!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karantin cərimələri: Kimi yüksək olmasından şikayətlənir, kimisi isə beş mislini tələb edir

!Reklam – Yazi

“Yolları dezinfeksiya etməkdənsə, insanlara maska və əlcək paylanılardı.” 

Bu sözləri Yenicag.az-a açıqlamasında gənc fəal Seymur Nazar mövcud karantin rejimi ilə bağlı fikirlərini bölüşərkən deyib.

O, əlcək və maskada olmasına rəğmən, evdən çıxdığı üçün cərimələndiyini bildirib: “Evə ən yaxın bank 28 Metro stansiyası tərəfdə yerləşir, kartımla bağlı problem var idi, pulsuz qalmışdım. Polis evdən çıxdığım üçün cərimələdi. Soruşdum ki, nə olacaq, indi gedə bilərəm? Cərimə yazandan sonra deyir ki, indi gedə bilərsən. Gedəcəkdimsə, niyə cərimə yazıldı ki?”

S.Nazar hesab edir k, heç olmasa, bir dəfə insanlara xəbərdarlıq edilməlidir:

“Bizi 100 manat cərimələyirlər ki, niyə maskan yoxdur, amma soruşanda ki, yaxınlıqdakı apteklərdə maska, əlcək var, deməyə sözləri olmur.

Gündə ən azı on aptek gəzirik. Üç gündür aldığım maskanı hər dəfə spirtləyib təzədən taxıram ki, özümü qoruyum”.

Kirayə qaldığı mənzilin sahibindən bu ayı nəzərə almasını xahiş edən fəal düşünür ki, bu müddət ərzində insanlara sosial təminat ödənilməlidir.

Gənc fəal Rəbiyyə Məmmədova hesab edir ki, karantin rejimində günəmuzd işləyən insanların sosial vəziyyəti nəzərə alınmalıdır:

“Biz insanlardan evdə qalmağını tələb ediriksə, mütləq şəkildə onların qeydinə qalmalıyıq. Sosial yardım paketləri hazırlanmalıdır.”

Psixoloq Nərmin Şahmarzadə 100 manat cərimənin böyük məbləğ olduğunu düşünür:

“Ümumiyyətlə, qadağanı dəstəkləmirəm, düşünürəm ki, virus insanlara keçsə, belə, orqanizm bununla mübarizə aparacaq və qalıb gələcək. Sadəcə, insanlar qorxudan, narahatlıqdan ölürlər və ölənlərin əksəriyyəti yaşlı insanlardır. Evində yaşlı insan olmayanlara, tək yaşayanlara bu qadağa qoyulmamalıdır.

Mən dəniz kənarına taksi ilə və ya piyada gedirəmsə, sosial məsafəni saxlayıramsa, mənə niyə qadağa qoyulmalıdır ki?”

İtaliya və İspaniya kimi durumu kritik vəziyyətlərdə olan ölkələrdə təkbaşına gündə bir saat gəzməyə icazə verildiyini qeyd edən fəal Rüstəm İsmayılbəyli bizdə də bu məsələyə baxılmasını təklif edir:

“Elə xəstə insanlar var ki, onlar hərəkətsiz qala bilməzlər. Bir ay boyunca onların evdə hərəkətsiz qalması ölümlə nəticələnə bilər. Bu məsələyə baxılsa, daha yaxşı ola bilər.”

Jurnalist Vüsal Məmmədov mövcud vəziyyəti dəyərləndirərkən karantinlə bağlı bütün qərarları təqdir etdiyini söyləyib. O, bildirib ki, biz hazırda virusa qarşı müharibə vəziyyətindəyik və bundan çıxış edərək, qələbə üçün lazım olan bütün addımlar atılmalıdır:

“Hərbi dövrün qaydaları müzakirə edilmir. Cərimələrə gəlincə, indiki halda maskasız gəzmək təxminən başqasının sağlamlığına bilərəkdən xətər toxundurmağa bərabər sayılmalıdır. Düzdür, məbləğ mənə də çox görünür, amma insanları məsuliyyətli olmağa məcbur etmək üçün görünür bu, lazımdır. Hərçənd, maskaya görə cəriməni, onun satış problemi tam həll olunana qədər dondurmaq lazımdır. Çünki, maska tapa bilmirəmsə, onu taxmadığıma görə cərimələnməyim absurddur.”

Karantin rejimi elan edilən zaman Türkiyədə təxliyə edilən azərbaycanlılar içərisində olan Azərbaycan Diasporu İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili atılan addımların təqdirəlayiq olduğunu qeyd edib:

“Azərbaycanda xalq və hakimiyyət birliyi yarandı. Ölkə başçımız və birinci Vitse-prezidentin çağırışlarının xalq tərəfindən böyük rəğbətlə qarşılanması bu birliyin bariz nümunəsidir. Onların xalq üzərində diqqət və qayğısı hiss olunur”.

T. Allahverdili Operativ Qərargahın çağırışlarına əməl etməyən insanların cərimələrinin daha da artılılmasını vacib sayıb:

“Səbəbsiz yerə çölə çıxan insanlar düşünməlidir ki, bu cərimələr bizə də tətbiq oluna bilər. Bu cərimələrin tətbiqini kiminsə cibinə girməkdən ötrü dəstəkləmirik, ona görə dəstəkləyirik ki, bəlkə kimlərsə, maddiyyatdan çəkinib öz həyatlarını təhlükəyə atmazlar. Bu səbəbdən də cərimələrin Gürcüstanda olduğu kimi beş mislində artırılması lazımdır”.

 

Aslı İsmayılzadə

COP29

www.yenicag.az

1841
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv