Ledi Qaqa 2 milyona dəyər, dəyməz?
Natiq Cəfərli: “Ledi Qaqa nöqteyi-nəzərindən baxanda…, Azərbaycan nöqteyi-nəzərindən baxanda…”
Fazil Mustafa: “O qədər pul verilməsinə dəyməzdi”
Mais Səfərli: “Düşünmürəm ki, bir mahnıya görə ona o qədər qonorar ödənilsin”
Məlumatlara görə, Avropa Oyunlarının açılış mərasimində öz mahnısı ilə iştirak edən məşhur müğənni Ledi Qaqaya buna görə 2 milyon dollar pul ödənilib. Görəsən, həmin şəxsə bir mahnıya görə bu qədər pul ödəməyə dəyərdimi?
Yenicag.az-a açıqlamasında REAL hərəkatının üzvü Natiq Cəfərli bildirdi ki, Ledi Qaqaya 2 milyon dollar verilməsi məsələsinə Azərbaycan nöqteyi-nəzərdən yanaşdıqda burada israfçılığın olduğu göz önündədir: “Bu ranqlı müğənnilərin qonorarı adətən çox yüksəkdir. Onun Azərbaycana gəlməsi, açılışda iştiraka razı salmaq, bir neçə gün Bakıda saxlamaq şərtilə gətirilməsi bu ranqlı müğənnilər üçün çox baha başa qiymətə gəlir. Bu mənada Ledi Qaqa nöqteyi-nəzərindən baxanda, onun açılış mərasimində iştiraka görə 2 milyon dollar almasında təəccüblü heç nə yoxdur. Azərbaycan nöqteyi-nəzərindən baxanda isə belə bir xərcləməyə getmək təbii ki, israfçılıqdır. Onsuz da Avropa Oyunlarına ciddi vəsait xərclənib. Lakin dünyaya mesaj üçün, oyunların açılışının önəmini qaldırmaq baxımından piar addımı kimi Ledi Qaqanın çıxışı bu haqda məlumatların xaricə daha çox yayılmasına səbəb oldu. Təşkilatçılar bir məsələni doğru-düzgün hesablamamışdılar. Ledi Qaqanın ölkəmizə gəlişi təbii olaraq, Azərbaycana marağı artırdı. Bu da yaxşı bir haldır. Amma ölkəmizə maraq birtərəfli artmadı. Azərbaycanla maraqlanaraq ondan yazan dünya mətbuatı ölkəmizdə olan problemlər haqqında da yazmağa başladı. Yəni burada ikili bir vəziyyət yarandı”.
Millət vəkili Fazil Mustafa da sözügedən müğənniyə 2 milyon dollar verilməsini qəbul etmədiyini dedi: “Ledi Qaqaya açılış törənində oxuduğu mahnıya görə o qədər pul verilməsinə dəyməzdi. Hesab edirəm ki, kompozisiya olaraq da kifayət qədər normal idi. Ledi Qaqanın oxuması da müsbət hal idi. Amma bu qədər məbləğə oxumasını açığı təsəvvür etməzdim”.
Yurddaş Partiyasının sədri Mais Səfərli isə bu qənaətdədir ki, belə tədbirlərdə oxuyan tanınmış xarici müğənnilərə normal qonorar ödənilməsinə normal baxır: “Ledi Qaqaya 2 milyon dollar pul verilməsi məsələsi qeyri-rəsmi söz-söhbətlərdir.
Düşünmürəm ki, bir mahnıya görə ona o qədər qonorar ödənilsin. Amma Ledi Qaqa dünya şöhrətli müğənnidir. Belə bir tədbirdə onun iştirakı tədbirə yeni bir bəzək, gözəllik gətirdi. Düşünürəm ki, ona normal qonorar da ödənilməlidir. Belə tədbirlərin tarixdə iz buraxması üçün hər şeyə gedilməlidir”.
ELÇİN