Bakıda bəzi yaşayış binalarında liftlərlə bağlı problemlərə rast gəlinir. Xüsusilə, köhnə tikililərdə belə hallar daha çox müşahidə olunur.
Bununla bağlı “Xəzər TV”-də yayımlanan “Xəbər ertəsi” verilişində maraqlı süjet efirə gedib. Süjetdə Xətai rayonu, Xudu Məmmədov 9 ünvanındakı doqquz mərtəbəli binadakı vəziyyət işıqlandırılıb. Eləcə də, ərazidə yaşayan sakinlərin də fikirlərinə yer verilib. Onların sözlərinə görə, digər yerlərdə liftlər yenilənsə də, sözügedən binada hələ bir dəyişiklik edilməyib: “Şikayət edirik, həmişə də deyirlər ki, vaxtı çatanda dəyişiləcək. Lift cümə günü xarab olduqda, düzəlməsi üçün bazar ertəsini gözləməli oluruq. Çünki qeyri- iş günləri heç kəs lifti düzəltmir”.
Oxşar vəziyyətlə hətta yeni tikililərdə də qarşılaşmaq olar. Xətai rayonu, Xudu Məmmədov küçəsi 18 ünvanındakı 16 mərtəbəli binanın liftləri yeni olsa da, yararsız haldadırlar. Sakinlər bildiriblər ki, tez-tez təmir olunan liftlər, elə tez də sıradan çıxır.
Əmlak məsələləri üzrə ekspert Vüqar Oruc deyib ki, problem əsasən, liftlərin istismar müddətində yox, inşaat işləri zamanı yaranır. Belə ki, bəzi tikinti şirkətləri xərclərini azaltmaq üçün ucuz liftlər almağa çalışırlar. Həmin qurğular da texniki cəhətdən zəif olduğundan istismar müddətləri daha az olur: “Texniki baxımdan o qədər də müasir olmayan liftlər 25- 30 il istismara dayanıqlı olur. Lakin yeni liftlərdə 5- 10 ildən sonra ciddi texniki problemlərlə qarşılaşırsan”
Ekspert bildirib ki, binaların tikintisi zamanı həmin qurğuların keyfiyyəti ciddi şəkildə nəzarətə götürülməlidir. Liftlərə nəzarət mütəmadi həyata keçirilməli, dəyişdirilməsinə ehtiyacı olan qurğular barəsində isə vaxt itirmədən tədbirlər görülsə, heç bir narazılıq da yaranmaz: “Hazırda sovet dövründə inşa edilmiş binalarda dəyişdirilməmiş liftlər var ki, onların istismarı çox ciddi təhlükə yaradır”.
Süjetdə Lifttəmir İstehsalat Birliyindən bildirilib ki, qurum paytaxtdakı mənzil-kommunal təsərrüfatı təşkilatlarının balansındakı binalarda 5 min 342 ədəd liftə müqavilə əsasında xidmət göstərir. Hər ay bu qurğulara növbəli şəkildə baxış keçirilir və yalnız texniki təhlükəsizliyə cavab verən liftlərin istismarına icazə verilir. Son illər ərzində isə Bakı şəhəri üzrə ümumilikdə 1206 lift yenisi ilə əvəzlənib. Həmçinin qeyd edildi ki, yeni tikili binaların liftlərinə nəzarət və təmir işləri həmin binaları tikən Mənzil-Tikinti Kooperativləri həyata keçirirlər.
www.yenicag.az