“Bu virus gücünü bizdən, bizim məsuliyyətsiz və vecsiz davranışımızdan alır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirusa yoluxma hallarının yenidən artmasını şərh edən Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Sahib Alıyev qeyd edib ki, karantin rejiminin bitməsini istəyənlərin əksəriyyəti mövcud qaydalara əməl etmirlər. Bu laqeydlik isə müsbət gözləntilərin reallıq payını aşağı salır:
“Yoluxanların sayında yenidən artım qeydə alınır. Artım qeydə alınırsa, bu o deməkdir ki, karantin rejimi daha da sərtləşdirilə və uzadıla bilər.
Karantin rejiminin uzadılması isə təkcə ilin-günün bu vaxtında evə qapanıb qalmaq, sosial təcridin uzadılması demək deyil. Bu, iqtisadiyyatımıza, dolanışığa, təhsilə, nəhayət sağlamlığımıza təsirsiz ötüşməyəcək.
Ona görə də anlamalıyıq ki, COVİD-19-la bağlı edilən xəbərdarlıqları qulaqardına vurmaq olmaz. Bu virus gücünü bizdən, bizim məsuliyyətsiz və vecsiz davranışımızdan alır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etməklə, bir-birimizi, iqtidiyyatımızı, ölkəmizi qorumalıyıq”.
Gülşən Şərif
www.yenicag.az