!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kəndə meyitlərimizin gətiriləcəyini gözləyirdilər” - Sərhəd Hərəkatının iştirakçısı

!Reklam – Yazi

“Geri qayıdanda özümlə 20-30 raket-fişəng də götürmüşdüm…”.

1989-cu il dekabrın 31-də tarixə Sərhəd Hərəkatı kimi düşən SSRİ-İran sərhədinin sökülməsi aksiyasının iştirakçısı, milli-azadlıq hərəkatının fəallarından biri olmuş Xudeş Əsgərov Yenicag.az-a müsahibəsində 28 il əvvəl baş verən tarixi hadisəni xatırlayır.

– 28 il əvvəlki tarixi hadisənin – SSRİ-İran sərhədlərinin sökülməsi ideyası necə yarandı?

– O dövr artıq milli-azadlıq hərəkatı geniş vüsət almışdı və Dağlıq Qarabağ məsələsi ilə yanaşı Güney Azərbaycan məsələsi, xalqımızın ikiyə parçalanması kimi faciə də gündəmə gəlmişdi. Bu məsələ Naxçıvanda xüsusilə qabarırdı. İkiyə bölünmək kimi ümummili məsələ hamını narahat edirdi. Eyni zamanda, Naxçıvan camaatının əksəriyyətinin Güneydə qohum-əqrəbası yaşayırdı. Ancaq bildiyiniz kimi, o dövrdə onlarla əlaqə saxlamaq olduqca çətin, bəzən isə mümkünsüz olurdu. Bizim sərhəd boyu yığışmağımızın başqa bir səbəbi də həm qarabağ məsələsində Azərbaycanın həm SSRİ-də, həm də dünyada təklənməsi idi. Güneyli soydaşlarımızın o çətin vaxtda dəstəyini, həmrəyliyimizi görmək istəyirdik.

1989-cu ilin payızında Bakıda Xalq Cəbhəsinin konfransı keçirildi və orada Naxçıvandan mən də daxil olmaqla dörd nəfər iştirak etdik. Naxçıvana qayıtdıqdan sonra isə, konkret desəm, noyabrn 18-də sərhəd ərazilərində, Araz çayının sahilində çadır qurduq. O zonanı demək olar ki, gecə-gündüz tərk etmirdik, səsimiz çatan qədər Güneylilərlə danışırdıq. Deyim ki, bizim fəallığımızı görən o taydakı soydaşlarımız da hərəkətə keçmişdilər.

Ancaq təbii ki, bu işlər hamar getmirdi. Sovetin sərhəd qoşunları bizi oradan kənarlaşdırmaq üçün çox cəhdlər edirdilər. Qorxudurdular, üstümüzə “BMP” də sürürdülər, ancaq xeyri olmurdu.

Nəhayət, dekabrın 31-də ümumi bir rəylə sərhədləri sökdük. İnanın ki, tikanlı məftilləri söküb, əlimizi Araz çayının o suyuq suyuna vuranda keçirdiyimiz hissləri ifadə etmək çox çətindir.

Bu aksiyanın çox faydası oldu. Əvvəla, bununla millətimizin iradəsini ortaya qoyduq ki, heç bir sərhəd bizi ayırmaq iqtidarında deyil. Digər tərəfdən, bütün dünya biz azərbaycanlıların ikiyə bölünmüş xalq olduğunu öyrəndi.

– Hər halda, sərhədlərin sökülməsi ani verilmiş qərar deyildi. Oraya toplaşanlar arasında nəsə bir tərəddüd vardımı? Axı söhbət SSRİ kimi dövlətin sərhədini dağıtmaqdan gedirdi…

– Oraya toplaşanların çox millətçi insanlardı və onlar heç nədən qorxub-çəkinmirdilər, heç bir tərəddüdləri. O vaxtkı kommunistlərin bir qrupu isə bu aksiyanın baş tutmamasına çalışırdılar, təxribat xarakterli hərəkətlər edirdilər. Onlar kəndə bizim meyidlərimizin gələcəyini gözləyirdilər. Yəni belələri də var idi.

Ancaq kəndə meyidimiz yox, özümüz sağ-salamat qayıtdıq. Hətta 20-30 raket-fişəng də götürüb kəndimizə – Qarabağlara qayıtdım. Yəni əhalinin əksər hissəsində sərhədləri sökməyə qətiyyət vardı, buna hazır idilər. Onları kim məcbur edə bilərdi ki? Sərhədlər sökeləndən sonra bu taydakıların çox, o cümldən də mən, xeyli qohum-əqrəbamızı tapdıq.

– Ancaq o zaman sərhədlərin sökülməsini təxribat adlandıranlar da vardı…

– Biz orada heç bir təxribat törətməmişik. O vaxt “KQB”-nin rəhbərliyi biz yerləşdiyimiz ərazilərə gəlib bizi hədələyidilər. Onlara deyirdik ki, axı biz heç nə etmirik, sadəcə, toplaşmışıq, həmrəylik göstəririk, istəyirsiz bizi güllələyin, xeyri yoxdur.

– Ancaq bəzi iddialar var ki, o vaxt sərhədlər sökülməyib, yalnız sərhəd zonasındakı müəyyən ərazinin tikanlı dirəkləri uçurulub…

– Əlbəttə ki, bu iddialar doğru deyil. O gün konkret sərhədlər sökülüb. Ondan əvvəl sovet qoşunlarını yenə oraya tökmüşdülər, hətta ərazini minalamaq istəyirdilər. Onların komandirinə dedim ki, buraları minalasaz da, camaat yenə keçib gedəcək. Bu təkidimizdən sonra onlar çəkildilər öz zastavalarına. Əsas istədikləri də bu oldu ki, kütlə zastavaya, yəni onlara tərəf gəlməsin.Biz də sərhədə qədər gedib tikanlı məftilləri sökdük. Yenə deyirəm, elə iddialar boş söhbətlərdir.

– Sərhədlər söküləndən az sonra 20 yanvar hadisələri baş verdi. Bundan istifadə edib sərhəd aksiyasının fəallarından həbs edilənlər oldu?

– Yox, həbs edilən olmadı. O zaman Şərur “KQB”-sinin sədri Seyidov məni idarəyə çağırdı və dedi ki, sən İrana keçibsən. Dedim, hə keçmişəm, nə olsun? Soruşdu, ordan nə gətiribsən? Sərt formada cavab verdim ki, getmişdim içimizdəki erməniləri güllələmək üçün silah gətirim. Soruşdu, erməni kimdir? Qayıtdım ki, biri elə sən özün. Yoxsa, məni bura gətirməzdin. O da seyid idi axı… Dedi, dur çıx get, xatanı uzaq elə (gülür).

– 28 il keçdikdən sonra bütün dünyaya səs salan o sərhəd hərəkatı indi necə dəyərləndirirsiz?

– Əlbəttə ki, iştirakçısı olduğum o hadisəni hər zaman yüksək qiymətləndirirəm. Hər şey gözümün qabağında canlanır, sanki dünən baş verib… Hər şey başqa cür də ola bilərdi. Yəni ora toplaşan insanları öldürə və aksiyanın qarşısını qırğın törədərək ala da bilərdilər. Ancaq biz düzgün davranaraq, qırğına imkan vermədik və sərhədləri sökdük. Hesab edirəm ki, bu, bizim tariximizin ən qiymətli səhifələrindən biridir. Elə Dünya Azərbaycanlıların Həmrəylik Günü kimi bir bayram da öz başlanğıcını o hadisədən, sərhədlərin sökülməsindən götürür. Doğrudan da, şərəfli tarixdir.

A.Zeynalov

www.yenicag.az

4717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv