İsrail ABŞ-dən “yaşıl işıq”ı ALDI – Qəzzanın sonrakı taleyi NECƏ OLACAQ?
“HƏMAS-ın 7 oktyabrda İsrailə hücum etməsindən sonra iki il keçməsinə baxmayaraq, İsrail hələ də Qəzza məsələsində arzuladığı nəticəni əldə edə bilməyib”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Siyasi təhlilçi İsrailin “Axios” nəşrinin ABŞ prezidenti Donald Trampın Baş nazir Benyamin Netanyahuya Qəzzadakı əməliyyatlar üçün “yaşıl işıq” yandırması ilə bağlı dərc etdiyi informasiyaları, habelə rəsmi Təl-Əvivin Qəzza ilə bağlı strategiyasını şərh edib.
Onun sözlərinə görə, son dövrlərdə İsrail Qəzza sahillərini boydan boya işğal edərək, bölgəyə gələcək yardımların qarşısını almağa çalışır:
“İsrail, HƏMAS-ın əlindəki girovların öz nüfuz məsələsi halına gəldiyini əsas tutaraq, Qəzza xalqının HƏMAS ilə birgə həmrəyliyini önləmək istəyir. Bu məqsədlə, HƏMAS-a yardımın çatmasına maneə törətmək üçün əllərindən gələni edirlər. İsrailin hərbi səfərbərlik elan etməsinin səbəbi Qəzzaya hücum etdiyi zaman Livan və Suriyadan gələ biləcək hər hansı bir hücumun qarşısını almaqdır. Bunun üçün, İsrail hərbi birliklərini həm də Livan və Suriya sərhədlərinə yerləşdirir. Bütün bu əməliyyatların ABŞ-dən xəbərsiz həyata keçirilməsi mümkün olmadığından, Trampın İsrailə tam dəstək verdiyi barədə xəbərlər sızdırılaraq, beynəlxalq legitimlik əldə etmək məqsədi güdülür”.
H. Oktay əlavə edib ki, xüsusilə Trampın Qəzza xalqının bölgədən çıxarılması ilə bağlı açıqlamasından sonra İsrailə qarşı böyük bir etirazın yaranması diqqət çəkib:
“Bu səbəbdən, İsrail həm diplomatik fəaliyyətlərini davam etdirir, həm də mətbuat vasitəsilə ictimai rəy yaratmağa çalışır. İsrail bu əməliyyata qarşı durulmasının qarşısını almaq məqsədilə Trampın Netenyahunu dəstəklədiyini ön plana çıxarır. İsrailin hədəfi girovları azad etmək, HƏMAS-ı tamamilə məhv etmək və ya Qəzzada heç bir insanın qalmayacağı qədər döyüşləri davam etdirməkdir. Lakin, bir tərəfdən, Suriyada sabitliyin yaranmasının qarşısını almağa çalışan və Türkiyəni qarşısına alan İsrail, digər tərəfdən də Qəzzada böyük bir hərbi əməliyyat başlatması ilə bölgədə ciddi təhlükələr yaradır”.
Rafi Müslümov