Kremlin təhlükəsizlik SINAĞI: 9 May paradında Ukrayna Moskvanı VURACAQ?

media-hightechnic-468x90

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu il də 9 May – “Qələbə Günü” münasibətilə Moskvada hərbi parad təşkil edəcək.

Lakin 2025-ci ilin siyasi və hərbi kontekstində bu parad əvvəlki illərdən fərqli olaraq sıradan bir mərasim deyil. Çünki Rusiya artıq təkcə İkinci Dünya müharibəsindəki qələbəni deyil, eyni zamanda da Ukrayna müharibəsi fonunda mövcudluğunu və gücünü sübut etməyə çalışır. Elə buna görə də Putin 8–10 may tarixlərini əhatə edən atəşkəs elan etməklə hərbi əməliyyatları müvəqqəti dayandırmağa qərar verdi. Formal səbəb “humanitar istirahət” kimi göstərilsə də, əsl məqsəd Moskva paradının təhlükəsizliyini təmin etməkdir.

Bu atəşkəs, əslində, paraddan daha çox, siyasi vitrin üçündür. Kreml dünyaya göstərmək istəyir ki, Rusiya nəinki hələ də “qələbə” ideyasını yaşadır, hətta geosiyasi güc mərkəzi kimi qayıtmaq iddiasındadır. Parad vasitəsilə beynəlxalq səhnədə təcriddən çıxdığını nümayiş etdirmək istəyən Moskva üçün hər şey qüsursuz olmalıdır. Lakin bu vitrin aksiyasının arxasında böyük bir risk gizlənir – təhlükəsizlik.

Əgər parad zamanı hər hansı təxribat və ya hücum baş versə, bu, Rusiyanın hərbi gücünün və daxili təhlükəsizlik sisteminin simvolik şəkildə iflasa uğraması anlamına gələcək. Hətta belə bir ssenari baş verərsə, Rusiya bir dövlət kimi yalnız beynəlxalq deyil, regional güc nüfuzunu da ciddi şəkildə itirə bilər. Çünki bir ölkə paytaxtında yüksək səviyyəli təhlükəsizliyi təmin edə bilmirsə, onun hərbi-siyasi ambisiyaları avtomatik şübhə altına düşür.

Ukrayna tərəfi isə bu vəziyyətdən strateji və diplomatik şəkildə istifadə edir. Prezident Volodimir Zelenski verdiyi açıqlamada belə deyir:

“Biz Rusiya ərazisində baş verəcək hər hansı hadisəyə görə məsuliyyət daşımırıq və bu səbəbdən də heç bir təhlükəsizlik zəmanəti verə bilmərik”.

Bu cümlə hər nə qədər neytral səslənsə də, arxa planında açıq mesaj var: Ukrayna bu mərasimi hədəfə ala bilər və bu zaman nəticələrə görə məsuliyyət daşımayacaq. Buradakı diplomatik zəriflik Zelenskinin siyasi üslubunun bir göstəricisidir. Faktiki olaraq, o, Rusiya liderliyinə və 9 May paradına qatılmaq istəyən xarici dövlət başçılarına bir siqnal göndərir: “risk sizindir”.

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermakın sosial mediada paylaşdığı simvolik foto isə bu diplomatik mesajların vizual təsdiqidir. Bu, həm Rusiya ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə 9 Mayın artıq yalnız tarix deyil, həm də real təhlükə mənbəyi olduğunu anlatmaq üçün düşünülmüş addımdır.

Odur ki, builki “Qələbə Paradı” Rusiyanın hərbi güc nümayişi olmaqdan daha çox onun geosiyasi iddialarının sınaq meydanına çevrilib. Kreml təhlükəsizliyi təmin etməklə yalnız paytaxtını deyil, həm də imicini qorumağa çalışır. Ancaq bu dəfə risk çox böyükdür: ya paraddan güclü çıxacaq, ya da paraddan sonra zəif görünəcək.

Rəfi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600