“Jurnalistlər istənilən məsələni qaldırıb müzakirəyə çıxarırlar”
“Azərbaycan Şərqlə Qərbin qovuşduğu, müsəlman Şərqində 97 il əvvəl ilk parlamentli respublika quran, 140 il əvvəl Şərqdə ilk qəzet buraxan ölkədir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşündə deyib.
Azərbaycanda yaranan demokratik respublikanın 95 il əvvəl Sovet Rusiyası tərəfindən işğal olunduğunu qeyd edən Ə.Həsənov sovet dövründə də Azərbaycanda jurnalistika ənənəsinin inkişaf etdiyini, peşəkar jurnalistikanın formalaşdığını vurğulayıb: “1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli KİV-lər qlobal informasiya məkanına inteqrasiya etməyə başladılar, ölkədə azad media formalaşdı. Hazırda 2008-ci ildə qəbul edilən KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası çərçivəsində Azərbaycanda azad, demokratik mətbuatın formalaşdırılması istiqamətində ardıcıl iş aparılır. Azərbaycan mediası tam sərbəstdir, jurnalistlər istənilən məsələni qaldırıb müzakirəyə çıxarırlar. Ölkədə gündəlik 40-a yaxın qəzet nəşr olunur, 5 mindən çox media qurumu, 20-yə yaxın agentlik var. İnternetə giriş sərbəstdir, bu da sosial medianın genişlənməsinə şərait yaradır. Ölkə əhalisinin 70 faizdən çoxu İnternet istifadəçisidir”.
***
“Erməni xalqını öz ekstremist fəaliyyətinin girovuna çevirib, qonşulara ərazi iddiaları üzərində meydan oxumaq bu dövlətin gələcəyini şübhə altına alır”
“Çox təəssüf edirik ki, Ermənistan qeyri-konstruktiv mövqeyini, beynəlxalq hüquq normalarına meydan oxumağı davam etdirir. Faktiki olaraq beynəlxalq hüquq normalarının bütün prinsiplərini pozur və açıq-aşkar bu mövqeyini dünyaya çatdırır”.
Bunu Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ermənistanın girovlarla bağlı tutduğu mövqeyə münasibət bildirərkən deyib.
Ə. Həsənov bildirib ki, dünyada ikili standartların hökm sürdüyü belə bir zamanda Ermənistanın bu addımları cavabsız qalır: “Amma biz Azərbaycan dövləti olaraq Ermənistanı, o cümlədən onun söykəndiyi, arxalandığı bəzi dairələri xəbərdar edirik ki, bu tipli bəyanatlarla, bu tipli təfəkkürlə, siyasi dünyagörüşü ilə dövlət qurmaq, idarə etmək olmaz. Əgər sözün həqiqi mənasında beynəlxalq hüquq normalarına azca da hörmətlə yanaşırlarsa, heç olmasa öz xalqlarının maraqlarını nəzərə alsınlar. Erməni xalqını öz ekstremist fəaliyyətinin girovuna çevirib, qonşulara ərazi iddiaları üzərində meydan oxumaq bu dövlətin gələcəyini şübhə altına qoyur, sual altına alır”.
***
“Obyektivlik, qərəzsizlik, faktın dəqiqliyi jurnalistika üçün çox vacib prinsipdir”
“Azərbaycan dövləti öz həyatını azad mediasız təsəvvür etmir”.
Bunu Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşündə deyib.
Ə.Həsənov bildirib ki, bu gün dünyada baş verən qloballaşma prosesində müasir media qarşısında mühüm vəzifələr durur: “Media qurumları arasında rəqabət təbiidir, ancaq rəqabət sağlam zəmin üzərində qurulmalıdır. İstəyirik ki, bu, dünyada qəbul edilən dəyərləri gözdən salmağa deyil, bu dəyərləri daha da zənginləşdirməyə yönəlsin. Təəssüf ki, bunun əksi ilə qarşılaşmalı oluruq. Dünyada cərəyan edən hadisələr hətta bəzən çox nüfuzlu xəbər agentlikləri tərəfindən birtərəfli rakursdan işıqlandırılır, siyasi mənafelərə uyğun şəkildə təqdim olunur. Bir sıra hallarda mediaya yoxlanılmamış, qərəzli və ya sifariş xarakterli informasiyalar yol tapır. Bu, beynəlxalq aləmdə ikitərəfli münasibətlərə zərər vurur”.
Ə.Həsənov qeyd edib ki, müxtəlif informasiya agentliklərinin, media qurumlarının öz siyasəti var: “Bu, belə də olmalıdır. Lakin obyektivlik, qərəzsizlik, faktın dəqiqliyi jurnalistika üçün çox vacib prinsipdir. Biz yalnız bu halda sağlam düşüncəyə əsaslanan ümumi anlaşmaya nail ola bilərik. Bu, xüsusən indi bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhlükələrlə üzləşdiyi bir vaxtda daha vacib və əhəmiyyətlidir. İnsanların obyektiv informasiya alması onların tək öz ölkələrində deyil, ümumən dünyada baş verən hadisələri dolğun, düzgün qiymətləndirmək imkanı yaradır”.
***
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 3-də qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçiriləcək qondarma “parlament seçkiləri”nə münasibət bildirib.
Ə. Həsənov deyib ki, Dağlıq Qarabağda həyata keçirilən istənilən birtərəfli addım, siyasi, sosial aksiya Azərbaycan tərəfindən müvafiq münasibətlə qarşılaşacaq: “Ermənistan dövləti bu əraziləri işğal edib. Onun bu ərazilərdə həyata keçirdiyi hər hansı tədbir işğalçı dövlətin başqa dövlətin ərazisində həyata keçirdiyi tədbir kimi dəyərləndiriləcək”(apa).