!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş “çekist”: “Agentlərin siyahısını açmaq o xidmətin özünə zərər vurmaq deməkdir” - MÜSAHİBƏ

!Reklam – Yazi

Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının yaranması tarixindən 99 il ötür.

Xüsusi xidmət orqanlarının yaranma tarixi, keçdiyi yol və hazırki durumu ilə bağlı suallarımızı ləğv edilmiş MTN-in keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant İlham İsmayıl cavablandırıb.

Yenicag.az İlham İsmayılla müsahibəni təqdim edir:

– Azərbaycanın xüsusi xidmət orqanlarının yaranması tarixindən danışaq.

– 1919-cu il mart ayının 28-də Səmədağa Mehmandarovun göstərişi ilə təhlükəsizlik xidməti ordunun tərkibində “Genarali kvartimeyster” deyilən bir təşkilat idi, əsasən də kəşfiyyat və əks-kəşfiyyat məsələlərini yerinə yetirirdi. Əvvəlcə Məmmədbağır Şeyxzamanlı, sonra isə qardaşı Nağı bəy Şeyxzamanlı bu işi davam etdiriblər. Çox çətin dövr idi, ətrafda hər cür fitnə-fəsad törədənlər, hər cür satqınlar vardı, ermənilər də qırğınlar törədirdilər. Bu təşkilat lazım idi. Xüsusi xidmət orqanları hər bir dövlətə lazımdır. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndə, həmin təşkilat da ləğv edildi.

– Müstəqillik illərinə təsadüf edən “Difai” təşkilatı da var idi. Bir çoxları o təşkilatı “Xüsusi xidmət orqanı”, bəziləri isə “Dərin dövlət” adlandırır. Əslində nə idi?

– “Difai” partiya kimi yaranmışdı. 1905-ci ildə “Fədai” ictimai təşkilatı, səhv etmirəmsə, 1912-ci ildə “Difai” adını alıb, partiya kimi fəaliyyətə başladı. Bilirsiniz, bu təşkilatın yaranmasının əsas səbəbi ermənilərin 1905-ci ildən başlayaraq, türkləri Qarabağdan çıxartmağın qarşısını almaq idi. Burada Əhməd bəy Ağaoğlunun rəhbərliyi ilə o dövrün ziyalıları böyük işlər görüblər və yeri gələndə erməni terrorçularının qətlini də təşkil ediblər. Bu, əks-kəşfiyyat deyildi, sadəcə vətəndaşların dövlətin görəcəyi, amma görmədiyi vəzifəni yerinə yetirməsi idi. Tarixdə belə hadisələr çox olub. Rusiya tarixinə baxdıqda görərik ki, XVI əsrin əvvəllərində çar qaçır, polyaklar Rusiyanı tutur. Heç bir rəsmi qüvvə də ortaya çıxmır. Knyaz Minin və Pojarski ölkəsinin müdafiəsini təşkil etdi. Onların heykəli Qırmızı meydandadır. Heykəlin altında da yazılıb ki, “Rusiya sizə minnətdardır”. Əhməd bəy Ağaoğlu da vətəndaş olaraq ayağa qalxmışdı. Onun özü Şuşadan idi və Qarabağın başı üzərindəki təhlükəni görürdü, mübarizəni də buna görə təşkil etmişdi. “Dərin dövlət” dediyimiz elə budur. Ancaq o təşkilat bizim professional anlamda qəbul etdiyimiz xüsusi xidmət orqanı deyil. Yasamal qəbiristanlığında da o abidəni görməmiş olmazsınız. Əhməd bəy Ağaoğlunun qəbri yoxdur, ancaq onun və bir neçə nəfər şəxsin orada adının yazıldığı türbə var.

-Yeni yaranan dövlətin xüsusi orqanları üçün də ilk vaxtlar yəqin çətin olub.

