Maduronu bu “Yeddilik”dən biri əvəz edəcək, ya ABŞ-nin vassalı? – ADLAR
Venesuelanın paytaxtı Karakasda gecə saatlarında baş verən güclü partlayışlardan sonra ABŞ administrasiyası hücumun Prezident Donald Trampın göstərişi ilə həyata keçirildiyini rəsmi şəkildə təsdiqlədi. Tramp “Truth Social” hesabında Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin tutulduğunu və ölkədən çıxarıldığını bildirdi və bu barədə fotoları yaydı.
Bu iddialar beynəlxalq ictimaiyyətdə ziddiyyətli reaksiyalar doğurarkən, Venesuela xarici işlər naziri İvan Gil Maduronun hələ də ölkənin konstitusion prezidenti olduğunu açıqladı. Buna baxmayaraq, Maduro və Floresin yaxın günlərdə Nyu-Yorkda mühakimə oluna biləcəyi ehtimalları müzakirə olunur.
Bəzi siyasi müşahidəçilər hesab edir ki, Tramp administrasiyası Maduro rejiminin zəiflədiyini hesab edərsə, hərbi əməliyyatları dayandıra bilər. Lakin əsas sual budur: Maduro olmadan Bolivarcı sosialist sistem hakimiyyətdə qala bilərmi?
Hakimiyyət daxilində mümkün varislər
Delsi Rodriges (Vitse-prezident)
2018-ci ildən vitse-prezident olan Delsi Rodriges Maduroya ən yaxın fiqur sayılır. Onun keçid dövründə faktiki dövlət başçısı rolunu üzərinə götürməsi real ehtimal kimi qiymətləndirilir. Maduro da vaxtilə Uqo Çavesin vitse-prezidenti olmuşdu.
Diosdado Kabello (daxili işlər naziri)
Kabello hakim partiya və təhlükəsizlik strukturlarında güclü təsirə malikdir. Analitiklər onu Madurodan sonra daha sərt və avtoritar xətti davam etdirə biləcək fiqur kimi görürlər. Müxalifət Kabellonun hakimiyyətə gəlişinin repressiyaları artıra biləcəyini bildirir.
Vladimir Padrino Lopes (müdafiə naziri)
Ordu daxilində ən güclü simalardan biri sayılan Padrino Lopes xarici müdaxiləyə qarşı sərt mövqe tutur. ABŞ-ın Karakasa hava zərbələri zamanı onun iqamətgahının da hədəf alınması hərbi elitanın birbaşa təzyiq altında olduğunu göstərir.
İvan Ernandes Dala (Hərbi kəşfiyyat rəhbəri)
Keçid dövründə ordunun əsas rol oynaması halında, prezidentin mühafizə qüvvələrinin rəhbəri olan Ernandes Dalanın önə çıxacağı bildirilir. O, təhlükəsizlik aparatında yüksək təsir gücünə malikdir.
Xorxe Rodriges (Milli Assambleyanın sədri)
“Böhran meneceri” kimi tanınan Xorxe Rodriges həm dövlət mediası, həm də siyasi danışıqlar üzərində təsirə sahibdir. 2020-ci ildən parlamentin sədri olması onu Maduro sonrası prosesdə mühüm siyasi fiqura çevirir.
Müxalifət ssenarisi
Sosialist hakimiyyətin çökməsi halında müxalifətin ən güclü lideri kimi Mariya Korina Maçado önə çıxır. Onun 2023-cü il seçkilərində namizədliyi əngəllənmişdi.
ABŞ mediasında yayımlanan analizlərdə Maçado və onun müttəfiqi Edmundo Qonsales Madurodan sonra hakimiyyət boşluğunu doldura biləcək əsas adlar kimi göstərilir. Qonsales 2024-cü il seçkilərində müxalifətin vahid namizədi olmuşdu.
ABŞ-ın mümkün planı
CNN International-ın məlumatına görə, Tramp administrasiyası Maduronun hakimiyyətdən getməsi halında Venesuelada yaranacaq boşluğun idarə olunması ilə bağlı həftələrdir gizli planlar hazırlayır. Bu planların əsas istiqamətinin Edmundo Qonsales ətrafında müxalif siyasi strukturun formalaşdırılması olduğu bildirilir.
Bununla belə, ABŞ Dövlət katibi Marko Rubio Venesuelada sabitliyin necə təmin ediləcəyi ilə bağlı suallardan yayınaraq, Vaşinqtonun rəsmi mövqeyinin hələ də qeyri-müəyyən olduğunu göstərib.
“Yeni Çağ” Təhlil Qrupu












