab verirlər ki, altı aylıqdır. O da cavabında deyir ki, siz altı ay gecikmisiniz. Mən isə belə düşünmürəm ki, övladın tərbiyəsi valideynin kiçik yaşlarından başlanmalıdır. Əgər insan uşaq vaxtı tərbiyə görməyibsə, onun övladı hansı tərbiyədə olacaq? Bu nəsilliklə gələn bir prosesdir. Biz keçmişdən gələn genefondu itirməməliyik. Ailədə qızın qız, oğlanın oğlan yeri var. Ancaq heç birinin mənliyinə toxunmaq olmaz. Mənlik insan üçün ən böyük zirvədir. Çünki Allah hər bir insana mənliyinə görə qiymət verəcək. Əgər tərəflər bir birinin mənliyinə toxunmasa bu zaman xasiyyətləır də düz gələr. İndiki gənclərdə səbr yoxdur. Dildir də, bir söz deyir, başı salır bəlaya. Səbrli olanda hər şey öz yerin tapır. Kimin günahsız, kimin günahkar olduğu çıxır ortaya. Avropada təharət olmayıb. Müsəlmanlar Avropaya elm, təmizlik gətirdilər. O zamanlar Avropada insanlar musiqi alətlərinə üstünlük verirdilər. Onlar musiqi alətini atıb elmə keçdilər.
-Nə üçün İslam dini məhz Şərqdə yarandı?
-Bilirsiniz, Şərq elə bir yer idi ki, burada bütün biabırçılıqlar var idi. Qanun da belə yerə təzahur etməli idi ki, oranı xilas etsin. Insanın bütün əməllərini qanun cilovlamalıdır. Ərəblərdə murdarçılıqdan tutmuş gözəlliyə qədər hər hal mövcud idi. Buna görə də Allah özü ora Peyğəmbərləri göndərdi ki, yaxşını pisdən ayırmağa müvəffəq olsunlar. Quranda belə bir ayə də var: “Ey insanlar, unutmayın ki, biz sizi bir zaman bütün insanlardan üstün etdik.” Yəni məlumdur ki, bütün Peyğəmbərlər bu bölgədə peyda olubdur. Hər peygəmbərin gəlişi həmin yer üçün yenilik, təmizlik, paklıq demək idi.
-Dinin təriqətlərə parçalanmasının qarşısını almaq üçün Sizcə nə etmək lazımdır?
-Mən düşünürəm ki, orta məktəblərdə dini dərslər tədris olunmalıdır. Gələcək nəsillər anlamalıdır ki, onların bir yolu var, bu da Əhli- beyt yoludur. Azərbaycanın coğrafi mövqeyi çox mürəkkəbdir. Hər tərəfdən bura müxtəlif təsirlər ola bilər. Buna görə də Azərbaycan elə bir mövqe tutmalıdır ki, ona heç bir təriqətin təsiri olmasın. Araşdırılmış, təsdiq olunmuş və Peygəmbərin dövründə mövcud olmuş dini biz qəbul edib, təlqin etməliyik. Peygəmbərin dövründə bu təriqətlər yox idi, indi niyə olmalıdır? Islam gözəl bir dindir. Görün nə gözəl deyilir: “Ey Rəbbim, biz Sənə, Sənin mələklərinə, bütün kitablarına, bütün Peyğəmbərlərinə iman gətirdik. Biz Sənin kitabların və göndərdiyin Peyğəmbərlər arasında fərq qoymarıq”. Əgər müqayisə aparsaq, biri orta məktəb, biri institutdursa, o biri artıq akademiyadır. Ona görə mən deyirəm ki, İslam insanlıq akademiyasıdır.
-Dəmiryolçu ailəsində böyümüsünüz. Fəhləlikdən bu səviyyəyə gəlmisiniz. Hər halda yaman gün heç unudulmaz…
-O bünövrədir, dayaqdır, bayraqdır. İnsan o günləri unudursa o nankordur, haramzadadır. İnsan heç kimdir. Insanı var edən Allahdır. Onu necə danmaq olar? Səni sən edən Allahdır. Deyirəm ey Rəbbim, heç mənə cənnəti vermə, cəhənnəm qorxusu ilə də yaşamıram. Desən ki, elə bir dünya budur, yenə səcdə edib, şukr edəcəyəm. Deyirəm ya Rəbbim, olmasaydın Sən, mən qüdrət sahibi olsaydım, mən özüm Səni yaradıb, Sənə itaət edərdim.