Moskvanın Serbiyada qurduğu casus şəbəkəsi Avropanın “ovuc içi”ndə saxlanması məqsədi daşıyır.
Yenicag.az xəbər verir ki, Böyük Britaniyanın “Daily Telegraph” nəşri Rusiyanın Serbiyada yaratdığı “casus ocağı” barəsində maraqlı araşdırma dərc edib.
Qəzetin əməkdaşı Serbiyanın Niş şəhərindəki sənaye zonasında Rusiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən qurulmuş Mərkəzə daxil olaraq, rəhbərliklə söhbətləşmək imkanı əldə edib.
Jurnalistin yazdığına görə, Mərkəzdə qərargahla əlaqə saxlamaq üçün peyklərlə təmin edilmiş Komanda Məntəqəsi, müxtəlif xilasedici vasitələrlə dolu anbar, həmçinin məşq üçün gimnastika divarı yaradılıb:
“Nişdəki Rusiya-Serbiya humanitar yardım Mərkəzi “casus yuvası”na bənzəməsə də, əslində o məqsədə xidmət edir”.
Mərkəzin Rusiyadan olan direktorlarından birinin – Viktor Quleviçin jurnalistin suallarını cavablandırmaqdan imtina etdiyi qeyd olunub:
“Mən bu barədə suallara cavab vermək istəmirəm. Ətrafa baxın və tam ciddiliyi ilə mənə deyin görüm, siz binanın harasında casus qurğusu görürsüz?”
Quleviç, o cümlədən Rusiya ilə Serbiya hökumətləri inandırmağa çalışırlar ki, sözügedən Mərkəz Dunay hövzəsində tez-tez baş verən meşə yanğınları və daşqınlar zamanı əhaliyə yardım göstərməklə məşğuldur.
Ancaq Qərbdəki dairələr bu deyilənlərə inanmayaraq, həmin Mərkəzin “təbii fəlakətlər”a qarşı mübarizə apardığını yox, “siyasi yanğınlar” törətdiyini düşünürlər.
Qeyd olunur ki, Rusiya ilə Qərb arasında səngiməyən qarşıdurma fonunda Balkan yarımadasının qərb hissəsi Avropanın kommunist kəsiminin hazırda NATO və Avropa İttifaqına daxil olmayan yeganə ərazi kimi qalıb.
O baxımdan, Qərbdə belə bir qənaət formalaşıb ki, Rusiya nəzərdə tutulan ölkələrin NATO-ya meyllənməsinin qarşısını almaq üçün kəskin addımlara da gedə bilər.
Bu çərçivədə Rusiyanın 2016-cı ildə Monteneqroda dövlət çevrilişinə cəhddə ittiham edilməsi xüsusi vurğulanır. O zaman Monteneqro hökuməti bununla bağlı Rusiyanı rəsmən ittiham etmişdi.
Eyni zamanda, bu il Yunanıstan da Makedoniyanın adına görə yerli millətçilərin qızışdırılmasında ittiham etdiyi Rusiyanın iki diplomatını ölkədən çıxarıb və Moskvaya etiraz notası göndərib.
www.yenicag.az