“Konkret proqnoz vermək heç bir halda mümkün deyil”
İqtisadçı ekspert Pərviz Heydərov bildirir ki, manatın ucuzlaşması prosesinin devalvasiya olmadığı Rusiyada son günlər rublun bahalaşması fonunda bir daha əyani təsdiq olunur. Ümumiyyətlə, şimal qonşumuzdakı proseslər Azərbaycan üçün bir sıra nəticələr çıxartmaq baxımından, çox şey dedi.
“Əvvəla, aşkar şəkildə göründü ki, rus iqtisadiyyatı bazar mexanizmi əsasında daha çox çalışır, nəyinki bizimki… İkincisi, Rusiyada iqtisadi qanunlar daha açıq və çılpaq şəklində sözünü deyir, nəyinki bizdə.. Üçüncüsü, rus rublu daha çevik, dönərli və möhkəm valyutadır, nəyinki manat”-deyə ekspert sözlərinə əlavə edib.
“Ümumiyyətlə, Rusiyada çox mükəmməl və dəqiq pul-kredit mexanizmi işləyir ki, buna yalnız həsəd aparmaq mümkündür.Və ən əsası, Rusiya təcrübəsi göstərdi ki, ölkənin milli pul vahidinin arxasında yalnız hasilat deyil, istehsal sənayesi də durmasa, dəxli yoxdur ki, az və ya çox – rəqabətqabiliyyətli və qeyri qabiliyyətli, hətta neft baha olduğu halda da belə, həmin pulun dəyəri dövlət tərəfindən saxlanmalıdır. Necə ki, Azərbaycanda olduğu kimi. Odur ki, devalvasiya sözünü “saqqız” kimi yeri gəldi və gəlmədi çeynəyənlərə bildirmək istəyirəm ki, ölkəmizdə məsələn, yanacaq məhsulları daxil, bir sıra məhsulların qiymətlərinə Tarif Şurası nəzarət etdiyi kimi, manatın da dəyərinə Mərkəzi Bank baxır.. Belə şəraitdə isə, dəqiq və konkret proqnoz vermək heç bir halda mümkün deyil”-həmçinin ekspert Pərviz Heydərov bildirib.