2022-ci il, Pələng ilinin başa çatmasına sayılı günlər qalıb. Maraqlıdır, görəsən, bu il məşhurların həyatında hansı xoş və kədərli hadisələrlə yadda qaldı?
Tanınmışlar Yenicag.az-ın sorğusunu cavablandırıb.
Arzu Abdulova, aktrisa:
“Pələng ili mənə çox uğurlu gəldi. Həm sənətimdə, həm şəxsi həyatımda üç arzum var idi, üçü də birdən reallaşdı. Amma bütün uğurlarımı, sevinclərimi yerlə-yeksan edən ağır bir hadisə yaşadım, dünyalar qədər sevdiyim atamı itirdim”.
Elməddin Cəfərov, aktyor:
“Düzünü desəm, bu il nə xoş, nə də kədərli, heç nə ilə seçilmədi. Amma geridə qalan 2022 elə geridə qalsa yaxşıdır”.
Ramin Hacıyev, rejissor:
2022-ci il ümumilikdə yaddaşımda elə bir iz buraxmadı. İlin əvvəlindən 5-6 ay “Space” televiziyasında çalışdım, serial və veriliş təqdim olunurdu. İlin sonunda isə “MTV” kanalındayam, kreativ qrupun rəhbəri kimi çalışıram. İndi burada mənim rəhbərliyimlə yumoristik verilişlər başlayacaq. Yay fəsli daha çox neqativlər və işsizliklə yadımda qalıb. Ümumilikdə şükür edirəm, nə olursa, xeyirliyə olur”.
Nahidə Orucova, aktrisa:
“Bu il yaradıcılıq baxımından mənim üçün uğurlu il oldu. Bir il ərzində mütəmadi olaraq yeni-yeni tamaşalarda oynadım. İşimin müqabilində gözəl mükafatlar aldım. Pul mükafatım da oldu. Yayda gözəl istirahət etdim. Kədərli hadisələrdən də yan keçmədik. Bu il bir çox gözəl sənətkarları itirdik, onların itkisi məndə ağır iz buraxdı”.
Mikayıl Güləddinoğlu, aparıcı:
“2022-ci il mənim üçün ən ağır il oldu. Çünki anamın xəstəliyi daha da irəlilədi və bu ilin iyulunda anamı itirdim. Çox ağır il kimi yaddaşıma yazıldı”.
Kənan M.M, rejissor, aktyor:
“Bıy, 2022 bitir ki?”
Cəvahir
www.yenicag.az