Marketlərdəki "rəng tələsi": Bizi necə aldadırlar? – Qida ekspertindən VACİB XƏBƏRDARLIQ
Market rəflərində diqqətimizi ilk çəkən məqamlardan biri qida məhsullarının qablaşdırması və üzərində istifadə olunan rənglərdir. Bir çox hallarda istehlakçılar bu rənglərə əsasən məhsulun daha keyfiyyətli, sağlam və ya premium olduğunu düşünür. Lakin mütəxəssislər bildirir ki, qablaşdırmada istifadə olunan rənglər hər zaman məhsulun real keyfiyyətini əks etdirmir.
Bu barədə Yenicag.az-a açıqlamasında qida eksperti Məhsəti Hüseynova bildirib ki, qida məhsullarının qablaşdırılmasında istifadə olunan rənglər əsasən psixoloji təsir məqsədi daşıyır və istehlakçıların diqqətini cəlb etməyə yönəlib:
“Qida məhsullarının qablaşdırılmasında istifadə olunan rənglərin müxtəlif mənaları olsa da, əsas məqsəd istehlakçıya psixoloji təsir göstərməkdir. Rənglər heç də hər zaman keyfiyyət göstəricisi deyil. Amma istehlakçılar daha çox görüntüyə aldanır və bəzən buna inanırlar. Çünki etiket məlumatlarını oxumaq və araşdırmaq hər kəs üçün asan olmur”.
Ekspert qeyd edib ki, qırmızı rəng daha çox fast-fud məhsullarında, şirniyyatlarda və qazlı içkilərdə istifadə olunur və bu, iştahaaçan, enerji və həyəcanverici təsir yaradır:
“Yaşıl rəng isə əsasən sağlam həyat tərzi, orqanik və təbii məhsul imici yaratmaq üçün seçilir. Lakin qablaşdırmada yaşıl rəngin və ya “orqanik”, “bio”, “təbii” sözlərinin yer alması məhsulun həqiqətən də bu xüsusiyyətlərə malik olması demək deyil”.
Sonda Məhsəti Hüseynova istehlakçılara çağırış edərək bildirib ki, rənglərin simvolik mənalarına aldanmaq olmaz:
“İstehlakçılar mütləq şəkildə qablaşdırmaya, etiket məlumatlarına, məhsulun mənşəyinə və alındığı yerin etibarlılığına diqqət yetirməlidirlər. Rənglər keyfiyyət göstəricisi deyil, əsas olan məlumatlı seçimdir”.
Ətraflı videomaterialda:
Samir Məcid












