“Xəyanət edən insan, əgər ailə birliyinin toxunulmazlığına zərər verirsə, bu, ilk olaraq özünün mənəviyyatsızlığının sübutudur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
O, cütlüklər arasında xəyanətin son vaxtlar geniş vüsət almasının səbəblərini izah edib.
Sosioloqun sözlərinə görə, mənəviyyatı olan insan evli olduğu halda öz ailəsinin müqəddəsliyini pis əməllərlə pozursa, buna zərər verirsə, o, qarşı tərəfdənsə, daha çox özünə xəyanət etmiş olur.
“Ailəli olan hər bir şəxsin bu bütövlüyü qorumaq borcudur. Hər cür mənəviyyatsızlıqdan, namussuzluğdan və pis əməldən uzaq durmaq lazımdır. Əgər bunlar gözdən keçirilmirsə, ailəli qalmağın özü də düzgün deyil. Ailə o deməkdir ki, hər iki tərəf bir-birinə sadiq olacaq. Əgər, güvən, inam yoxdursa, o ailə sadəcə olaraq kağız üzərində mövcuddur”, – deyə o əlavə edib.
L. Mehralının fikrincə insanı xəyanətə aparan yollar mənəviyyat və əxlaqsızlıqdan irəli gəlir:
“Xəyanətə aparan yollar müxtəlifdir. Lakin bütün yolların gedib-çıxdığı bir nəticə var. O da xəyanət edən insanın mənəviyyatsızlığıdır. Hətta belə insanlar qarşı tərəfdən qayğı, istilik, hörmət görmədiklərini dilə gətirərək özlərinə haqq qazandırırlar. Səbəbindən asılı olmayaraq, əgər hər hansısa, bir qadın və ya kişi öz həyat yoldaşına xəyanət edirsə, bunun səbəbi qarşı tərəfin göstərdiyi münasibət deyil. Bunun səbəbi insanın öz əxlaqsızlığıdır”.
Sosioloq ailə dəyərlərindən, ailənin müqəddəsliyindən də söz açıb:
“Ailə dəyərləri və ailədə olan müqəddəslik çox önəmli bir situasiyadır. Evli cütlüklər bir-birlərini sevməsələr də, bu dəyərlərə sadiq qalmağa borcludurlar. Ona görə də hər kəs bu məsuliyyəti öz üzərinə götürmür”.
Mayıl Soltanov
www.yenicag.az