“Qurban Qurbanov təsadüfi transferlər etmir, komandaya, oyun fəlsəfəsinə uyğun gələn futbolçulara üstünlük verir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında yay transfer pəncərəsinin bağlanması və Azərbaycan komandalarının transfer siyasəti barədə danışan idman jurnalisti Natiq Muxtarlı deyib.
Onun sözlərinə görə, Azərbaycan klublarının transfer siyasəti, demək olar ki, yoxdur:
“Bir-iki klubu çıxmaq şərtilə, digərləri transfer pəncərəsinin açılmasını “bazarlıq” kimi qəbul edir. Yəni hər transfer pəncərəsi zamanı ən azı 7-8 futbolçu göndərilir, bir o qədər də gətirilir. Beləcə, dövlətin futbola ayırdığı vəsait “yuyulur”. Yay transfer pəncərəsində “Neftçi”ni 11 futbolçu tərk edib, baş məşqçi Roman Qriqorçuk da daxil olmaqla 10 transfer həyata keçirilib. “Neftçi”nin durumu göz önündədir: komanda çempionatın aşkar autsayderidir. Bu durum “Neftçi” rəhbərliyini narahat edirmi? Qətiyyən. Onlar artıq qış bazarlığına hazırlaşırlar. Yəqin ki, qışda da 10 futbolçunu göndərib, bir o qədər də gətirəcəklər”.
N.Muxtarlı qeyd edib ki, “Qarabağ”, “Zirə” və “Turan Tovuz”u çıxmaq şərtilə digər bütün klublarda transfer siyasəti “Neftçi”dəki kimidir, əsl bazarlıqdır:
““Qarabağ” uzun illərdir ki, klubun inkişaf strategiyasına əsaslanan transferlər həyata keçirilər. Qurban Qurbanov təsadüfi transferlər etmir, komandaya, oyun fəlsəfəsinə uyğun gələn futbolçulara üstünlük verir.
“Qarabağ” üçün ən vacib xətt qapı ilə bağlı idi. Yayda bu mövqeyə iki transfer həyata keçirilib. İndi qalır onların hansı səviyyədə olduğunu bilmək. İndidən fikir bildirmək çətindir, çünki adaptasiya üçün ən azı 6 ay vaxt lazımdır. Şübhəsiz ki, bu transferlər o mövqedə rəqabətə səbəb olacaq. Hesab edirəm ki, “Qarabağ”ın müdafiə xəttinə də transfer ehtiyacı var. Xüsusən də dayaq müdafiəçisi lazımdır komandaya. Ancaq görünür, bu mövqeyə uyğun futbolçu tapa bilməyiblər. Ola bilsin ki, azad agent statusunda olan hansısa futbolçunu gələcəkdə dəvət edə bilərlər. Emmanuel Addai və Aleksey Kaşukun transferləri isə orta xətlə hücumu gücləndirə bilər. Kaşukun səviyyəsinə bələdik, amma çoxdandır ki, oynamır. Ona əvvəlki formasına qayıtması üçün vaxt lazımdır. Addai isə sanballı futbolçu olduğunu elə ilk oyundaca sübut etdi. Addai texnikalıdır, meydanı yaxşı görür, qol duyumu yerindədir”.
Ekspert əlavə edib ki, “Zirə”nin transfer siyasəti də komandanın inkişafına hesablanıb:
“Fikir verin, Rəşad Sadıqov yay transferi zamanı cəmisi iki futbolçu ilə yolları ayırdı. Yəni komandanın özəyi tam qorundu və əlavə transferlərlə boşluqları doldurmağa çalışdılar. Yeni transferlər adaptasiya dövrünü adladıqdan sonra “Zirə” daha rəqabətədavamlı olacaq.
Bu komandaların sırasına “Turan Tovuz”u da əlavə etmək olar. Kurban Berdıyev təsadüfi transferlər etməyəcək. O, öz oyun fəlsəfəsinə uyğun futbolçular tapmasa, elə əlindəki materiala güvənəcək. Komandanın özəyi qorunub, yenilər gəlib. Böyük ehtimalla, Berdıyev, qışda “Turan Tovuz”a uyğun gəlməyən futbolçularla vidalaşacaq.
Digər komandaların, o cümlədən “Neftçi”nin transfer siyasətini bazarlıq kimi xarakterizə edə bilərik. Özü də “yağlı bazarlıq”.
İsmayıl Bakuvi
www.yenicag.az