Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olmuşlar.
Nümayəndə heyətini qəbul edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə qonaqları salamlamış, paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat vermişdir. Asif Əsgərov son illərdə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlərdən danışmış, bu nailiyyətlərin qazanılmasında Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük rolunu qeyd etmişdir. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri-birinə nə qədər yaxın olmasını vurğulayan natiq Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan söz açmışdır.
Ölkəmizdə səfərdən məmnunluq hissi keçirdiyini deyən nümayəndə heyətinin rəhbəri, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başçısı və Heydər Əliyev Mədəniyyət Mərkəzinin rəhbəri Bilal Dündar Azərbaycanın inkişafından qürür duyduğunu bildirdi. O, təmsil etdiyi bələdiyyə ilə Bakı şəhəri Nəsimi bələdiyyəsi arasında dostluq və qardaşlıq münasibətlərinin davam etdirilməsinin vacibliyindən danışdı. Eyni zamanda qeyd etdi ki, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Ümumilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə iştirakları nümayəndə heyətinin hər bir üzvünün ürəyincə olmuşdur.
Natiq çıxışına davam edərək Ulu Öndər Heydər Əliyevin Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin qurulmasındakı əvəzsiz xidmətlərini xüsusi qeyd etdi.
Sonra nümayəndə heyətinin üzvü “Hüriyyət” Xəbərlər agentliyinin təmsilçisi Mustafa Bağdıken 1999-cu ilin 17 avqustunda baş vermiş zəlzələnin faciələrindən danışdı. Baş vermiş fəlakətin aradan qaldırılması üçün ilk köməyə gələn dövlətin Azərbaycan olduğunu bildirdi. 1 noyabr 1999-cu ildə Ümumilli Lider Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə birgə Kocaelidə olmasını bildirərək, həmin görüşdəki xatirələrindən söhbət açdı. Bildirdi ki, bu gün Ümumilli Liderin anım gününə həsr olunmuş tədbirdəki sərgidə nümayiş olunan fotoları məhz həmin görüşlərdə çəkmişdir.Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olundu.
Türkiyənin İzmit bələdiyyəsinin nümayəndə heyətinin səfəri 14 dekabr 2017-ci il tarixədək davam edəcəkdir.
www.yenicag.az