Malayziyanın təyyarəsinin vurulması onun planını alt-üst etdi”
Ukraynada vəziyyət yenidən gərginləşib. Ordu qüvvələri bütün cəbhə boyu hücuma keçərək separatçıların əlində olan əraziləri geri almağa başlayıblar. Artıq bəzi şəhərlər mühasirə altındadır. Ukrayna ordusunun bu hücumu separatçılara psixoloji cəhətdən mənfi təsir göstərir, onların bəziləri artıq öz mübarizələrinin nəticə verməyəcəyinə inanmırlar. Qondarma “Donetsk Xalq Respublikası”nın “baş komandanı” İqor Girkinin bu sözləri separatçılar arasında yaranan psixoloji sarsıntının ən bariz nümunəsidir: “Rusiya nəhayət, qərar verməlidir ki, Donbassdakı rusları müdafiə edəcək, yoxsa onları birdəfəlik satacaq?! Qalan başqa şeylər üçün vaxt itirilib. Üç aylıq fəaliyyətsizlik düşmənin öz qüvvələrini artırmasına və döyüş qabiliyyətli ordu yaratmasına imkan verib”.
Vəziyyəti şərh edən hüquqşunas Rafael Qasımov bunun gözlənilməz olmadığını bildirdir. Onun sözlərinə görə, Rusiyanın bölgəyə açıq-aşkar hərbi müdaxilə etmək şansı qeyri-mümkündür: “Beynəlxalq hüquq normalarına görə bu cür hərbi müdaxilələr yalnız beynəlxalq birliyin razılığı ilə həyata keçirilə bilər. Rusiya İqor Girkinin istəyi istiqamətində addım atmaq üçün ilk növbədə bu məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxarmalıdır. Ordan isə müsbət cavab almayacağı indidən bəllidir”.
Baxmayaraq ki, dünya təcrübəsində BMT-nin TŞ-nin razılığı olmadan başqa ölkələrə hərbi müdaxilə etmək hadisəsi var və bunun ən bariz nümunəsi ABŞ-ın Əfqanıstanı işğalıdır, bununla belə Rafael Qasımov Rusiyanın eyni cəsarəti göstərəcəyinə inanmır: “Əvvəla, ona görə ki, Ukrayna Əfqanıstandan fərqli olaraq Avropa ərazisində yerləşir və hədəfi Avropa Birliyinə inteqrasiyadır. Əslində Rusiyanın bu ölkəyə aqressiv münasibəti də məhz bu istəyin qarşısını almağa yönəlib. Bu məqsədlə də guya Ukraynanın bəzi bölgələrində Rusiyaya simpatiyayla baxan insanların iradəsini ortaya qoyaraq hadisələri öz xeyrinə dəyişməyə çalışır, onlara gizli yolla hərbi sursat və silah verir. Separatçıların təcrübəsizliyi nəticəsində Malayziyanın mülki təyyarəsinin vurulması onun bu planını da alt-üst etdi. İndi Rusiya eyni səhvi edib daha böyük skandallar yaşamaq istəmir.
İkincisi, Rusiya, sözsüz ki, ABŞ qədər iqtisadi cəhətdən güclü dövlət deyil. Özünə qarşı həyata keçiriləcək daha ağır iqtisadi sanksiyalardan dərhal mənfi yöndə təsirlənə və çökə bilər. Rusiyanın hardasa inkişaf etmiş bütün dünya dövlətlərinə qarşı müharibə aparmağa iqtisadi qüdrəti çatmadığından belə bir risqin altına girməsi də mümkün görünmür.
Ən əsası isə özüylə eyni etnik kimliyə sahib Ukraynaya qarşı müharibəyə girməsi iki slavyan xalqı arasında bərpası uzun illər mümkün olmayan güvənsizlik və düşmənçilik hissi yarada bilər. Bu isə Rusiyanın böyük dövlət olmaq potensialının tamamilə sıradan çıxarılması deməkdir. Mənə qalsa, rəsmi Moskva əvvəlcədən də Qərbi Ukraynada aktiv hərbi fəaliyyətə başlamamalı, Krımın ilhaqıyla kifayətlənməliydi. Onun Qərbi Ukraynayla bağlı verdiyi tələsik qərar hərbi və geosrtateji addım baxımından səhv idi və rəsmi Moskva bunun acı meyvələrini dadmağa başlayır. Bundan sonra böyük ehtimalla bu geriçəkilmə Krımda da yaşanacaq və Rusiyanın həm dünya, həm də yerli ictimai rəydə nüfuzunun aşağı düşməsiylə nəticələnəcək. Mən hətta gözlənilən Ukrayna məğlubiyyətindən sonra narazılıq dalğasının Rusiyanın özünü də bürüyəcəyindən ehtiyatlanıram”.