Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Səlifov Nadir Nəriman oğlunun azadlığa buraxılması ilə bağlı xəbər əsl şok effekti yaradıb.
Yenicag.az xəbər verir ki, “qanuni oğru”nun birdən-birə azadlığa çıxması və ya çıxarılması müəyyən suallar da doğurur.
Məsələ burasındadır ki, onun cəzasının müddəti 2020-ci ildə, fevralın 3-də başa çatacaqdı.
O, indiyədək əfv olunması ilə bağlı aidiyyatı qurumlara müraciət etməyi də özünə sığışdırmayıb. Görünür, Səlifov kriminal aləmin qanunlarına zidd olduğu üçün belə bir addım atmayıb. Lakin oğlundan fərqli olaraq “Lotu Quli”nin anası bir neçə dəfə əfv üçün müraciətlər edib. Amma ananın müraciətləri hər dəfə cavabsız qalıb.
Maraq üçün onu da qeyd edək ki, Nadir Səlifov 2005-ci ildə hakim Abdinbəyov Abid Kamil oğlunun qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
O, həmin vaxt aşağıdakı maddələrlə təqsirli bilinib:
Maddə 182. Hədə‐qorxu ilə tələbetmə
182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
Maddə 149. Zorlama
149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərərvurma
hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə;
149.2.5. təkrar törədildikdə
Maddə 317. Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma
317‐2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs
tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması
və ya istifadəsi
“Lotu Quli” 2011-ci ilin iyun ayının 4-də də “317.2.1” -lə 4 il 5 ay müddətinə cəzalandırılıb.
Məsələ burasındadır ki, həbsdə qalmaq “Lotu Quli”nin marağına uyğun idi. İlk dəfə həbs olunan zaman verilən cəzanın ayrı-ayrı maddələrlə uzadılması da məhz onun istəyi ilə idi. Əsasən, Rövşən Lənkəranskiyə görə, çıxmaq istəmədiyi bildirilirdi. Tərəflər arasında soyuq müharibənin getdiyi də heç kimdə şübhə doğurmurdu.
İş burasındadır ki, Lənkəranski 2013-cü ildə gürcü və kürd cinayət qruplaşmalarının lideri, ölkənin kriminal aləminin kralı adlandırılan Aslan Usoyanın (Ded Xasan) qətlinin sifarişçisi hesab olunurdu. Aydındır ki, Usoyanın adamları onun ölümünə görə intiqam almaq istəyirdilər. İntiqam almaq istəyənlər arasında adı ön sırada çəkilən şəxslərdən biri isə məhz “Lotu Quli” idi. Lakin maraqlıdır ki, Lənkəranski İstanbulda qətlə yetirilən zaman Nadir Səlifov onun ölümündən təəssüfləndiyini bildirib və buna görə məsuliyyət daşımadığını söyləyib.
İndi isə “Lotu Quli”nin artıq Gürcüstanda olması ilə bağlı xəbərlər dolaşır. Digər mənbələr isə onun Bakıdakı 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüldüyü bildirilir. Bu isə kriminal avtoritetlər üçün azadlığa çıxmağa bərabərdir. Belə ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinin yaxınlığındakı evlərin birində də qanunla yaşamağa icazə verilir. Görünür, “Lotu Quli” cəzasının bitməsinə 3 il qalmış məhz bu şərtlə “azadlığa buraxılıb”.
Qeyd edək ki, 45 yaşlı Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. O, 2000-ci ildə, hələ 27 yaşı olanda “taclandırılıb”.
www.yenicag.az