Marketlərdəki çərəzlər zəhər saçır: "Köhnəliyi gizlətmək üçün bu üsula əl atırlar" - XƏBƏRDARLIQ
Son dövrlər bazar və marketlərdə satılan çərəzlərin keyfiyyəti ilə bağlı narahatlıqlar artmaqdadır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, düzgün seçilməyən və saxlanma qaydalarına əməl olunmayan çərəzlər sağlam qida olmaq əvəzinə, orqanizm üçün ciddi təhlükə yarada bilər.
Mövzu barədə Yenicag.az-a açıqlama verən qida eksperti Məhsəti Hüseynova, çərəzlərin seçimi və istifadəsi zamanı diqqət yetirilməli olan məqamlardan danışıb.
Qida eksperti bildirib ki, çərəzlər sağlam qidalanmanın vacib hissəsi olsa da, keyfiyyətsiz məhsullar müxtəlif risklər formalaşdırır:
“Çərəzləri alarkən mütləq keyfiyyətinə diqqət yetirmək lazımdır. Düzgün saxlanılmayan, qurudulma qaydalarına əməl olunmayan və ya tərkibində kimyəvi qatqılar olan çərəzlər sağlamlığa zərər verə bilər. Xüsusilə kiflənmə zamanı yaranan aflatoksin zəhərləyici maddədir və ciddi fəsadlara səbəb ola bilər”.
Məhsəti Hüseynova qeyd edib ki, ən faydalı çərəzlər iri, eyni ölçülü, qırılmamış və mümkün qədər qabıqlı olanlardır.
“Qoz, fındıq və badam kimi çərəzləri qabıqlı alıb istifadə etməzdən əvvəl sındırmaq daha məqsədəuyğundur. Hazır ləpələnmiş məhsullarda isə rəng, qoxu və görünüş əsas göstəricilərdən sayılır”.
Ekspert əlavə edib ki, rütubətli və uyğun olmayan şəraitdə saxlanılan çərəzlərdə mikrobioloji çirklənmə baş verə bilər. Bu isə məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, sağlamlıq üçün də risk yaradır. Ağızda acı dad verən çərəzlərin isə köhnə olduğunu və tərkibindəki yağların oksidləşdiyini bildirib.
“Mənşəyi bəlli olmayan yerlərdə köhnə və vaxtı keçmiş çərəzlər çox zaman qovrulmuş və ya duzlanmış halda satışa çıxarılır. Bu da məhsulun köhnəliyini gizlətmək məqsədi daşıyır. Həddindən artıq qovrulmuş çərəzlərdə zərərli birləşmələr yarana, çox duzlu məhsullar isə xüsusilə hipertoniyadan əziyyət çəkən şəxslərə ziyan vura bilər”.
Ekspert sonda çərəzlərin etibarlı, dövlət nəzarətindən keçmiş, üstü bağlı və tərkibində kimyəvi qatqı olmayan məhsullardan seçilməsini tövsiyə edib. O, həmçinin çərəzlərin günün birinci yarısında və bir ovucu keçməyəcək miqdarda qəbul edilməsinin daha düzgün olduğunu bildirib. Axşam saatlarında və normadan artıq istifadə isə artıq çəki və piylənmə riskini artıra bilər.
Samir Məcidov












