Köynəyə görə dostunu öldürdü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdan adam öldürməkdə təqsirli bilinən Azərbaycan Dövlət Neft Akademiyasının III kurs tələbəsi, 1993-cü il təvəllüdlü Yusif Ələkbərzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesə hakim Eynulla Vəliyev sədrlik edib.
Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək Yusif Ələkbərzadənin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses günün ikinci yarısında davam etdiriləcək.
Xatırladaq ki, Yusif Ələkbərzadə bu il iyunun 5-də Bakıxanov qəsəbəsində – 96 saylı məktəbin həyətində dostu, 1992-ci il təvəllüdlü Elçin Abbasovu bıçaqlayaraq qətlə yetirib.
İstintaq zamanı məlum olub ki, 21 yaşlı Yusif Ələkbərzadənin dostu 22 yaşlı Elçin Abbasovun köynəyə görə qətlə yetirib. Hadisə baş verən günü Yusif Ələkbərzadə dostundan köynək istəyib. Lakin Elçin köynəyini Yusifə verməkdən imtina edib. Elə bunun üstündə onlar arasında mübahisə düşüb.
Söhbəti 96 saylı məktəbin həyətində davam etdirmək üçün görüş təyin ediblər. Aralarında yaranan mübahisə zəminində Yusif dostu Elçini bıçaqlayaraq qətlə yetirib və hadisə yerindən qaçıb. Buna baxmayaraq polis onu hadisədən bir gün sonra həbs edə bilib. (virtualorg.az)