İsraildən “Rəfah” güzəşti: Ancelina Colinin gəlişinin, yoxsa Trampın Netanyahuya təzyiqinin əsəri?

media-hightechnic-468x90

İsrail Qəzza zolağında yerləşən “Rəfah” sərhəd-keçid məntəqəsini bir neçə gün ərzində açmağı planlaşdırır. Bu məqsədlə İsrail tərəfi keçid məntəqəsində xüsusi yoxlama və nəzarət sistemi qurmağı nəzərdə tutur.

Yenicag.az xəbər verir ki, İsrailin “Kanal 12” televiziya kanalının məlumatına görə, Baş nazir Benyamin Netanyahu yaxın günlərdə Qəzzanın Misir sərhədində yerləşən “Rəfah” keçidinin açılması ilə bağlı rəsmi göstəriş verəcək.

Məlumata əsasən, İsrail Müdafiə Qüvvələri (İMQ) sərhəd-keçid məntəqəsinin Qəzza tərəfində xüsusi nəzarət mərkəzi yaradaraq giriş və çıxışları nəzarətdə saxlayacaq.

ABŞ-nin vasitəçiliyi ilə 10 oktyabr tarixində qüvvəyə minmiş atəşkəs və girov mübadiləsi razılaşması çərçivəsində İsrailin indiyədək “Rəfah” sərhəd-keçid məntəqəsini açmaması ciddi tənqidlərə səbəb olub. Xəbərdə Netanyahunun bu addımının Tramp ilə keçirdiyi görüş zamanı verdiyi siyasi güzəştlərdən biri olduğu qeyd edilir.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağına humanitar yardımın çatdırılması baxımından mühüm əhəmiyyət daşıyan “Rəfah” sərhəd-keçid məntəqəsini 2024-cü ilin may ayında nəzarətə götürmüşdü.

Təl-Əviv administrasiyası ötən ay verdiyi açıqlamada keçidin yalnız bir istiqamətdə — Qəzzadan çıxış üçün açılacağını bildirmişdi. Misir hakimiyyəti isə bu qərara etiraz edərək, onun “fələstinlilərin zorla köçürülməsi planının tərkib hissəsi” olduğunu bəyan etmişdi.

Hollivud ulduzu Ancelina Colinin cümə günü ziyarət etdiyi “Rəfah” sərhəd-keçid məntəqəsinin isə iki istiqamətdə fəaliyyət göstərməsi planlaşdırılır. 50 yaşlı aktrisa keçidin açılmasına çağırış edərək bildirib ki, yanacaq və həyati əhəmiyyət daşıyan tibbi ləvazimatlar kifayət qədər və operativ şəkildə Qəzzaya çatdırılmalıdır.

Qəzza müharibəsinin dayandırılması məqsədilə ABŞ-nin rəhbərliyi altında hazırlanmış 20 maddəlik sülh planının təminatçıları sırasında Türkiyə, Misir və Qətər yer alır.

Razılaşmanın birinci mərhələsində HƏMAS və İsrail arasında girov mübadiləsi həyata keçirilib, həmçinin İsrail hərbçiləri əvvəlcədən müəyyən edilmiş “sarı xətt”ə geri çəkiliblər. Hazırda İsrail ordusu Qəzza zolağının təxminən 53 faizinə nəzarət edir.

İkinci mərhələdə isə HƏMAS-ın silahı yerə qoyması və Qəzzanın gələcək idarəçiliyində iştirak etməməsi tələb olunur. Qəzza zolağının idarə olunmasının müvəqqəti olaraq HƏMAS üzvü olmayan fələstinlilərdən ibarət texnokratlar komitəsinə verilməsi planlaşdırılır.

Bununla yanaşı, Donald Trampın sədrliyi altında yaradılması nəzərdə tutulan Sülh Şurası çərçivəsində bölgəyə Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) yerləşdirilməsi də gündəmdədir.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa