KİV haqqında qanun: “kifayət qədər çətinliklər yaradacaq”?

media-hightechnic-468x90

yenicagkivAydın Quliyev: “Dəyişikliklər mətbuatda qanunsuz fəaliyyətin qarşısını almaq üçün ciddi əsas verəcək”

Bəhruz Quliyev: “Bu istiqamətdə atılan addımlar demokratik düşüncə tərzinin məhsuludur”

Rauf Arifoğlu: “Bizim üçün kifayət qədər ciddi problem və çətinliklər yaradacaq”

Azərbaycan Milli Məclisinin dünən keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişiklik qəbul edildi. Qəbul edilən layihəyə görə, qanunun 3-cü maddəsinə (Əsas anlayışlar) “oxşar ad” termini əlavə edilir və onun təsnifatı göstərilir: “Oxşar ad–əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar”. Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan edilir.

Bundan başqa, dəyişiklikdə xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsi də nəzərdə tutulur.

Qərəzli yazılara görə haqsız olduğuna dair barəsində məhkəmə tərəfindən il ərzində 2 dəfə qərar verilən media orqanının dərcinə və yayımına xitam verilməsi barədə qanuna dəyişiklik edilməsi təklifi də müzakirəyə təqdim olunub. Hazırda bu, il ərzində 3 dəfədir.

Görəsən media kapitanları gözlənilən bu əlavə və dəyişikliklərə necə münasibət bəsləyir?

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Yenicag.az saytına açıqlamasında bu dəyişiklikləri məqbul bildi: “Düzəlişlərlə bağlı artıq neçə ildir ki, Mətbuat Şurasının İdarə Heyətində müzakirələr aparılıb. İdarə Heyəti üzvləri zaman-zaman mətbuatda çıxışlarında bu dəyişikliklərə ciddi ehtiyacın olduğunu vurğulayıblar. Yaxşı haldır ki, nəhayət bu çağırışlarımıza dəstək gəldi və millət vəkilləri məsələnin nə dərəcədə ciddi olduğunu nəzərə alaraq, mətbuatdakı mənfi tendensiyaların qarşısını almaq üçün atılacaq addım və sanksiyaları qanuniləşdirmək qərarına gəldilər. Xüsusən də məhkəmə xəbərdarlığının sayı məsələsi, eyni adda mətbuat orqanlarının qeydiyyatının qadağan olunması, bunlar illərdir ki, narahat edən məsələlər idi. Reket qəzetlərinə Mətbuat Şurasının Reket Komissiyası tərəfindən dəfələrlə cəza verilsə də, onlar buna əhəmiyyət verməyərək, yenə də öz işlərindədir. Artıq öz işlərində ola bilməyəcəklər. Dəyişikliklər onların bu qanunsuz fəaliyyətinin qarşısını almaq üçün ciddi əsas verəcək. Oxşar və eyni adda mətbu orqanlarının qeydiyyatdan keçməsi də ciddi bir problem idi. 2003-cü ildə “Baki-Xəbər” yaranan zamandan qısa müddətdə populyar olduğuna görə, adında xəbər sözü olan 10-dan artıq yeni media orqanı yarandı. Bu isə kopyalamaq, media orqanının inkişafının qarşısını almaq cəhdi idi. Bəziləri bu yolla “inkişaf etməyə cəhd göstərirdi. Oxşar adda media orqanının qeydiyyatdan keçməsi indiyə kimi bizə çoxsaylı problemlər yaradıb. Ona görə bu istiqamətdə baş verəcək dəyişikliyi də dəstəkləyirəm. Xaricdən maliyyələşən media orqanı məsələsinin də ciddi məsələ olduğunun fərqindəyəm. Amma indiyə qədər xarici mənbədən maliyyələşən media orqanının olub-olmadığı barədə hər hansı bir məlumata malik deyiləm. Lakin buna baxmayaraq, bu düzəliş də ciddi praktik əhəmiyyətə malikdir. Bu istiqamətdə konkret faktlar olacaqsa, ciddi fakt olaraq onu da qəbul edəcəyəm. Xüsusilə indiki şəraitdə informasiya məkanı sahəsində ölkənin təhlükəsizliyini təmin etmək, hərbi sahədə informasiya təhlükəsizliyinə etibarlı təminat yaratmaq istiqamətdə bu vacib bir düzəlişdir. Ölkənin informasiya təhlükəsizliyini qorumaq barədə düşünürüksə, burada xarici mənbələrdən maliyyələşən informasiya orqanlarının fəaliyyət göstərməsi müəyyən ziddiyyətlər yarada bilər. Ölkənin özünün KİV-ləri maliyyələşdirmək üçün imkanları kifayət qədərdirsə, media orqanının xaricdən maliyyələşdirilməsi bir qədər qəribə görsənir. Ona görə bu düzəlişlərin ölkənin inkişafına, cəmiyyət və dövlətin maraqlarına cavab verəcəyinə inanıram”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev: “Zaman-zaman qanunlarımız aliləşir. Zamanın nəbzinə uyğun olaraq modernləşir. Dünya praktikasında da bu var. “KİV Haqqında” qanuna əlavə və dəyişiklikdə nəzərdə tutulan hər üç müddəa çox vacibdir. Azərbaycanı sevməyən, ona ikili baxış standartı tətbiq edən beynəlxalq təşkilatlar var. Onların buradakı əlaltıları bəzən Azərbaycana qarşı haqsız yerə manipulyativ yazılar verir. Haqsız yerə Azərbaycanı günahlandırır, ölkəmiz barədə qeyri-real informasiyanı kənara çıxarırlar. Xarici mənbələrdən maliyyələşən mətbuatın fəaliyyətinin qadağan ediməsi vacib şərtdir. Azərbaycanda KİV-ə Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir. Azərbaycan dövlətinin mövqeyini fikirləşən KİV-lər həmin fond vasitəsilə maliyyələşir. Azərbaycanın əleyhinə kampaniya aparıb, kiminsə istəyini reallşadırırsa, deməli onun ölkəmizdə fəaliyyəti qadağan olunmalıdır. Ölkədə bu istiqamətdə atılan addımlar demokratik düşüncə tərzinin məhsuludur”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə məsələyə müsbət yanaşmadı: “Mətbuatla bağlı parlamentdə müzakirə olunan əlavə və dəyişikliklər məhdudlaşdırmadır, anti-demokratik mahiyyət kəsb edir. Bizim üçün kifayət qədər ciddi problem və çətinliklər yaradacaq. Ona görə də KİV haqqında qanuna əlavə və dəyişiklikləri müsbət baxımdan qəbul edə bilmərəm”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600