– İlk dövr üçün çətin olsa da, bu, əsas deyil. Əsas, dövlətin o struktur qarşısında hansı vəzifələri qoymasıdır. Bu vəzifələrin mahiyyətindən asılı olaraq peşəkarlıq yaranır. Osmanlının da, İranın da, Rusiyanın da kəşfiyyat və əks-kəşfiyyatı olub. Çoxları elə bilir ki, Rusiyanın kəşfiyatı ancaq “KQB” olub. Hələ İvan Qroznının vaxtından cəsus şəbəkəsi mövcud olub. Çar dövründə Çar Mühafizə İdarəsi vardı. Həmin idarədən çox adamı “ÇK” sisteminə işə götürmüşdülər. İsrail dövləti 1948-cu ildə yaranıb. İllərdir ki, İsrailin Mossad kəşfiyyat idarəsi, Şabak əks-kəşfiyyat təşkilatı dünyanın ilk beşliyində gələn xüsusi xidmət orqanıdır. İsrailin minillik dövlətçilik ənənəsi yoxdur. Ancaq dövlətin qarşısına qoyduğu məqsəddən çox şey asılıdır. Əsas olan da budur.

– ADR süqut etdi, Azərbaycan SSRİ-nin tərkibinə qatıldı. SSRİ dünyanın söz sahiblərindən biri idi və tək lider olmaq iddiası vardı. Təbii ki, belə bir dövlətin xüsusi xidmət orqanı da dünyanın ən güclülərindən olmalı idi. Bu, Azərbaycan xüsusi xidmət orqanına nə qazandırdı?

– Azərbaycan SSR DTK-da bütün istiqamətlərdə strukturlar mövcud idi. Respublika olduğu üçün Azərbaycanda bütün xidmətlər vardı. Minskdə təhsil alanda bizi təkmilləşməyə göndərməzdən öncə kurs işini əvvəlcədən müəyyənləşdirirdilər. Müəllimimiz dedi ki, sizdə bütün xidmətlər var, orada özləri həll edəcəklər. SSRİ-nin tərkibində “NKVD”-nin Azərbaycanda da strukturları yarandı və bütün ölkədə olduğu kimi bizdə də bu, bir cəza orqanı rolunu oynadı. 1920-21-ci illərdə 40 min, Stalin dövründə isə 400 min adam güllələnib, yarım milyon adam da sürgün olunub. Çox təəssüf ki, Sovet İttifaqında ən çox repressiyaya məruz qalan respublikalar içərisində Azərbaycanın adı öndə gəlir, amma SSRİ-də millətçilikdən danışılanda Azərbaycanın adı çəkilmirdi.

– Sovet dövründə Azərbaycandan olan kəşfiyyatçılara qarşı münasibət necə idi?

– Bizim kəşfiyyatın rəhbəri uzun müddət İlhüseyn Hüseynov olub. O, çox ciddi bir mütəxəssis idi. İran, Türkiyə və bəzi Afrika ölkələrində kəşfiyyat işləri İlhüseyn Hüseynovdan soruşulurdu. İranda, Türkiyədə bizim Azərbaycandan olan kəşfiyyatçılardan istifadə ediblər. Dil bilməsi, islam dininə mənsub olması kəşfiyyat üçün yeri gələndə çox önəmli faktorlardandır.

– 80-ci illərin sonunda artıq milli oyanış başlamışdı. Siz də işin içərisində idiniz. O zaman xüsusi bir tapşırıqlar olurdumu?

– 1986-cı ildə Qazaxıstanda ilk kütləvi etirazlar, hadisələr baş verəndən sonra bizə də göstərişlər gəlirdi ki, millətçilik baş qaldırır, bunun qarşısı alınmalıdır. Proses elə gedirdi ki, bu, qarşısıalınmaz idi. Qorbaçovun irəli sürdüyü üç tezis içərisindəki “aşkarlıq” sözü kifayət edirdi ki, 70 ildə gizlənən eybəcərliyin üzə çıxması təlatüm yaratsın. Bunun qarşısını almaq mümkün deyildi. Məlum olurdu ki, çox vaxt pis tanıdıqlarımız yaxşı olub, yaxşı tanıdığımız isə pisdir. Təlimatlar sona qədər gəlirdi. Azərbaycanda Çənlibel təşkilatı yarananda da bilirdik ki, orada kimlər var, hansı işləri görürlər. Ancaq bunun üzərinə 37-ci ildəki kimi getmək mümkün deyildi. SSRİ-də, xüsusən də Andropovun dövründə xalqın etimadını qazanmaq əsas qarşıya qoyulan məqsəd idi. Ona görə də həbslərə gedilmədi. Leqal və qeyri-leqal profilaktika aparılırdı. 80-ci illərin sonunda isə artıq profilaktika da işə yaramırdı.

– Bunu görəndə nə edirdiniz?

 

 

– Bütün SSRİ-də əsas xətt millətçilik idi. Hər kəs azadlıq və millət haqqında fikirləşirdi. Bizdə isə bu, ikiqat idi. Ortada Qarabağ məsələsi vardı. Belə olan halda Dzerjinski nə deyib, Lenin hansı fikirləri söyləyib, artıq önəmli deyildi. Azərbaycan xüsusi xidmət orqanlarının 80 faizi məhz milli mənafeyi üstün tutmuşdu. Milli mənafe uğrunda mübarizə aparırdıq. Artıq yuxarıdan da heç kim deyə bilmirdi ki, siz fərqli davranın. Ölkəmizin ərazisi əldən gedirdi və buna qarşı çıxmalıydıq. Daha təlimat da göndərmirdilər.

– SSRİ dağıldı, Azərbaycan dövləti yarandı. Ancaq dövlətin xüsusi xidmət orqanlarının əməkdaşları əvvəllər SSRİ üçün çalışan şəxslər idi. Bir müddət sonra milli hisslər azalmağa başladı, artıq maraqlar, siyasət, pul, ikili işləmələr meydana gəldi. Bizim xüsusi xidmət orqanları necə işlədi?

– Peşəkarın vəzifəsi Konstitusiya, dövlət, qanun nə deyirsə, ona əməl etməkdir. Nə olsun ki, o vaxt Rusiyada təhsil almışam. Artıq o ideologiya ölmüşdü. Biz istəyirdik ki, müstəqil olaq və Azərbaycan dövlətinə xidmət edək. Şəmkirdə rəis olanda artıq Azərbaycan 1 ay idi ki, müstəqil olmuşdu. Üçrəngli bayrağın fonunda Milli Təhlükəsizlik Nazirliyi yazılan lövhəni divara vuranda qürur hissi keçirirdim. Sovet sisteminin mahiyyəti ən çox, xüsusi xidmət orqanlarının əməkdaşlarına bəlli idi. Biz bilirdik ki, hər şey süni, qurama, zor və güc üstündə dayanıb.

– SSRİ dağılandan sonra informasiyaların satılması məsələləri ortaya çıxdı. Azərbaycanda bu kimi hallar oldu?

– Azərbaycanda informasiya satmaq mənasında heç nə olmadı. Sadəcə, bəzi informasiyalar bəzi adamlara uyğun olmadığından sonradan arxivdən götürülməsi barədə xəbərlər yayıldı. Ancaq bizdə informasiya satan, bunu biznesə çevirən olmadı.

– Amma Rusiyada oldu.

– Yadınızdadırsa, bizim Maliyyə naziri haqqında informasiyanı guya Şvets (“DTK” baş idarəsinin ABŞ-da keçmiş zabiti) yaymışdı. O, açıq demişdi ki, bu, mənim biznesimdir, yalan danışa bilmərəm, yalan danışsam sabah məndən heç kim heç nə almayacaq. O, vaxtilə hansı qiymətə aldığını da dedi. Bir faktı da deyim: jurnalistlər, dostlarımız dəfələrlə deyiblər ki, xüsusi xidmət orqanlarının arxivləri açılsın.

– Bəs sizcə açılsın, yoxsa…

– Arxivlər açıqdır. Sadəcə bilmirlər ki, arxiv başqa şeydir, agentura şəbəkəsi başqa. Agentura şəbəkəsi arxiv deyil. Arxivə girmək üçün mütəxəssislər müraciətlər edir, gedir, işləyirlər. Yəni konkret tarixi hadisələr haqqında məlumat toplamaq mümkündür, amma informasiya mənbələri açılmaz.

