“Türkiyənin Suriyadakı əsas hərbi qruplaşmaları ilə anlaşması Əsəd rejiminə sərf etmir”.
Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Suriyada proseslərin mümkün inkişafını dəyərləndirən Yaxın Şərq problemləri üzrə Rusiyalı ekspert Kiril Semyonov deyib.
Kiril Semyonov bildirib ki, Rusiyanın Suriyaya S-300 raket kompleksləri göndərməsi həmin sistemlərin Əsəd rejiminin istifadəsində olacağı anlamına gəlmir:
“Bu, hər şeydən əvvəl nümayişkar bir jestdir. Rusiya öz təyyarəsinin vurulmasına hər hansı formada cavab verməli idi və bu gözlənilən cavabdır. Demək olmaz ki, Suriyaya göndərilən S-300 raketlərindən sırf İsrail əleyhinə istifadə olunacaq. Ancaq o da var ki, Rusiyanın Suriyadakı hərbi bazalarının yerləşdiyi ərazilərin İsrailin hava hücumlarından qorunmasında S-300-lər mühüm rol oynayacaq”.
Semyonov hesab edir ki, bu məsələ Rusiya ilə İsrail arasında pərdəarxası müzakirə mövzusu ola bilər: “O danışıqlarda həm də Suriyanın nəzərdə tutulan regionlarından İranpərəst qüvvələrin, hərbi bazalar və müşavirlərin çıxarılması məsələsinə baxıla bilər.”.
Türkiyənin “Həyat Təhrir əş-Şam” qruplaşması ilə anlaşmasına dair məlumatı şərh edən ekspert bildirib ki, bu xəbərlərin rəsmən təsdiqlənməsinə ehtiyac var:
“Ola bilər ki, həmin məlumatların yayılması Türkiyənin “Həyat Təhrir əş-Şam”la danışıqlarının pozulması məqsədi ilə yayılıb. Çünki belə bir anlaşmanın əldə olunması Əsəd rejiminə heç cür sərf etmir və onun İdlibdə hərbi əməliyyat keçirmək üçün yararlandığı “terrorçular” bəhanəsini aradan qaldırır.
Ancaq mən belə hesab edirəm ki, “Həyat Təhrir əş-Şam” üzvlərinin əksəriyyəti Türkiyənin nəzarətində yaradılan Milli Qurtuluş Cəbhəsinə daxil olacaq”.
Semyonov Türkiyə ilə ABŞ arasında əldə olunmuş birgə patrul fəaliyyəti haqqında anlaşmanın icrası haqqında bunları deyib:
“Hələlik tərəflər arasında Türkiyə hərbçilərinin Mənbicə girmələrini təmin edəcək konkret razılaşma yoxdur. Ancaq Türkiyə ilə ABŞ-ın hazırladığı “Yol xəritəsi”nə əsasən, Mənbic Türkiyənin nəzarətinə keçməlidir.
Deyə bilərik ki, ABŞ-Türkiyə münasibətləri normallaşacaq – bu həm də xüsusilə Suriyadakı kürd məsələsinə aiddir”.
www.yenicag.az