“Makron hökumətinin ömrü o qədər də çox qalmayıb. Gec-tez xalq özü onu və onun siyasətçilərini cəzalandıracaq”.
Bunu Yenicag.az-a açıqlamasında Fransanın Azərbaycanı, onu daxili işlərinə qarışmaqla ittiham etməsinə münasibət bildirən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, biz hər zaman Fransadan bəşəriyyət və dünya üçün tarixə düşən addımlar müşahidə etmişik&
“Ancaq təəssüflər olsun ki, Makron hökuməti Fransanın imicini rəzil vəziyyətə gətirib. Xüsusilə müstəmləkə siyasətini XXI əsrə qədər daşımaq və orta əsrlər yanaşması ilə xalqları idarə etmək, eyni zamanda onların bütün hüquqlarını əlindən almaq beynəlxalq hüququn prinsiplərinə ziddir. Azərbaycan öz azadlığı uğrunda mübarizə aparanlara dəstək verməkdən çəkinmir. Afrikadakı Fransa qoşunları çıxarılmalıdır. Bu proses artıq başlayıb”.
Millət vəkili əlavə edib ki, biz ədalətli mövqedən çıxış edirik:
“Çünki faktiki olaraq Fransanın yürütdüyü soyqırımı siyasəti qəbuledilməzdir. Bir sözlə, Fransa öz daxili problemlərini həll etmədən başqa dövlətlərə yol göstərə bilməz. Görün nə qədər rəzil və gülməli durumdadır ki, öz daxili problemlərində belə günahkar olaraq Azərbaycan görür”.
“Eyni zamanda, bu, Azərbaycanın günü-gündən artan gücündən də xəbər verir. Makron hökumətinin ömrü o qədər də çox qalmayıb. Gec-tez xalq özü onu və onun siyasətçilərini cəzalandıracaq. Erməni lobbisinin rüşvət siyasətinə dadananlar da səhnədən silinib gedəcəklər. Yeni siyasi qüvvələr hakimiyyətə gəldikdən sonra hələ uzun illər Makronun səhvlərini düzəltməklə məşğul olacaqlar. Eyni zamanda Azərbaycanla münasibətləri yenidən nəzərdən keçirəcəklər”, – deyə o, bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az