– Belə bir fikir formalaşıb ki, sənədlər açılsa ölkədə qardaş müharibəsi olacaq.

– Agentura şəbəkəsi açılsa, qardaş müharibəsi olmasa da, ölkədə çox hadisələr baş verər. Təsəvvür edin, kimsə bilir ki, atası casus olub. O adamın vəziyyətini fikirləşmək kifayət edir. Bura Baltikyanı ölkələr kimi deyil. O respublikalarda bu sənədlər açıldı. Onlar da soyuqqanlı qarşıladılar. Bizdə belə məsələlərə münasibət çox sərtdir.

– Biz şərqliyik axı…

– Elədir, şərqliyik. Bu məsələlərə satqınçılıq kimi baxırıq. Bəlkə də casus olan ata dövlət üçün çox vacib bir iş görüb. Bizim cəmiyyət ona yaxşı baxmayacaq. Bizim cəmiyyət baxacaq ki, o danosçudur, qonşudan da xəbər verib. Çünki istər SSRİ dönəmində, açığını deyim ki, elə indi də agentə tapşırıq veriləndə belə fikir formalaşır. Halbuki, onun vəzifəsi, ümumiyyətlə, xüsusi xidmət orqanının vəzifəsi hakimiyyətlərin deyil, dövlətin təhlükəsizliyini qorumaqdır. Onun ailəsinin, qohum-əqrabasının vəziyyətini təsəvvür edirsinizmi? Bundan əlavə, nəyə görə xüsusi xidmət orqanları agentlərinin kimliyini açıqlamalıdır ki? Siyahını açdıqdan sonra yenidən casus cəlb etmək asan olmayacaq. Əsas informasiyanı çatdıran agentlərdir. Texnika nə qədər inkişaf edir-etsin, agenti heç nə əvəz edə bilmir. Çünki təsir gücünə malik olan insandır. İnsanı əvəz edən ikinci güclü informasiya mənbəyi yoxdur. Agentlərin siyahısını açmaq ən birinci o xidmətin özünə zərər vurmaq deməkdir. Bir dəfə açılandan sonra nə etsən də, kimsə xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməz. Nə qədər də desən ki, adını heç yerdə deyilməyəcək, deyəcəklər ki, bəs filankəslərin adını niyə açmısınız və mənim adımın gizli qalacağına kim zəmanət verə bilər?

– İnsanlar bunu daha çox siyasətçilərə görə deyir, onların harasa, kimlərəsə işlədiyini bilmək istəyirlər.

– Azərbaycanda əsl siyasətlə SSRİ faktiki dağılmağa başlayanda məşğul olmağa başladılar. Ona görə zaman keçdikcə siyasilərin tez-tez cəbhə dəyişməsi normal bir məsələ idi. Cəmiyyətdə isə elə bir fikir formalaşır ki, bu adamlar, sizin dediyiniz kimi harasa, kiməsə işləyir.Təbii, belələri də olub və bu gün də var. Onlar da, əgər xüsusi xidmətlə bağlıdırsa heç zaman açılmayacaq, yox konkret fərdlərə bağlıdırsa, o elə indidən məlumdur. Xüsusi xidmət orqanı agent cəlb edəndə heç vaxt sıravi adamları seçmir. İnformasiya daşıyıcısı olmayan, xəbər ala bilməyən adam xüsusi xidmət orqanının nəyinə lazımdır?

– Bizim siyasətə gələk. Hazırda siyasətimizdə “satqınsan” davası gedir.

