IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” adlı 2-ci plenar sessiya keçirilib.
APA-nın məlumatına görə, sessiyada çıxışı edən Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva bildirib ki, dünyada yoxsulluq və aclığı aradan qaldırmaqla, sülhsevər inklüziv cəmiyyətə nail olmaq mümkündür.
Onun sözlərinə görə, dünyada 870 milyon insan hələ də aclıq və az qidalanmadan əziyyət çəkir: “Bu elə bir zamanda olur ki, ərzağın 1/3 atılır. İqlim dəyişikliyi bu vəziyyəti daha da gərginləşdirir. Biz çalışmalıyıq ki, bu günün ərzağı gələcəyin ərzağı olsun. Beynəlxalq ictimaiyyət öz səylərini birləşdirərək ərzaq təhlükəsizliyi məsələsini mədəniyyətlərarası dialoqun gücləndirməsi vasitəsinə çevirməlidir. Hər kəsi dəvət edirəm ki, dialoqa hər zaman açıq olaq”.
BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasser ərzaq təhlükəsizliyi məsələsinin mədəniyyətlərarası dialoqun əsas elementlərdən biri olduğunu deyib. O bildirib ki, yeni iş yerləri yaratmaqla, gəncləri radikallaşmadan qorumaq olar: “Ərzaq təhlükəsizliyi işsizliyin aradan qaldırılmasında böyük rol oynayır. Biz aztəminatlı ölkələrdə müvafiq iş və məşğulluq şəraiti təmin etməliyik və bu da yerli mədəniyyətlə həmahəng olmalıdır. Son illər inkişaf edən ölkələrdə şəhərləşmə sürətlə artır. Bu, müvafiq infrastruktur üçün əlavə təhlükələr yaradır, bu isə iqtisadiyyata mənfi təsir göstərir. Bu fonda ərzaq təhlükəsizliyi məsələləri dəyərləndirilməlidir”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə Bakı prosesinin ilk günlərdən onun aktiv dəstəkləyicisi olan FAO-nun ərzaq təhlükəsizliyini insan təhlükəsizliyi səviyyəsində saxladığını bildirib. O qeyd edib ki, qida məsələsi heç də siyasi müzakirələrdən az əhəmiyyətli deyil: “Ərzaq özlüyündə adət-ənənələrin, iqlimin, ətraf mühitin, qonşuluğun təzahürüdür. Ərzağı birbaşa qəbul edəndə, ölkə, iqlim haqqında məlumat alırıq. Kulinariya həmin millətin qavranılmasının vacib keyfiyyətlərindən biridir. Ərzaq təhlükəsizliyi bir xalqın işi deyil. Biz buna görə məsuliyyət daşıyırıq”.
Sonra tədbir məruzələrlə davam etdirilib.
Yeniçağ.Az
www.yenicag.az