Masazır qəsəbəsində avtobus problemi ilə bağlı vətəndaş müraciətləri nəzərə alınır. Hazırda xətt üzrə 18 avtobus işləyir və onların hərəkət intervalları 8 dəqiqədir. Lakin pik saatlarda tıxac səbəbindən gecikmələr müşahidə edilir. Mövcud problemlərin həlli üçün marşrutun müvəqqəti istismarçısına avtobus parkının yenilənməsi ilə bağlı tapşırıq verilib və məsələ nəzarətdə saxlanılır.
Bunu Axar.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov 525 nömrəli avtobus marşrutu ilə bağlı narazılıqlara münasibət bildirərkən deyib.
Tural Orucov həmçinin vətəndaşları narazılıq və təkliflərini bildirmək üçün AYNA-nın 141 Çağrı Mərkəzinə və sosial şəbəkə hesablarına müraciət etməyə çağırıb:
“İctimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi üçün vətəndaşlardan daxil olan müraciətlər bizim üçün önəmlidir. Sərnişinlər 141 Çağrı Mərkəzinə və sosial şəbəkələrimizə müraciət edərək mövcud problemləri bizə bildirə bilərlər. Hazırda Bakı kənd və qəsəbələrində mobilliyin transformasiyası proqramı icra edilir və bu çərçivədə artıq Hövsan, Şüvəlan, Mərdəkan, Bilgəh, Zirə, Şağan və Qala qəsəbələrində yeni avtobuslar istifadəyə verilib. Bu prosesin Masazırda da davam etdirilməsi nəzərdə tutulur”.
www.yenicag.az