MEDİA ilə başlayan yeni DÖNƏM: "Yeni mexanizmin əsas hədəfi peşəkar jurnalistikanı qorumaqdır"
“Yeni mexanizmin əsas hədəflərindən biri peşəkar jurnalistikanı qorumaq və möhkəmləndirməkdir”.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) onlayn media subyektləri ilə bağlı müsabiqə üçün gətirdiyi yeniliklər barədə fikirlərini səsləndirən Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında deyib.
Media eksperti bildirib ki, agentliyin media subyektləri üçün elan etdiyi yeni yardım müsabiqəsi əvvəlkilərlə müqayisədə daha geniş imkanlar təqdim edir:
“Bu dəfə həm maliyyə dəstəyinin həcmi artırılıb, həm də redaksiyaların tərkibi və əməkhaqqı ilə bağlı tələblər dəyişdirilib. Sözügedən yeniliklər media sektorunda keyfiyyət artımını stimullaşdırmağa yönəlib. Qəbul edilən dəyişikliklər həm medianın institusional güclənməsi, həm də jurnalistlərin sosial rifahının yaxşılaşdırılması baxımından əhəmiyyətli addım hesab olunur.
Əvvəlki mərhələlərdə onlayn media qurumları altı ay boyunca hər ay 3000 manat maliyyə yardımı alırdılar. Yeni qərara əsasən, yardımların həcmi 5000 manata çatdırılıb. İndiki artım redaksiyaların maliyyə dayanıqlığını gücləndirəcək, onların istehsal imkanlarını artıracaq və daha çox resursa sahib olmalarına şərait yaradacaq”.
Ekspertin fikrincə, yenilənmiş qaydalarda diqqət çəkən digər vacib məqam redaksiya heyətinə dair konkret tələblərin müəyyən edilməsidir:
“Müsabiqəyə qatılan media subyektinin tərkibində bir məsul redaktor və ən azı üç jurnalist olmaqla, dörd nəfərlik komanda olmalıdır. Bundan əlavə, bu əməkdaşların hər biri üçün minimum aylıq əməkhaqqı 800 manat müəyyən edilib. Bu şərt formal tələbdən daha çox, sosial məsuliyyət nümunəsidir. Əməkhaqqının artırılması jurnalistlərin iş motivasiyasını yüksəldəcək, peşəkarlığın inkişafına təkan verəcək və redaksiyalarda daha stabil iş mühiti yaradacaq”.
Yeni mexanizmin əsas hədəflərindən birinin peşəkar jurnalistikanı qorumaq və möhkəmləndirmək olduğunu bildirən M. Ələsgərli sözlərini belə yekunlaşdırıb:
“Bu gün sosial şəbəkələrin təsirinin artması, reklamvericilərin diqqətinin daha çox rəqəmsal platformalara yönəlməsi ənənəvi medianın gəlir imkanlarını məhdudlaşdırır. Belə şəraitdə dövlət dəstəyi peşəkarlığın zəifləməsinin qarşısını almağa kömək edir.
Ümumilikdə bu yeniliklər media subyektlərinə daha keyfiyyətli məzmun istehsal etməyə, jurnalistlərin sosial təminatını yaxşılaşdırmağa və bütövlükdə informasiya mühitinin sağlam inkişafına xidmət edəcək. Bu dəyişikliklərin yaxın perspektivdə redaksiyaların fəaliyyət standartlarına və cəmiyyətin informasiya mənbələrinə olan inamına müsbət təsir göstərəcəyini düşünürəm”.
Nəsimi Ələsgərli












