2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin varisi sayılan çeçen əsilli kriminal avtoritet “Şeyx Xəmzət”in yeni görüntüləri yayılıb.
Yenicag.az xəbər verir ki, yayılan görüntülərdə Xəmzət Qastəmirov həmyerlisi, çeçen “oğru”ların ağsaqqalı sayılan Aziz Batukaevlə canlı bağlantı qurur.
Kadrlardan göründüyü qədəri ilə Batukaev Qastəmirovla yeni veriləcək “proqon”u müzakirə edir. Aziz Batukaev həbsxanalara “proqon” göndərəcəyini bildirir. Rövşən Lənkəranskinin mənəvi qardaşı sayılan “Şeyx Xəmzət” isə öz növbəsində Batukaevə bildirir ki, “proqon”da yalnız hörmətli “oğru”ların adı olmalıdır.
Xatırladaq ki, Avropa kassasının nəzarətçisi olan Qastəmirov getdikcə həm əhatəsini, həm də gücünü artırır. İnanılmaz sərvətə sahib olan “Şeyx Xəmzət” indiki durumda düşmənləri üçün ciddi rəqibə çevrildiyini desək, yanılmarıq. Hər halda Batukaevin Qastəmirovla məsləhətləşməsini də bunun göstəricisi kimi hesab etmək olar.
Qeyd edək ki, “proqon” “oğru”ların verdiyi qərarın kütləyə çatdırılmasıdır.
www.yenicag.az