– Əqidəsini satan adamın xüsusi xidmət orqanına heç bir dəxli yoxdur. Kimsə bu gün bu partiyada olub, sabah başqa partiyaya keçibsə, burada xüsusi xidmət orqanlarına aid bir şey yoxdur. Kimsə dünən başqa cəbhədə, bu gün tamam əks yerdədirsə onu mütləq xüsusi xidmət orqanı ilə bağlamaq düzgün deyil. İndi seçki prosesi başlayıb. Namizədlərin yarısı vaxtilə Əbülfəz Elçibəyin komandasında olub. Bu, o adamların öz seçimidir. Bəli, siyasətçilərin arasında xüsusi xidmət orqanlarının informasiya mənbələri var. Amma xüsusi xidmət orqanı heç kimə zorla əqidə dəyişdirmir. Ola bilsin ki,yeri gələndə 1-2 nəfəri şirnikləndirərək digər tərəfə zərbə vurmaq üçün başqa tərəfə çəkərlər.

– Eldar Mahmudovun rəhbərlik etdiyi MTN-i necə qiymətləndirirsiz?

– Bu barədə mətbuatda kifayət qədər açıqlamalar verilib, o cümlədən mən də münasibət bildirmişəm. Eldar Mahmudov xüsusi xidmət orqanlarına ağır zərbə vurdu. Eldar Mahmudov dövründə cəmiyyət xüsusi xidmət orqanının adı gələndə quldurluq görürdü, o adamlar ancaq əyri işlərlə məşğul idilər. Bütün bunları aradan qaldırmaq üçün indiki xüsusi xidmət orqanlarının üzərinə böyük yük düşür. Bu günə qədər xeyli iş də görüblər. Ən azı bunu adi xəbərlə də hiss edərsən ki, artıq Eldar Mahmudovun dövrü deyil, artıq əməkdaşlar öz professional işi ilə məşğuldurlar. Rəhbərliyin atdığı bəzi açıq addımlar da cəmiyyətin etimadını qazanmasına yönəlib. Bu istiqamətdə müəyyən işlər getdiyini hamı görür, sadəcə, hər şey birdən-birə olmur. Xüsusi xidmət orqanlarında birinci iş kadrlardır. O kadrların yetişdirilməsi, onun qarşısında qoyulan tələblər, bütün bunlar hamısı yüksək dövlətçilik xətti ilə aparılanda Azərbaycan dövlətinin gələcəyi də etibarlı olacaq.

– Hazırda Azərbaycan Ermənistanla həm də informasiya müharibəsi aparır. Sosial şəbəkələr yaranandan sonra artıq sərhəd deyilən bir şey qalmayıb. Ermənilər bizim içərimizdədir, biz də onların… Etiraf edək ki, biz ermənilərdən geri qalırıq. Onlar xüsusi qurumlar şəklində, külli miqdarda pullarla işlər görürlər, bizdə isə daha çox pərakəndəlik var. Guya azad blogerləri var, ancaq bilinir ki, yetişdirilmiş adamlardır. Bizdə informasiya müharibəsi daha çox qırmızı xəttlərlə aparılır: “onu yazmaq olmaz, bunu etmək olmaz”. Bu, nə qədər doğrudur?

– Ümumiyyətlə, bu sahəyə diqqət yetirilməyib. Biz çox şeyi Rusiyadan nümunə götürürük, ancaq Rusiyanın informasiya müharibəsi barədə heç nə öyrənmək istəmirik. Rusiya bir dənə “Today Russia” layihəsi ilə az qala bütün dövlətlərin tv-lərinə girib. Hər gün də görürük, bütün dünyanı öz informasiyaları ilə inandırmaq istəyirlər ki, biz Kırımı işğal etməkdə haqlıyıq, Ukrayna isə haqsızdır. Avropada oturan adi bir adam da fikirləşir ki, Rusiya düz deyir. Çox təəssüf ki, bizdə informasiya müharibəsi aparmaq üçün mərkəz yoxdur. Bunlar hamısı beyin mərkəzlərinin məhsuludur. Diasporaya ayrılan pulların 10 faizi bu istiqamətə ayrılsaydı, bizə kiminsə lobbiçilik etməyinə ehtiyac qalmayacaqdı. Xocalı faciəsinin ildönümündə tədbirlər keçirtməklə iş həll olmur. Bu işi beyin mərkəzlərinə tapşırıb, keçmiş və indiki vacib sahələr üzrə mütəxəssisləri cəlb etməklə istiqamətləri müəyyənləşdirib, maliyyə ayırıb, iş görmək lazımdır.

– Bir neçə gün öncə Yevlaxda olanda qəribə hadisənin şahidi oldum. Radionu çevirəndə tezlik 2 erməni kanalını tutdu. Sonradan məlum oldu ki, tv kanalları da göstərir. Sabah ermənilər Azərbaycan dilində tv və radio açıb, istədikləri məlumatları ötürsə, belə başa düşülür ki, biz onların qarşısını ala bilməyəcəyik. Əsas gətirirlər ki, Şuşadakı teleqülləyə görə erməni tv və radioların yayımının qarşısını ala bilmirik.

– Müasir dövrdə Şuşanın hansı yüksəklikdə yerləşməsi məsələsi rol oynamır. Bu işlər komleks proqram şəklində həll olunmalıdır. Erməni bizim efirə girə bilirsə, biz də onların efirinə girə bilərik, ancaq bunu məqsədyönlü şəkildə etməliyik. Biz düşmənli xalqıq, bu işi fərdlərə buraxmaq olmaz. Bu, dövlət tərəfindən kompleks proqram şəklində hazırlanmalıdı. İnformasiyanın alınmasının əsas vasitələrindən biri də texnikadır. Sizin dövrünüzdə texnika bu qədər də inkişaf etməmişdi.

– Texnika inkişaf etdikcə məsələ dəyişir. Əvvəllər böcək aparıb qoymaq bir proses, onu götürmək isə başqa bir proses idi. Və bunu heç kəs görməməli idi. Texnika təkmilləşdikcə xüsusi xidmət orqanının işi asanlaşır. Obyekt gəlib, onu dinləmək lazımdır, ora girməyin bir əfsanəsi uydurulmalıdır, çox inandırıcı və təbii olmalıdır. İndiki dövrə baxanda o zaman bunlar hamısı çətin idi. İndiki vasitələri deyə bilmərəm, amma onu bilirəm ki, telefonlar, sosial şəbəkələr artdıqca insanların izlənməsi daha rahat olur.

– İnsanlar xüsusi xidmət orqanının adını eşidəndə nədənsə qorxurlar, hamı elə bilir ki, izlənilir…

– İnsanlarda belə bir təsəvvür var ki, anadan olandan onları izləyirlər. Bu, daha çox totalitar rejimlərin vətəndaşlarında yaranan düşüncədir. Ağıllı adam bilir ki, belə bir şey yoxdur. Bu gün elə düşüncə formalaşıb ki, MKİ hər yerdədir. Mossad haqqında danışılanda elə bilirlər ki, stolun altında oturub dinləyirlər. Amma heç bir xüsusi xidmət orqanı da bunu təkzib etməyə can atmır. Qoy elə də bilsinlər.

– Hazırda bizim hərbi kəşfiyyatımız hansı səviyyədədir?

– Hərbi kəşfiyyat haqqında heç nə deyə bilmərəm. Ancaq hərbi əks- kəşfiyyat haqqında danışmaq olar. Bu yaxınlarda orduda xainlərin, satqınların olması barədə hamı bildi. Bütün bunların qarşısını hərbi əks-kəşfiyyat almalı idi. Eldar Mahmudov dövründə hərbi əks-kəşfiyyata ögey münasibət bəslənilib. Bildiyimə görə, bu sahəyə indi daha peşəkar şəxsləri cəlb ediblər.

– Xüsusi ximət orqanların son zamanlardakı fəaliyyəti sizi qane edir?

– Dövlət Təhlükəsizlik Xidmətinin bugünkü rəhbərliyi yaxşı mənada çalışır. 2 il yarımdır ki, DTX yaranıb. Bu qısa müddətdə yaxşılığa doğru xeyli addımlar atılıb.Təbii ki, mən detalları bilmirəm, amma onu bilirəm ki, peşəkarların bəzilərini də yenidən xidmətə qaytarıblar. Onlara uğurlar arzulayıram, bayramlarını da təbrik edirəm.

Səxavət Məmməd
Fotolar: Cəmalə Əlizadə

COP29

www.yenicag.az

4229
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv