Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclası keçirilib.
Yenicag.az xəbər verir ki, iclasda İƏT-in baş katibi Hadi Süleymanpur, quruma üzv ölkələr – Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, İran, Əfqanıstan və Tacikistanın dövlət özəlləşdirmə qurumlarının rəhbərləri, həmçinin Avropa İttifaqı (Aİ) və Beynəlxalq Maliyyə Korporasiyasının, digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
İclasda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov ölkədə müasir çağırışların tələblərinə uyğun həyata keçirilən ardıcıl islahatlar haqqında məlumat verib.
Komitə sədrinin sözlərinə görə, aparılan islahatlar sayəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını daha da möhkəmləndirməkdə, kənd təsərrüfatı, inşaat, maliyyə, nəqliyyat, rabitə, ticarət, xidmət kimi sahələrin investorlar üçün cəlbediciliyini artırmaqdadır.
Kərəm Həsənov bildirib ki, ölkədə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi, torpaq inzibatçılığı və istifadəsi üzərində daha səmərəli nəzarətin təmin olunması məqsədilə Peyk Nəzarət Sistemi kimi iri layihələr icra olunur. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üzrə çıxarışların 1 iş günü müddətində verilməsi, habelə bu çıxarışların elektron formata keçirilməsi mümkün olub.
Komitə sədri Azərbaycanda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində həyata keçirilən islahatlardan ətraflı danışaraq bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahənin modernləşdirilməsi, müasir idarəetmə standartlarının tətbiqi, o cümlədən dövlət-özəl tərəfdaşlığının qurulması istiqamətində uğurlu nəticələr əldə edilir.
Həsənov qeyd edib ki, özəlləşmə prosesinə xarici investorların cəlb edilməsi məqsədilə dünyada tanınan bir çox investisiya fondlarına, kommersiya və investisiya banklarına, habelə xarici şirkətlərə özəlləşdirmədə iştiraka dair dəvətlər göndərilib. “Elektron hərrac”ın keçirilməsi özəlləşmə sahəsində tətbiq edilən innovativ layihələrdəndir. Şəffaflığın və məlumatlandırmanın daha da artırılması məqsədilə istifadəyə verilən “Özəlləşdirmə portalı”nda özəlləşməyə çıxarılan dövlət əmlakları barədə geniş spektrli məlumatlar təqdim olunur.
İclasda çıxış edən İƏT-in baş katibi Hadi Süleymanpur bildirib ki, Bakıda keçirilən bu tədbir ölkələr arasında özəlləşmə sahəsində təcrübə mübadiləsinin aparılması, üzv dövlətlərdə tətbiq olunan innovativ layihələrin öyrənilməsi, bu sahədə əlaqələrin qurulması baxımından uğurlu platformadır.
Daha sonra söz verilən nümayəndələr öz ölkələrində həyata keçirilən özəlləşdirmə prosesi və bu sahədə əldə olunmuş nəticələr haqqında məlumat veriblər.
Bu gün keçirilən iclasın yekununda Bakı Bəyannaməsi qəbul edilib.
A.Zeynalov
Foto: Allahverdi Məmmədov
www.yenicag.az