Mahir oğruya 5 il həbs verildi
Nərimanov rayon Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Kamran Pirquliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Yenicag.az lent.az-a istinadən bildirir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Kamran Pirquliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Kamran Pirquliyev tutulub.
O, ötən ilin sentyabrın 2-də Bakı şəhər sakini Elşən İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən şüşəni çıxarmaq yolu ilə 430 manat, sentyabrın 4-nə keçən gecə Zaur Məmmədova məxsus “Niva” markalı avtomobildən şüşəni çıxarmaq yolu ilə 3 manat oğurlayıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Rüfət Orucovun, Rəhman Salamzadənin, Ruslan Nəsibovun və Ədalət Manafovun avtomobillərindən pul, qol saatı, 4 ədəd telefon, ətir, eynək, tütün məmulatı, kredit kartı və yaddaş kartı oğurlaması da müəyyən edilib.