İxracın artması daxili bazara necə təsir edir? - İqtisadçıdan açıqlama

media-hightechnic-468x90

Qeyri-neft sektorunda ixracın artması ilə bağlı rəsmi statistik göstəricilər müsbət dinamikanı nümayiş etdirsə də, bu artımın daxili bazara təsirləri müzakirə mövzusuna çevrilib. Xüsusilə yeyinti məhsulları üzrə ixracın yüksəlməsi fonunda ölkə daxilində qiymətlərin enməməsi, əksinə, bəzi hallarda artım müşahidə olunması suallar doğurur. Ekspertlər hesab edir ki, bu vəziyyət bazar iqtisadiyyatının təbii nəticəsi olsa da, daxili istehsalın yetərsizliyi problemini daha qabarıq göstərir.

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib ki, ixracın artması daxili bazarda qiymət artımını şərtləndirən əsas amillərdən biridir.

media-natiq_ceferli-2

Onun sözlərinə görə, ixracın daha sərfəli olması istehsalçıların məhsullarını xarici bazarlara yönəltməsinə gətirib çıxarır ki, bu da daxili bazarda təklifin azalmasına səbəb olur:

“Bu, iqtisadi qanunauyğunluqdur və bazar mexanizmləri ilə izah olunur. Məhsul daha yüksək qiymətə satıla bilən bazarlara yönəlir və nəticədə daxili bazarda məhsul qıtlığı yaranır. Bu isə qiymətlərin artımını şərtləndirir. Bu baxımdan baş verənlər təəccüblü deyil”.

Ekspert qeyd edib ki, mövcud vəziyyətdə əsas problem daxili tələbatın yerli istehsal hesabına tam şəkildə ödənilə bilməməsidir. Onun fikrincə, qəbul olunan proqram və qərarlara baxmayaraq, ölkədə istehsal həcmi hələ də daxili bazarın ehtiyaclarını qarşılamaq səviyyəsində deyil:

“Hazırda əsas məsələ ondan ibarətdir ki, daxili bazarın tələbatını ödəmək üçün kifayət qədər istehsal gücü formalaşmayıb. Resursların məhdudluğu, istehsal zəncirindəki problemlər və digər amillər bu sahədə tam təminatı əngəlləyir”.

İqtisadçı əlavə edib ki, xüsusilə kənd təsərrüfatı və ərzaq məhsulları sektorunda bu tendensiya daha aydın hiss olunur:

“Həmin məhsulların xarici bazarlarda daha yüksək qiymətə satılması istehsalçıların ixraca üstünlük verməsinə səbəb olur. Bu da daxili bazarda təklifin azalmasına və qiymətlərin stabil qalmaq əvəzinə artmasına gətirib çıxarır. Nəticədə istehlakçılar daha yüksək qiymətlərlə üzləşirlər”.

Sonda ekspert vurğulayıb ki, problemin aradan qaldırılması üçün daxili istehsalın artırılması, istehsalçılar üçün stimullaşdırıcı mexanizmlərin genişləndirilməsi və bazarda balansın qorunması istiqamətində daha effektiv addımlar atılmalıdır. Onun fikrincə, əks halda ixracın artması müsbət göstərici kimi qiymətləndirilsə də, daxili bazarda qiymət artımı tendensiyası davam edəcək.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05