!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kreml Qarabağ konfliktinin həllində mövqeyini itirə bilər" - Millət vəkili

!Reklam – Yazi

Rusiya mətbuatına açıqlamasında Aktual İqtisadiyyat İnstitutunun direktoru, rusiyalı politoloq Nikita İsayev bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasında effektivliyi itirir.

Qeyd edək ki, yaxın zamanlara qədər vasitəçilik missiyasında məhz Moskva aktiv görünürdü. Belə ki, münaqişə tərəfləri arasında baş tutan görüşlərin mütləq əksəriyyəti məhz Moskvanın vasitəçiliyilə reallaşıb. Amma məsələ bundan o yana keçməyib. Rusiya tərəflər arasında dəfələrlə görüş təşkil etsə də, hələ də Ermənistana konstruktiv mövqeyə gəlmək üçün hər hansı bir təzyiq göstərməyib. Bu fonda da münaqişə ölü nöqtədən tərpənmir. Belə bir dönəmdə isə son zamanlar Avropa İttifaqının münaqişənin tənzimlənməsi prosesində aktivləşməyə çalışdığı hiss olunur. Aİ rəsmiləri son bir-iki ay ərzində bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən bəyanatlarla çıxış ediblər. Moskva tərəfindən isə bu günə qədər beynəlxalq qanunlara söykənən belə bir bəyanatlar səslənməyib. Digər tərəfdən, Rusiya hərbi-sənaye kompleksinin sanksiyalara məruz qalması fonunda bu ölkə Qərb tərəfindən daha da sıxışdırılır. Belə bir vəziyyətdə, Moskva Qarabağ məsələsinin həlli istiqamətində yaxın tezlikdə əməli addımlar atmasa, onda demək olarmı ki, Rusiya Qarabağ münaqişəsində vasitəçilik missiyasında effektiv rolunu tam itirəcək?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Yenicag.az-a açıqlamasında bildirdi ki, Moskva Qarabağ konfliktinin həllinə ənənəvi yanaşma tərzini dəyişmədiyi təqdirdə, onun vasitəçilik missiyasında effektivliyi sözsüz ki, aşağı düşəcək:

“Hər halda Rusiyalı politoloq İsayevin Moskvanın Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilikdə effektivliyi itirə biləcəyi barədə dedikləri onun subyektiv fikridir. O, hər halda dövlətin rəsmi mövqeyini ifadə etmir. Bununla belə, həmin politoloqun bu fikrində müəyyən məqamlar var ki, onunla razılaşmaq olar. Hər kəsə bəllidir ki, münaqişənin həllilə 3 həmsədr dövlət məşğul olsa da belə, regiona ən yaxın və konfliktin həllilə bağlı proseslərə daha ciddi təsir imkanına malik olan dövlət məhz Rusiyadır. İşğalçı dövlət olan Ermənistanın da Rusiyadan son dərəcədə asılı vəziyyətdə olduğu bir reallıqda təbii ki, münaqişənin tənzimlənməsində rəsmi Moskvanın potensialı və imkanları daha böyükdür.

Rusiyalı politoloq söyləyir ki, tənzimlənmə prosesində Moskvanın effektivliyi azala bilər. Bu cümləni bir qədər fərqli şəkildə qoyardım. Hadisələrin gedişi onu göstərir ki, Rusiya münaqişənin həllilə bağlı prosesdə ənənəvi yanaşmalarından bir qədər geri çəkilərək, tənzimləmə prosesində daha ciddi və real addımlar atmalıdır. Ən azı o səbəbdən ki, artıq onun digər həmsədr dövlətlə, yəni ABŞ-la münasibətləri getdikcə daha da kəskinləşməkdədir. Xüsusən də Vaşinqtonun Rusiya hərbi-sənaye kompleksinə qarşı sanksiyaları baş tutmaq ərəfəsindədir. Belə olan təqdirdə, ABŞ Rusiya ilə hərbi sahədə ciddi layihələr həyata keçirən dövlətlərə qarşı da sanksiyalar tətbiq edəcəyini bəyan edib. Məsələyə bu kontekstdən yanaşdıqda, həmin sanksiya reallaşacağı təqdirdə, şübhəsiz ki, Ermənistana da öz təsirini göstərəcək.

Çünki Ermənistanın yeganə silah aldığı ölkə Rusiyadır. Şübhəsiz ki, Azərbaycan da Rusiya ilə hərbi sahədə əməkdaşlıq edir. Sanksiyaların tətbiqi fonunda mövcud vəziyyət Rusiya-Azərbaycan arasında həmin sahədə olan əməkdaşlığa da təsirsiz qalmaya bilər. Lakin Azərbaycan bu sferada da şaxələndirilmiş siyasət yürüdür. Azərbaycan təkcə Rusiyadan deyil, digər ölkələrdən də silah-sursat ala bilir. Amma Ermənistanın bunu həyata keçirtmək üçün birincisi, icazəsi yoxdur. Yəni Ermənistan kimi vassal dövlətin Rusiya ola-ola digər ölkələrdən silah-sursat alması qeyri-mümkün olan məsələdir. Hətta mümkün olsa da, Ermənistanın silah almağa vəsaiti yoxdur. Bütün bunlara əsasən belə qənaətə gəlmək olar ki, ABŞ məhz bu yolla Dağlıq Qarabağ münaqişəsinin çözülməsinə əvvəllər olmayan yeni şərtlər əlavə etmək istəyir. Yeni şərtlərin ortaya gəlməsi isə müəyyən mənada Rusiyanın prosesdəki ənənəvi və dominant mövqeyinə ciddi təsir göstərə bilər. Hesab edirəm ki, rusiyalı politoloq məhz bu məqamı nəzərə alaraq, Moskvanın münaqişənin tənzimlənməsi prosesində addımlarının effektivliyini artırmaqla bağlı sözügedən fikirləri səsləndirib”.

ELÇİN

COP29

www.yenicag.az

3678
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv