Kommunal xidmətlər hansı halda qanunsuz kəsilə bilər? - Hüquqşünas AÇIQLADI
Kommunal borca görə xidmətlərin dayandırılması qaydaları vətəndaşlar arasında ən çox müzakirə olunan məsələlərdən biridir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, istehlakçıların hüquqları və kommunal xidmət göstərən qurumlarla münasibətləri abonent müqavilələri ilə tənzimlənir.

Onun sözlərinə görə, vətəndaşa borcu ilə bağlı rəsmi bildiriş təqdim olunduqdan sonra ödəniş üçün bir ay müddət tanınır:
“Bu müddət ərzində borc ödənilməzsə, təbii inhisarçı qurumların məsələn, “Azəriqaz”, “Azərişıq” və digər şirkətlərin abonentə göstərilən xidməti dayandırmaq hüququ yaranır”.
Hüquqşünas vurğulayıb ki, bəzi hallarda xidmətin dayandırılması qanunsuz hesab oluna bilər. Belə ki, əgər vətəndaş borcla bağlı mübahisəni məhkəmə müstəvisinə çıxarıbsa və məhkəmədən müvəqqəti təminat tədbiri alıbsa, bu zaman xidmətin kəsilməsi qadağandır:
“Əgər vətəndaş məsələ ilə bağlı məhkəməyə müraciət edibsə və cavabdeh qurumun hərəkətlərinin (xidmətin dayandırılmasının) qarşısının alınması barədə qərar əldə edibsə, kommunal xidmətlərin kəsilməsi mümkün deyil”.
Ramil Süleymanov əlavə edib ki, məhkəmə qərarına baxmayaraq xidmət dayandırılarsa, bu, hüquqpozma sayılır və müvafiq qurumlar məsuliyyətə cəlb edilə bilər:
“Belə hallarda icra məmurları tərəfindən həmin qanunsuz hərəkətlərə hüquqi qiymət verilə və cəza tədbirləri tətbiq oluna bilər”.
Samir Məcidov













