“Məni belə cavan və gözəl saxlayan sevgidir… Ailəmin, xalqımın sevgisi məni yaşadır”.
Bunu bu gün doğum günü olan Xalq artisti Mələkxanım Əyyubova təəssüratlarını bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.
O, hər doğum günündə Allahın ona bəxş etidyi hədiyyələrə görə minnətdarlıq etdiyini bildirib:
“Allahdan ən böyük hədiyyəmi almışam. Mənə istedad, səs, xalq sevgisi və dövlət qayğısı verib. Bundan gözəl hansı hədiyyə ola bilər?
O qədər zahiri gözlliklər var ki… Amma önəmli olan odur ki, daxili gözəlliklərin üzə vurmasıdır. Məni də gənc, təravətli saxlayan sevgidir: xalqın, ailəmin sevgisi, dövlətimin mənə verdiyi dəyərdir.
Sənət aləmində illərdir ki, bu sevgi və hörməti qoruyub saxlamaq, bir dəfə də olsun sənətinə və şəxsiyyətinə xələl gətirməmək əlbəttə çox çətindir. Hər adam buna tab gətirə bilmir. O qədər çətin və məsuliyyətli olsa da, mən dözmüşəm. Bu dözüm də daxili gücümdən irəli gəlib. Şəxsiyyətimə və sənətimə, ailəmə verdiyim dəyərin nəticəsidir ki, hər zaman özümü o pisliklərdən qoruyb saxlamışam. Bəzən elə məqam yaranır ki, deyim-deməyimmi düşünərək, təvazökarlıqdan kənara çıxmalı olursan. Amma bunları mütləq deməlisən. Mən ailəmi də qorumuşam, ailəmin ləyəqətini də. Hər zaman xalqımın, dövlətimin yanında olmuşam, həm mədəniyyətim, həm davranışım, həm sənətimlə xidmət etmişəm. Həmişə çalışmışam gənclərə örnək olum. Səhnədə yalnız ifamla yox, həm də estetik görünüşümlə də nümunə olum. Çünki bu, incə sənətdir, yalnız səs və sənət rol oynamır, gərək gözəl görünüşünlə də bir estetik zövq bəxş edəsən, pozitiv enerji ötürəsən. Bunların hamısını bir araya gətirmək çox çətindir. Allahıma minnətdaram ki, bunu bacarmaq üçün lazım olan o güc və enerjini mənə verib”.
Cəvahir
www.yenicag.az